Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-897/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, həmçinin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc verilmiş 100000(yüz min) ABŞ dollarıının Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirmədiyi üçün əldən çıxmış fayda olaraq 10000(on min) ABŞ dolları, mənəvi zərər olaraq 20000 manat və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc verilmiş 100000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 24,63 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın əldən çıxmış fayda olaraq 10000 ABŞ dolları və mənəvi zərər olaraq 20000 manat məbləğində pul tələbi hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf olaraq iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir kredit və borc öhdəlikləri olmamışdır. Tərəflər arasında olan münasibətlər ticari - birgə fəaliyyətlə bağlı münasibətlər olmuşdur ki, bu birgə fəaliyyət tərəflərin zərərə uğraması səbəbi ilə baş tutmamışdır. Belə ki, iddiaçının təşəbbüsü ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsi və üzərində olan tikililərdə müəyyən miqdarda vəsait sərf edilməklə birgə fəaliyyət (toyuq-cücə kəsimi) göstərmişdirlər. Bu məqsədlə qarşılıqlı razılaşmaya əsasən, iddiaçı tərəfindən birgə fəaliyyətin məqsədləri üçün müəyyən miqdarda pul vəsaiti yatırılmışdır. Sonradan yenə iddiaçının təşəbbüsü ilə birgə fəaliyyətin zərərlə davam etdiyi bildirilərək, birgə fəaliyyətin dayandırılması və onun tərəfindən qoyulmuş pul vəsaitinin əldə edilməsi nəzərdə tutulan xeyiri gəlirlərlə birgə cavabdehdən tələb etmiş, buna etirazını bildirən Cavabdeh qarşı təzyiq və hədə-qorxu ilə təsir edərək onunla borc müqaviləsinin bağlanılmasına məcbur etmişdir. Halbuki, tərəflər arasında olan razılaşmaya görə birgə fəaliyyətin zərəri üçün cavabdehin maddi məsuliyyəti nəzərdə tutulmamışdır. Tərəflər arasında olan qarşılıqlı münasibətlərdən də görünür ki, iddiaçı qeyd edilən məbləğdə yəni 100.000 ABŞ dolları məbləğində pul vəsaitini müqavilə bağlanılan vaxt, ondan əvvəl və sonra Cavabdeh verməmişdir. Nəzərə alsaq ki, kredit və borc müqavilələri real müqavilələrə aiddir, bu zaman, müqavilə bağlanılsa da, pul vəsaitinin verilməməsi səbəbindən həmin pul vəsaitinin tələb edilməsi də əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə baxışı zamanı qeyd edilən xüsusatlar dəfələrlə və əsaslandırılmış şəkildə qeyd edilməsinə baxmayaraq, məhkəmə bu istiqamətdə araşdırma aparmaqdan demək olar ki, imtina etmişdir. Hətta bu xüsusatları təsdiq edən sübutları və sənədləri araşdırmaqdan bu işə heç bir aidiyyatı yoxdur deyə imtina etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni qeyd edilən müqavilə üzrə verilməli olan pul vəsaitini Cavabdeh verməmişdir. Müqavilə üzrə öhdəliyin bir tərəfdən (borc verən) icra edilməməsi digər tərəfdən həmin müqavilədən irəli gələn öhdəliklərin icra etməməsinə görə məsuliyyətinin yaranmasına səbəb ola bilməz. Bu qaydalar Mülki Məcəllə ilə öhdəliklərə dair müddəalarda da öz əksini tapmışdır. Bundan əlavə, məhkəmə tərəfindən araşdırılmamışdır ki, Bakı şəhər, 18 saylı notariat konturunun xx.xx.2018-ci il tarixli, 8İ-421 reyestrli icra qeydi icra olunmadan geri qaytarılmışdır. Tələb edilən pul vəsaitinin notariusun icra qeydi əsasında geri qaytarılmasının mahiyyəti və hüquqi nəticələrinin hazırki iddia tələbi üzrə qəbul edilən qətnamənin nəticələrinə təsiri nəzərə alınmamışdır. Belə ki, iddiaçının icra qeydinə əsasən tələb etdiyi pul vəsaiti ilə hazırki iddia tələbi eyni məzmunlu olmuş, icra qeydinin geri qaytarılması hazırki tələbin qanuniliyinə təsir göstərir. İddiaçının guya vermiş olduğu pul vəsaitinin qaytarılmasına dair icra vərəqəsi verilmiş icra sənədinin məhkəməyə qaytarılmasının əsasları hazırki iddia tələbini istisna etmişdir. Binəqədi rayon İcra və Probosiya şöbəsi tərəfindən icra sənədinin geri qaytarılması əsasları da qanuni və əsaslı olmamışdır. Lakin bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmiş və məhkəmədən təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 100.000 (yüz min) ABŞ dolları məbləğində pul borc verir, sonuncu isə həmin borcu xx.xx.2019-cu il tarixinədək hər ay 6666.60 ABŞ dolları qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan da görünür ki, qətnamənin yalnız iddianın təmin edilən hissəsi mübahisələndirilir. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, təmin edilməyən hissədə və cavabdehə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan kredit müqaviləsi bağlanmamışdan əvvəl yaxud sonra ona hər-hansı məbləğin verilmədiyini, bu əqdin təzyiq və hədə-qorxu nəticəsində bağlanıldığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsini təzyiq və hədə-qorxu nəticəsində bağlandığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh bunu təzyiq və hədə-qorxu altında bağladığını, iddiaçıdan pul almadığını, sadəcə onunla toyuq-cücə kəsimi fəaliyyəti ilə məşğul olduğunu, birgə fəaliyyətin zərəri üçün onun maddi məsuliyyəti nəzərdə tutulmadığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Yalnız, bunun təzyiq və hədə-qorxu altında bağladığını qeyd etsə də, bu təzyiqin və hədəqorxunun, o cümlədən qanunsuz hərəkətlərin nədən ibarət olduğunu açıqlamır. Buna görə də, həm qeyd olunan halları, həm də notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə nağd pul almadığını yaxud müqavilənin təzyiq və hədə-qorxu altında bağladığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayəti üzrə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-897/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-897/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver