Məhkəmə qərarları › İş №2(103)-899/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-899/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-899/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun, hesablanmış faizlərin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)-1533/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO “xxxx” ASC cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ASC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 11/0023/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək 3464,85 ABŞ dolları əsas, 500,49 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3965,34 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30,40 manat məbləğində məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı məbləğinin tutulub ASC-nin xeyrinə ödənilməsi, tutmanın RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanılmış 26.11.2015-ci il tarixli, 11/0023/KBK saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə 36 ay müddətinə, illik 23% faiz dərəcəsi ilə 6000 ABŞ dolları məbləğində kredit verilmiş, daha sonra Cavabdeh1 və Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 12.02.2016-cı il tarixli Sazişə əsasən 26.11.2015-ci il tarixli, 11/0023/KBK saylı Kredit müqaviləsi restruktizasiya olunaraq, kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilib kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləğinə əsas borc faizindən qalan ABŞ dolları məbləği əlavə olunaraq kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi azaldılaraq illik 20% dərəcəsi təyin edilmişdir. Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək kredit müqaviləsinin müddəti 24 ay uzadılmışdır. Nəticədə Cavabdeh1 ilə bağlanmış 26.11.2015ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin ümumi məbləği 6167 ABŞ dolları, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 20% və kredit müqaviləsinin ümumi müddəti isə 60 ay təşkil etmişdir. Cavabdehlə bank arasında bağlanılmış “kredit müqaviləsi”nin təminatı qismində, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış və 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzil 26.11.2015-ci il tarixli, 11/0023/KBK saylı ipoteka Müqaviləsinə əsasən ipotekaya qoyulmuş, həmçinin kreditin təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 26.11.2015-ci il tarixli, 11/0023/KBK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişləri müqavilənin bağlandığı tarixdən 15 may 2019-cu il tarixinə qədər həyata keçirsə də, mütəmadi olaraq gecikmələrə yol vermiş, borcunu tam qaytarmamış və kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)- 1533/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı LPO “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 11/0023/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 3464,85 ABŞ dolları əsas, 500,49 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3965,34 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının tutulub iddiaçı LPO “xxxx” ASC-yə ödənilməsi, tutmanın RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 88000 manat müəyyən edilməklə açıq hərracda satılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində qiymətləndirmə xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddia tələbinin mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfdən apelyasiya şikayəti verilərək, qətnamənin əmlakın ilkin satış qiyməti və ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla boşaldılması hissəsində dəyişdirilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti müəyyən edilərkən “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı əsas götürülüb, hansı ki, həmin hesabatla ipoteka predmetinin yalnız bazar dəyəri müəyyən edilmişdir, lakin məhkəmə tərəfindən ilkin satış qiyməti bazar dəyəri əsasında deyil, real satış qiyməti olan likvid dəyəri əsasında müəyyən edilməlidir. İlkin satış qiyməti ipoteka müqaviləsində göstərilən dəyərdən daha çox müəyyən edilmişdir. Odur ki, yenidən qiymətləndirmə keçirilməlidir. Mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində məhkəmə iddianı rədd etmişdir, İpoteka müqaviləsi bağlanan zaman həmin mənzildə qeydiyyatda olan şəxslər tərəfindən notariat kontorunda müvafiq qaydada ərizə verilmiş və həmin şəxslər ipoteka predmetinə tutmanın yönəldilməsi və ya satılması halında həmin mənzili qeyd-şərtsiz 1 ay müddətində boşaldacaqları barədə öhdəlik götürmüşlər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, çünki cavabdehlər qətnaməni mübahisələndirməmiş, iddiaçı isə əmlakın ilkin satış qiyməti və ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla boşaldılması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, iddia tələbinin “mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli, 11/0023/KBK nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 23% şərtilə 6000 ABŞ dolları verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış 26 noyabr 2015-ci il tarixli, 11/0023/KBK saylı Kredit müqaviləsinin restruktizasiyasına dair 12 fevral 2016-cı il tarixli Sazişdən görünür ki, tərəflər arasındakı 26 noyabr 2015-ci il tarixli kredit müqaviləsi restruktizasiya olunmuş, kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləğinə əsas borc faizindən qalan 167 ABŞ dolları məbləği əlavə olunaraq kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi azaldılaraq illik 20% faiz dərəcəsi təyin edilmişdir. Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək kredit müqaviləsinin müddəti 24 ay uzadılmışdır. Nəticədə Cavabdeh1 ilə bağlanmış 26.11.2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin ümumi məbləği 6167 ABŞ dolları, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 20% və kredit müqaviləsinin ümumi müddəti isə 60 ay təşkil etmişdir. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc alan Cavabdeh1 götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli, 11/0023/KBK nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli, 05.01.2015-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini və mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasının təmin edilməməsini mübahisələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzilin bazar dəyəri 88000 manat təşkil edir. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 11/0023/KBK nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 60000 manat, likvid dəyəri isə 51000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır. “xxxx” MMC-nin 05.03.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə ipoteka predmetinin 05.03.2021-ci il tarixinə bazar dəyərinin 85000 manat, likvid dəyərinin 76500 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilinin ilkin satış qiyməti 76500 manat müəyyən edilməlidir. Apelyasiya şikayətinin digər dəlili olan mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanun nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3). Baxılan iş üzrə ipoteka predmeti kreditin qaytarılmasının təminatı olaraq Bank qarşısında yüklü edilmişdir. Bu baxımdan “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə müvafiq olaraq iddia tələbi ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1533/2020 saylı iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 həmin mənzildən çıxarılsınlar. Həmin qətnamə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə dair hissədə dəyişdirilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 76500 manat müəyyən edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar