Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-899/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 1xx/xx/114914/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 7295,03 manat məbləğində əsas borc, 8400,46 manat məbləğində faiz borcu, 5365,50 manat məbləğində cərimə borcu, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 22014,43 manat məbləğində pulun və ödənilmiş 156,04 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, müqavilə hazırda onlarda deyil. Təqdim edilməsi üçün bankın arxivinə sorğu verilmişdir. Kassa məxaric orderindən görünür ki, cavabdehə bank tərəfindən pul verilmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə borcunu faktiki olaraq qəbul etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Ümumiyyətlə bu bankdan kredit götürməyi yadına gəlmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə iddiaçı QSC "xxxx" Kommersiya Bankının QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100/001/114914/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 7295,03 manat məbləğində əsas borc, 8400,46 manat məbləğində faiz borcu 5365,50 manat məbləğində cərimə borcu, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 22014,43 manat məlbəğində pulun, 156,04 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan QSC “ Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə iddia tələbinin rədd olunması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Yasamal Rayon Məhkəməsi mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən məhkəməyə təqdim edilmiş kassa məxaric orderində cavabdehə ödənilmiş kredit məbləği və cavabdeh tərəfindən həmin məbləği əldə etməsini təsdiq edən imzası əks olunsa da məhkəmə buna sübut qismində ümumiyyətlə qiymət verməmiş, münasibət bildirməmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və işin icraatı rəy alınana kimi dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli 4/287 nömrəli rəyindən görünür ki, iş materiallarında ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan 06 iyul 2015-ci il tarixli TT********** nömrəli hesabdan Cavabdeh 9900.00(doqquz min doqquz yüz manat 00 qəp) AZN məbləğində kreditin verilməsinə dair kassa məxaric orderində “Orderdə” göstərilən məbləği aldım” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin faktiki halları ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlardan görünür ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, 06 iyul 2015-ci il tarixli 1xx/xx/114914/15 saylı kredit müqaviləsi üzrə 04 fevral 2022-ci il tarixinə Cavabdeh 7295,03 manat məbləğində əsas, 8400,46 manat faiz, 5365,50 manat cərimə, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 22014,43 manat məbləğində borcu vardır. Eyni zamanda, mülki işin 79-cu vərəqində olan 06 iyul 2015-ci il tarixli TT********** nömrəli hesabdan Cavabdeh 9900.00(doqquz min doqquz yüz manat 00 qəp) AZN məbləğində kreditin verilməsinə dair kassa məxaric orderindən görünür ki, Bank Cavabdeh kredit təyinatı üzrə 9900 manat məbləğində pul vermişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə təyin olunmuş məhkəmə-xəttşünaslıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli 4/287 nömrəli rəyindən görünür ki, iş materiallarında ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan 06 iyul 2015-ci il tarixli TT********** nömrəli hesabdan Cavabdeh 9900.00(doqquz min doqquz yüz manat 00 qəp) AZN məbləğində kreditin verilməsinə dair kassa məxaric orderində “Orderdə” göstərilən məbləği aldım” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-ə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-cil il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə qarşı borc öhdəliyini təsdiq edən kredit müqaviləsi olmadığından iddiaçı ləğv prosesində olan "xxxx" KB QSCnin Cavabdeh qarşı borcun qaytarılmasına dair iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı müqaviləyə istinad etsə də, bu müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı kredit müqaviləsini təqdim edə bilmədiyindən kreditin verilmə müddətini, yəni müqavilənin icra müddətini müəyyən etmək mümkün deyildir. Beləliklə, iddiaçı kreditin 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı kredit müqaviləsinə əsasən verildiyini iddia etsə də, həmin müqavilə üzrə iddia müddətinin keçmədiyini təsdiq edəcək sübutlar təqdim etməmişdir. Mülki Məcəllənin: 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-373.3-cü maddələrinə əsasən Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. 375.1 və 375.2 maddələrinə əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır . Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərarçıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı müqaviləyə istinad etsə də, bu müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı kredit müqaviləsini təqdim edə bilmədiyindən kreditin verilmə müddətini, yəni müqavilənin icra müddətini müəyyən etmək mümkün deyildir. Beləliklə, iddiaçı kreditin 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı kredit müqaviləsinə və mülki işin 79-cu vərəqində olan 06 iyul 2015-ci il tarixli TT********** nömrəli hesabdan Cavabdeh 9900.00 (doqquz min doqquz yüz manat 00 qəp) AZN məbləğində kreditin verilməsinə dair kassa məxaric orderinə əsasən verildiyini iddia etsə də, həmin müqavilə üzrə iddia müddətinin keçmədiyini təsdiq edəcək sübutlar təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Kollegiya nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə Kollegiyası hesab edir ki, 125 (bir yüz iyirmi beş) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan alınmalıdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-899/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-899/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver