Məhkəmə qərarları › İş №2(103)-899/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-899/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-899/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, sübutetmə, əqdin etibarlılığının yoxlanılması, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, Bakı şəhəri 31 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənən həmin müqaviləyə görə, İddiaçı Cavabdeh 6800 manat faizsiz borc verməyi, Cavabdeh isə borcu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdələrinə götürmüşlər.

2. 16 oktyabr 2020-ci il tarixdə İddiaçı və Cavabdeh arasında “Müqavilə” adlandırılan əlyazısı tərtib olunmuş, həmin əlyazısında aşağıdakılar göstərilmişdir: “Mən İddiaçı Ələsgər oğlu 6800 m 324 man. Notariusla, 2876 m. nəğd pul verdim və hər ay bu pulun qazancından 1200 m. mənə verilsin. Amma 10000 m. pul öz yerində qalır. Pulu almaq istədikdə bir ay qabaqcadan xəbər verməliyəm. ...Mən Cavabdeh 10000 manat pul təhvil aldım, və hər ay 1200 m qazancımdan verəcəyəm”.

3. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Müqavilə (müzaribə)” adlandırılan digər sənəd tərtib olunmuş, həmin sənəddə göstərilmişdir ki, “Mən İddiaçı Ələsgər oğlu 20000 m (iyirmi min manat) məbləğində pulu verərəm ki hər ay bu pulun qazancından 2400 m mənə verilsin. Amma ana pul əsas pul öz yerində qalır. ....X2 20000 m (iyirmi min manat) pul təhvil aldım, və hər ay 2400 m (iki min dörd yüz manat) qazancımdan təhvil verəcəyəm. Yuxarıdakı şərtlərlə razıyam”.

4. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsində “Borc alan” qrafasındakı imza və “Əli-zadə” soyadı Cavabdeh tərəfindən icra olunmuşdur.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərardadı ilə, Cavabdeh İddiaçı qarşı “xx.xx.2021-ci il tarixli müqavilə müzaribənin və xx.xx.2020-ci il tarixli əlyazma müqavilənin, həmçinin xx.xx.2020-ci il tarixli notarial təsdiqli kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 20 400 manat, xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 32 400 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 14 380 manat olmaqla cəmi 67 180 manat borcun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ilk dəfə 16 oktyabr 2020-ci il tarixində cavabdehə 10 000 manat məbləğində pulu borc vermişdir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay qazancından 1200 manat pulu ona təhvil versin. Daha sonra 26 aprel 2021-ci il tarixində 20 000 manat məbləğində Cavabdeh Musa oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün borc pul vermişdir ki, cavabdeh hər ay qazancından 2400 manat ona qaytarsın. Eyni məqsədlə 16 oktyabr 2021-ci il tarixində cavabdehə 6800 manat borc vermiş, cavabdeh bunun əvəzində hər ay qazancından 2876 manat ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin indiyə qədər cavabdeh həmin məbləğləri və gəlirləri ona qaytarmamışdır.

8. Birinci instansiya məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli (müzaribə) müqaviləsinə əsasən 20 000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 6800 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə (2876+324)=3200 manat olmaqla, ümumilkdə 30 000 (otuz min) manatın tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli tarixli (müzaribə) müqaviləsinə əsasən cavabdehə bir il müddətinə 20000 manat verilmiş və həmin pul üzrə sonuncu qazancının 2400 manatını əsas pul öz yerində qalmaqla iddiaçıya ödəməsi barədə razılıq əldə edilmişdir. 9.2. Tərəflər arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə 6800 manat pul verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış sadə yazılı müqavilədən görünür ki, X1 6800 manat və 324 manat, natariusla 2876 manat nəğd pul verdi və hər ay həmin pulun qazancından 1200 manat ona verilməli, amma 10000 manat pul öz yerində qalır. Həmçinin Əli-zadə Kamil Musa oğlu 10000 manat pul təhvil aldığını və hər ay 1200 manat qazancından verəcəyini etiraf etmişdir. 9.3. Məhkəmə xx.xx.2021-ci il tarixli (müzaribə) müqaviləsinin və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin əsas borc hissəsinə münasibətdə hesab edir ki, iddia təmin edilməlidir. 9.4. Tərəflər arasında sadə yazılı şəkildə bağlanmış olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı 2876 manat və 324 manat pulu Cavabdeh vermiş və sonuncu tərəfindən bu hal etiraf edilmişdir. 9.5. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməli və cavabdehdən (2876+324)=3200 manat cavabdeh İddiaçı tutularaq İddiaçı ödənilməlidir. 9.6. İddiaçının iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il tarixli (müzaribə) müqaviləsinə əsasən hər ay qazancından 2400 manat pulun qaytarılması (əsas borc saxlanılmaq şərti ilə) hissəsinə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə hər ay qazancından 1200 manat pulun qaytarılması (əsas borc saxlanılmaq şərti ilə) hissələrinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. 9.7. Belə ki, mülki iş üzrə tərəflər arasında verilmiş pulun müqabilində əlavə olaraq hər ay 1200 manat qazancından pulun və digər müqavilə üzrə hər ay qazancından 2400 manat pulun qaytarılması barədə razılıq olsa da, bu cür müqavilə bağlamaq və həmin əsas borclara faiz məbləğlərinin tələb edilməsi üçün qanunvericilklə müəyyənləşdirilmiş İddiaçı bank fəaliyyəti ilə bağlı xüsusi razılğının (lisenziya) olamsına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 448.1-ci, 739-cu, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir.

11. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi (vəkili) onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar çıxardığı, işə cavabdehin iştirakı olmadan baxdığı, məhkəmə prosesi barədə cavabdehə ümumiyyətlə məlumat verilmədiyi, tərəflər arasında yalnız bir müqavilənin xx.xx.2020-ci il tarixli notarial müqavilənin bağlandığı, həmin müqaviləyə əsasən cavabdehə verilən 6800 manat borcun tam şəkildə qaytarıldığı, müqavilə adlandırılan digər sənədlərin ümumiyyətlə cavabdeh tərəfindən imzalanmadığı, cavabdehin onların mövcudluğundan qətnamə çıxarıldıqdan sonra xəbər tutduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

13. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir (iddiaçının birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi (vəkili) məhkəməyə gəlsə də, order təqdim etmədiyindən prosesə buraxılmamışdır).

14. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün müvafiq ekspertiza keçirilməsini xahiş etdiyindən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə xətşünaslıq eskpertizası təyin olunmuş, ekspert qarşısında aşağıdakı suallar, habelə məsələlərin həlli qoyulmuşdur:

- İddiaçı və Cavabdeh arasında 16 oktyabr 2020-ci il tarixdə bağlandığı irəli sürülən və “Müqavilə” adlandırılan əlyazısındakı (iş səh. 32) “Mən Cavabdeh 10000 manat pul təhvil aldım, və hər ay 1200 m qazancımdan verəcəyəm. Əlizadə Kamal” əlyazıları və “Əliyev Kamal” ifadəsinin qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdirmi?.

- İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlandığı irəli sürülən və “Müqavilə (müzaribə)” adlandırılan sənəddə (iş səh. 31) “İmza: Kamal Əlizadə” yazısının altındakı imza Cavabdeh tərəfindən icra edilmişdirmi?..

15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 mart 2024cü il tarixli rəydə göstərilmişdir ki, “...xx.xx.2021-ci il tarixli Müqavilə Müzaribə adlanan sənədin aşağısında “İmza: Kamal Əlizadə” yazılarının altındakı imza, ... 16 oktyabr 2020ci il tarixli Müqavilənin aşağı hissəsində “Mən Cavabdeh 10000 manat pul təhvil aldım, və hər ay 1200 m qazancımdan verəcəyəm, “Əlizadə Kamal” yazıları və onun qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

27. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

28. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

35. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

44. İddiaçı, cavabdehə 16 oktyabr 2020-ci il tarixində 10 000 manat və 6800 manat, 26 aprel 2021-ci il tarixində 20 000 manat məbləğində borc verdiyini, cavabdehin müəyyənləşdirilmiş vaxt ərzində borcu qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçıdan yalnız bir müqavilə əsasında 6800 manat borc aldığını və həmin borcu qaytardığını bildirir.

45. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi (§ 25) nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə iddiaçının istinad etdiyi 16 oktyabr 2020-ci il tarixli “Müqavilə” adlandırılan əlyazısının və xx.xx.2021-ci il tarixdə tərtib olunan “Müqavilə (müzaribə)” adlandırılan sənədin etibarlılığı məsələsinə qiymət verilməlidir.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

47. Cavabdeh həmin sənədlərdəki imzaların və əlyazılarının ona məxsus olmadığını irəli sürsə də, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə həmin arqument təkzib olunmuşdur.

48. Sözügedən sənədlərin etibarsızlığına dəlalət edən digər hallar (aldatma, yanılma, hədə-qorxu, yaxud məcburiyyət təsiri ilə imzalanma, görünüş üçün bağlanma və s.) da müəyyən edilməmişdir.

49. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçıdan ümumilikdə 30 000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqavilələrinin bağlandığı, cavabdehin həmin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

50. Notarial təsdiqli xx.xx.2020-ci il tarixli müqavilə üzrə aldığı 6800 manat borcu ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

53. İşə iştirakı olmadan baxıldığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin, həmçinin mobil telefon nömrəsinə SMS bildirişin göndərildiyi, iclas katibi tərəfindən ona telefonla məlumat verildiyi, lakın məhkəməyə gəlmədiyi aydın olur. Məlumatlı olduğu məhkəmə prosesinə laqeyd yanaşmasının riskini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

54. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə ondan alınıb müvafiq hesaba köçürülməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2051/2022 saylı iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Cavabdeh alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasl Mərkəzinin hesabına köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar