Məhkəmə qərarları › İş №2(103)-8997/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8997/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8997/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2(010)-2948/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 09.07.2014 il tarixli kredit müqaviləsi üzrə 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 4008.56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2017 il tarixdən 14.05.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.958.55 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh1 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7035,99 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə iddianı cavabdehdən müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1014 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsassız olaraq rədd etməklə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə zaminlərə münasibətdə də iddianı təmin etməməklə, mövqeyini belə əsaslandırmışdır ki, öhdəliyin icrası vaxtı bitdiyi gündən bank tərəfindən zaminlərə qarşı iddia qaldırılmadığından zaminliyə xitam verilmişdir. Halbuki, 13.03.2015-ci il tarixli Əlavə sazişlə müqavilənin müddəti uzadılmış və bu barədə zaminlərlə zaminlik müqaviləsinə əlavə bağlanmışdır. Bundan başqa, 09.07.2012-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin 11.3-cü maddəsində zaminliyə xitam verilməsi halları sadalanmış və “c” bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən, zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər banka tam həcmdə ödənilənədək qüvvədə qalır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1298/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2948/2020 saylı iş üzrə 29.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli 2(102)-3681/2021 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1298/2021 saylı qətnaməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə yuxarıda qeyd edilən hissədə qismən ləğv edilməklə, qalan hissədə dəyişdirilmədən saxlanıldığından, hazırkı apellyasiya baxışının predmetini birinji instansiya məhkəməsinin qətnaməsinin borjun ödənilməsinin gejikdirilməsinə görə illik 5%-lə hesablanmış 1014 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi ilə bağlı hissəsi təşkil edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməklə iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, həmin tələbin hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir. Normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, qanunverici borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyini pozduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Hazırkı işdə kreditor bankdır. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz.” İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı KB ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 09.07.2014-cü il tarixli, 22-M-1-0-1004-14 saylı bank hesab və kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26% dərəcəsilə 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmiş, sözügedən müqaviləyə 13.03.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin bağlanma tarixi 09.03.2017-ci il tarixədək uzadılmış və tərəflər arasında həmin tarixədək ödəniş qrafiki razılaşdırılmışdır. Lakin əsas borclu borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən tərtib edilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 4008.56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2017 il tarixdən 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.958.55 ABŞ dolları borcu qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borcun gecikdirildiyi müddət üzrə illik 5% məbləğinin ödənilməsi hissədə iddianın təmin edilməməsi bağlı gəldiyi nəıticə ilə razılaşmır. Belə ki, qeyd edilən iddianın qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, qanunverici, borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünkü, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyini pozduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. İddia tələbinin hazırkı apellyasiya baxışının predmeti olan hissəsini mülki qanunvericiliyin qeyd edilən normaları və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyi baxımından qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı Bank 09.07.2014-cü il tarixli, 22-M-1-0-1004-14 saylı bank hesab və kredit müqaviləsinə və 13.03.2015-ci il tarixli əlavə sazişə əsasən yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə, 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları borcu tələb etməkdə haqlı olmuşdur və həmin hissədə iddia əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini apellyasiya baxışının predmeti olan hissədə əsaslı sayır və bu qənaətə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29.09.2020-ci il il tarixli, 2(010)-2948/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə - borcun illik 5% məbləğinin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin və Cavabdeh1 1014 (min on dörd) ABŞ dolları illik 5% olmaqla gecikdirirlmiş vaxt üçün hesablanmış məbləğ (ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi ilə) tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar