Məhkəmə qərarları › İş №2(103)-9/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Orxan Məhərrəmovun və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Yasamal rayonu, Zərgərpalan küçəsi, 9-cu dalanda yerləşən 2 nömrəli fərdi yaşayış evinə (bundan sonra – ev) cavabdehlərin istifadə hüquqlarına xitam verilsin, cavabdehlər evdən çıxarılsın və ev boşaldılaraq iddaçıya təhvil verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər evdən çıxarılmaqla ev boşaldılsın və iddiaçıya təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətlərinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Orxan Məhərrəmov isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı bank tərəfindən Cavabdeh1 kredit verilmiş, kreditin qaytarılmasının təminatı üçün digər Cavabdeh2 məxsus ev ipoteka ilə yüklü edilmişdir. Kredit qaytarılmadığına görə bank məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-521/2010 nömrəli xx.xx.2010-ci il tarixli qətnaməsi ilə kredit borcu üzrə tutmanın evə yönəldilməsi qət olunmuşdur. Hərracın nəticəsində bank evi əldə etmiş, xx.xx.2015-ci ildə bankın ev üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Cavabdehlərin hər ikisi evdə yaşayış yeri üzrə qeydiyyatdadır, bu, MAPS şöbəsinin verdiyi arayışla təsdiq olunur. Hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehlərin evdən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Göstərilən müddəanın tələbləri baxımından cavabdehlərin evdən istifadə hüququna xitam verilmiş və onların evi tərk etmək vəzifəsi yaranmışdır, çünki ev ipoteka predmetinə tutma yönəldilməsi proseduru daxilində iddiaçının mülkiyyətinə keçmişdir və bundan 1 aydan çox vaxt keçmişdir. Ona görə də iddia əsaslıdır. Bundan başqa, ev üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə iddiaçı evin mülkiyyətçisidir. Cavabdehlərin isə evdən istifadə hüquqları xitam olunduğundan onlar iddiaçının evinə qanunsuz sahiblik edirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddia əsaslıdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Səkinəxanım Həsənovun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar