Məhkəmə qərarları › İş №2(103)-90/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-90/2022

08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-90/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı və onun vəkili X7 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-il tarixli, 2(004)-857/2020 saylı qətnaməsindən cavabdeh “X2-Evrascon” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Evrascon” ASC-dən 2017-ci ilin avqust ayından başlayaraq sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi kimi 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində çakəcəyi əlavə xərclərin miqdarı olan 2400 (iki min dörd yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı 2011-ci ildən 21.12.2015-ci ilə kimi cavabdeh “X2-Evrascon” ASC-də qaynaqçı və kəsici peşəsində işləmişdir. 30.09.2015-ci ildən rəhbərliyin göstərişi ilə Pirallahı qəsəbəsində körpü tikintisi aparılmışdır. 21.12.2015-ci il tarixdə iddiaçı öz işi ilə məşğul olan zaman yararsız kislorod balonunun ağzı açılmış və heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün balonun ağız hissəsi yivindən açılaraq partlamış və sağ ayağına dəymiş, iddiaçı ağır xəsarət almışdır. İddiaçını şirkətə məxsus avtomobillə əvvəlcə Pirallahı xəstəxanasına, sonra isə Sabunçu rayonunda yerləşən 3 saylı Birləşmiş şəhər xəstəxanasına aparmışlar. Həmin vaxtlar o, dəhşətli ağrılar çəkmişdir. Xəsarət alması barədə Sabunçu rayon 3 saylı Birləşmiş şəhər xəstəxanasından Pirallahı RPŞ-ya daxil olmuş məlumatla əlaqədar Pirallahı RPŞ-nin TQ-nun təhqiqatçısı Anar Bağırov tərəfindən ilkin araşdırma aparılmış və 11.01.2016-cı il tarixli qərada material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının çoxsaylı şikayətləri, teleqramları əsasında həmin qərar Pirallahı rayon prokuroru tərəfindən ləğv edilmiş və araşdırmanın davam etdirilməsi rayon prokuroluğunun müstəntiqi Teymur Teymurova həvalə edilmişdir. Bu ərəfədə iddiaçı, "xxxx" ASC-nin idarə heyətinin sədri M.İ.Şirinovun adına 23.05.2017-ci il tarixli ərizə yazmışdır. O, Ərizəsində göstərmişdir ki, ona hər ay 700 manat məbləğində zərərin əvəzi verilməli, sağlamlığı ilə bağlı bütün tibbi xərcləri ödənilməli və birdəfəlik 6000 manat məbləğində maddi yardım göstərilməlidir. Əgər bu şərtlər yerinə yetirilərsə iddiaçının "xxxx" şirkətindən heç bir şikayəti və tətəbi olmayacaqdır. İddiaçının bu ərizəsi ilə cavabdeh şirkətin səlahiyyətli nümayəndələri-sahə rəisi M.M.Vəliyev və texniki təhlükəsizlik işlərinə baxan S.C.Salmanov da razılaşmış və ərizəsini öz imzaları ilə təsdiq etmişlər. İddiaçının bu tələbləri nəinki yerinə yetirilmiş, əksinə yazdığı ərizədən sui-istifadə olunmuşdur. Şikayətlərini geri götürdükdən sonra vəziyyət tamam dəyişmişdir. Belə ki, guya iddiaçı Gürgən qəsəbə sakini Lətif Lətifovun xahişi ilə onun evinin həyətindəki hamamın damında işləmişdir və 21.12.2015-ci ildə damın üstündən yerə yıxılaraq sağ ayağından xəsarət almışdır. Sonra da heç kimin göstərişi olmadan avtomaşının yük yerindən kislorod balonunu yerə qoymaq istəyərkən zədələnmiş ayağında ağrı olmuş, balon əlindən düşərək qapağı açılmaqla xəsarət aldığı sağ ayağına dəymişdir. İddiaçı təqdim olunan sənədlərə imza etmişdir. Guya izahat vermişdir ki, hamamın damından yıxılmışdır. Sonra da iş yerində balonun qapağı ayağına dəymişdir. Bundan sonra Teymur Teymurovun cinayət işinin başşlanmasının rədd edilməsi haqqında 14 iyul 2017-ci il tarixli qərarı ilə "xxxx" ASC-də qaynaqçı işləmiş İddiaçı 21.12.2015-ci ildə sağ ayağından xəsarət alması barədə Sabunçu rayon 3 saylı Birləşmiş şəhər xəstəxanasından Pirallahı RPŞ-yə daxil olmuş məlumatla əlaqədar hər hansı bir şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından 25C- 17 saylı yoxlama material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Pirallahı rayon prokuroruna şikayət edərək müstəntiqin 14 iyul 2017- ci il tarixli qərarının ləğv olunmasını, obyektiv araşdırma aparılmasını xahiş etmişdir. Pirallahı rayon prokuroru tərəfindən müstəntiqin 14 iyul 2017- ci il tarixli qərarı ləğv olunduqdan sonra istintaq aparılmış və cinayət işi məhkəməyə göndərilmişdir. Həmin cinayət əməlinə görə “X2-Evrascon” ASC-də briqadir vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli 1(094)-32/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə tikinti - quraşdırma və texniki təhlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da, iddiaçının başına gələn bədbəxt hadisədə cavabdehin təqsiri məhkəmə hökmü ilə tam təsdiq olunmuşdur. İddiaçı 21 dekabr 2015-ci ildə aldığı xəsarət nəticəsində 2-ci qrup əlil olmuşdur. Əlillik dərəcəsi ona TSEK tərəfindən 25 yanvar 2018-ci ildə verilmişdir. 21.12.2015-ci ildən ağrıdığı və müalicəsini davam etdirdiyindən işə də çıxa bilmir. Lakin ASC rəhbərliyi sənədləşmə apararaq saxta protoko! tərtib etdirmişdir ki, guya səbəbsiz yerə işi buraxmışdır. Ona görə də onu 2018-ci ilin martından işdən çıxarmışlar. Cavabdeh ASC-də işləyərkən baş vermiş bədbəxt hadisədən əvvəl iddiaçının orta aylıq əmək haqqı 950 - 980 manat civarında olmuşdur. Hal-hazırda isə işləmir. Cavabdeh ASC tərəfindən aparılan hesablamaya görə hadisə baş vermiş 21.12.2015-ci ildən 2017-ci ilin avqust ayına qədər (avqust ayı da daxil olmaqla) ona hər ay 700 manat məbləğində pul ödənilmişdir. Lakin həmin ödəniş 14.07.2017-ci ildən dayandırılmışdır. Bütün bunlardan başqa bədbəxt hadisə nəticəsində iddiaçının müalicəsinə, dava-dərmanına, əlavə qidalanmasına da xeyli miqdarda əlavə xərci çıxmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(004)-857/2020 saylı qətnaməsi ilə iddia qismən tələbi təmin edilərək, cavabdeh “X2-Evrascon” ASC-dən sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın əvəzi olaraq əvvəli 2017-ci ilin avqust ayından hesablanmaqla hər ay 688,43 (altı yüz səksən səkkiz manat, qırx üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “X2 Evrascon” ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(004)-857/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnamdə istinad edir ki, Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığmm başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir. İş üzrə şifahi şəkildə şəxsin əmək qabiliyyətinin itirlmə faizinin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versələr də, məhkəmə bu vəsatəti təmin etməyərək iş üzrə halı müəyyən etməmişdir. Məhkəmə iş üzrə Mülki Məcəllədə və Nazirlər Kabinetinin qərarında göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yəni şəxsin itirdiyi peşə əmək qabiliyyətinin itirilmə faizini müəyyən etmədən həmin faizə uyğun olan hesablama aparmayaraq düzgün olmayan qətnamə qəbul etmişdir. AR Mülki Məcəllənin 1118-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu halda da məhkəmə qətnaməsində iddiaçıya edilmiş ödənişləri 2015-ci ildə 2017-ci il tarixədək edilmiş ödənişləri nəzərə alsa da, əlbəl iddiaçıya verilmiş 6000 (altı min) manat ödənişi nəzərə almamış eyni zamanda müəyyən edilmiş ödəniş üçün əvvəlcədən çıxılması ilə bağlı qətnaməsində heç bir müddəa göstərməmişdir. Çünki həmin ödəniş nə pensiya, nə də müavinət hesab edilmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X11 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh “X2-Evrascon” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya şikayətinin dəlillərinə əsasən apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Pirallahı Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli 1(094)-32/2019 saylı hökmündən aydın olur ki, İddiaçı qaynaqçı və kəsici işlədiyi “X2-Evrascon” ASC-də işlədiyi dövrdə, yəni 21.12.2015-ci il tarixdə Pirallahı adasının girəcəyində inşa edilən körpünün tikintisi zamanı kislorod balonunun əlindən sürüşüb yerə düşərək ağız hissəsinin yivindən açılıb təzyiq altında çıxması nəticəsində İddiaçı ayağının diz nahiyyəsinə dəyərək, sağ baldır sümüklərinin sınıqları, sağ diz və aşıq baldır oynaqlarında bir qədər nəzərəçarpan kontraktura ilə müşayiət olunan hərəkət məhdudluğu kimi sağlamlığın uzun müddət itirilməsinə səbəb olan xəsarətlər alması ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Həmin hökmlə, “X2- Evrascon” ASC-də briqadir vəzifəsində işləyən X5 Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə tikinti - quraşdırma və texniki təhlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “İstehsalatda Baş Vermiş X9” 01/2020 saylı aktdan görünür ki, İddiaçı qaynaqçı və kəsici işlədiyi “X2-Evrascon” ASC-də işlədiyi dövrdə 21.2.2015-ci ildə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 26.01.2018-ci il tarixdə “ümumi xəstəlik” əlillik səbəbi ilə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir. İddiaçı tərəfindən “X2-Evrascon” ASC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ASCdən hər ay 700 manat məbləğində əmək haqqının verilməsini və tibbi xərclərinin ödənilməsini, birdəfəlik 6000 manat maddi yardımın ödənilməsini xahiş etmiş, "xxxx" ASC-nin sahə rəisi Mürvət Vəliyev və digər əməkdaş S.C.Salmanov tərəfindən təsdiqlənmişdir. 08.11.2018-ci il tarixli hesabdan çıxarışdan aydın olur ki, İddiaçı yuxarıda qeyd olunan ərizədə razılaşdırılmış məbləğdə, yəni 700 manat məbləğində aylıq ödənişlər edilmişdir. “X2-Evrascon” ASC tərəfindən verilmiş 10.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2015-ci ildə orta aylıq əmək haqqı 398 manat təşkil etmişdir. 03.02.2020-ci il tarixli hesabdan çıxarışdan isə aydın olur ki, İddiaçı 2015-ci ildə orta aylıq əmək haqqı 688,43 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçının istehsalat qəzası nəticəsində sağlamlığı pozulduğundan, cavabdehin səhlənkarlığı nəticəsində bədənin ümumi antomiyasında qalıcı zədə almasını, məhkəmə iclasında iştirakı zamanı aldığı xəsarətin hələ də aradan qalxmadığını, hazırkı vəziyyətdə işləyə bilməməsini, müalicəsinin davam etdiyini, ailə başçısı kimi evin dolanışığının ondan asılı olmasını, habelə itirdiyi peşə əmək qabiliyyətinin faizinin müəyyən olunmadığını nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 2015-ci il ərzində aldığı orta aylıq əmək haqqının məbləği miqdarında - 688,43 manat məbləğində aylıq ödənişlər verilməsi və bu ödənişlər 2017-ci ilin avqust ayından hesablanmaqla verilməlidir. Tərəflər arasında mübahisələndirilməyən hal ondan ibarətdir ki, tərəflər arasındakı razılığa əsasən, 2017-ci ilin avqust ayınadək İddiaçı aylıq 700 manat məbləğində ödənişlər edilmiş, lakin sonradan bu ödənişlər dayandırılmışdır. Buna görə də, məhkəmə iddiaçının tələbini də nəzərə alaraq, 688,43 manat məbləğində pulun tutulmasının əvvəlinin 2017-ci ilin avqust ayından hesablanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə mübahsələndirilən hissədə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Xidmətinin 26 mart 2020-ci il tarixli, **********44 saylı məktubuna əsasən X3 əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0530003AAEG6 saylı göndərişi əsasında 26.01.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlillərə əmək qabiliyyətinin itirilmə faizi təyin edilmir. Həmçinin bildirilir ki, Şahin Zeynalovun əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial” Eksert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilmişidir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-sosial eksertizası təyin edilərək, İddiaçı 2-ci qrup əlilliyə görə əmək qabiliyətinin itirilmə faizinin nə qədər olması barədə eksert qarşısında sual qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin 03.03.2022-ci il tarixli, **********7 saylı məktubuna əsasən, İddiaçı sağlamlığın vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə müvafiq ekspertizanın təyin olunması barədə 12 fevral 2022-ci il tarixli, 2(103)- 90/2022 saylı məktuba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Məhkəmə tibbi-sosial eksertizasının həyata keçirilməsi Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə aid deyildir. Apellyasiya mərhələsində iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin 11.04.2022-ci il tarixli **********8 saylı məktubunu təqdim edərək, onu 21.04.2022-ci ildə müayinədən keçirilməsi üçün dəvət etdiklərini bildirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Əmək zədəsi” səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş məktuba Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Əyani müayinə məqsədilə müvafiq sənədlərlə (müəssisənin İZ aktı, əmək qabiliyətinin itirilməsi faizi barədə müəssisənin rəsmi sorğusu və tibbi sənədlərlə) birlikdə Agentliyin Tibbi-Sosial Eksert Komissiyasına yaxınlaşmağı məsləhət görülmüş, komissiyanın 21.04.2022-ci il tarixdə saat 14-00-da keçiriləcəyi qeyd olunmuşdur. Keçirilmiş müayinənin nəticəsi ilə bağlı məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi- Sosial Eksertiza və Reabilitasiya Agentliyi 26.05.2022-ci il tarixli, **********0 saylı məktubla cavab ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, Sumqayıt şəhər sakini İddiaçı 21.04.2022-ci ildə Agentliyin mütəxəsislərinin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq “ümumi xəstəlik” səbəbindən 28.10.2021-ci il tarixindən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. MM-nin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir;. MM-nn 1118-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. MM-nin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. MM-nin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. MM-nin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin: - 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. - 3.2-ci bəndinə əsasən aylıq ödənclər zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. Göründüyü kimi, MM-nin 1118-ci maddəsində fiziki şəxsə xəsarət yetirilməsi və ya onun sağlamlığının başqa şəkildə pozulması nəticəsində onun itirdiyi qazancın (gəlirin) əvəzinin ödənilməsi, MM-nin 1119-cu maddəsində isə itirilmiş qazancın (gəlirin) əvəzinin ödənilməsi qaydaları müəyyən edilmişdir. Həmin qaydaya əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Göründüyü kimi, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alsa da, ona əlillik istehsalat qəzası ilə deyil, “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş, əmək qabiliyyətinin itirilmə faizi təyin edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya istehsalatda baş vermiş əmək xəsarəti nəticəsində ödənilməli olan aylıq ödənc, onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq müəyyən edildiyindən, onun isə itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsi müəyyən olunmadığından, iddia tələbi mübahisələndirilən hissədə təmin oluna bilməz. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki halda, mübahisələndirilən hissədə işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uyğunlaşmamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 32 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. “ Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərarın 4-cü bəndində göstərilir ki, bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir. Kollegiya hesab edir ki, təqdim olunmuş hesabat nəzərə alınmaqla, dövlət hesabına ayrılmış vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “X2-Evrascon” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(004)-857/2020 qətnaməsi mübahisələndirilən-qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Vəkil X7 göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar