Məhkəmə qərarları › İş №2(103)-900/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-900/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-900/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəlməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəlməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMCdən və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 24UM/2İ saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 164996,89 manat, faiz borcu üzrə 7348,79 manat, cərimə borcu üzrə 38,96 manat, cəmi 172384,64 manat, habelə dövlət rüsumu kimi ödənilmiş 462,39 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə yönəldilməsi, bu əmlakın hərracda satılması, ilkin satış qiymətinin 84000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən X4 çıxarılmaqla boşaldılması, tələbin girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlaklara yönəldilməsini, girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların ilkin satış qiymətinin 110270,5 manat müəyyən olunmaqla açıq hərracda satılsın, ipoteka və girov qoyulmuş əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsi üzrə cəmi 172384,64 manat borcun, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 462,39 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 24UM/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2028-cü il tarixədək illik 15% ödəmək şərtilə, 166648 manat kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1726 reystr nömrəli, 24UMİ/21 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m. sahədən ibarət 325 saylı bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********40-11301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır. Bundan əlavə, kreditin təminatı qismində "xxxx" KB ASC ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tairxli, 43UBZ/24 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh3 və Cavabdeh2 MMC zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin kreditin təminatı qismində, girov saxlayan "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 24UMG/21 saylı Girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan və müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş əmlaklar girov saxlayana girov qoyulmuşdur. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 43UB/24 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 164996,89 manat, faiz borcu üzrə 7348,79 manat, cərimə borcu üzrə 38,96 manat olmaqla, cəmi 172.384,64 manat təşkil edir. Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m. sahədən ibarət 325 saylı bağ evi ilkin satış qiyməti ipoteka müqaviləsinin 2,3-cü bəndində əks olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən tikili 8000 manat, torpaq sahəsi 76000 manat olmaqla ümumilikdə 84000 manat məbləğində qiymətləndirilmişdir. “İpoteka haqqında” Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşavış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qovan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1962/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad olunması, kredit müqviləsi üzrə əsas və faiz borcunun şişirdilməsi, düzgün hesablamanın aparılmaması, ekspertizanın təyin olunmaması, kreditin təminatı olan əmlakların dəyərinin düzgün müəyyən olunmaması, müqavilədə göstərilən qiymətlərin 3 il əvvələ aid olması, keçən zaman müddətində iqtisadi dəyişimin nəzərə alınmaması, bununla bağlı ekspertiza təyin olunmaması, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq ekspert rəyində tələbdə göstərilən məbləğdən yalnız faiz borcu hissəsində məbləğin qismən az göstərildiyi, buna baxmayaraq iş üzrə keçirilmiş ekspertiza və qiymətləndirmə rəylərinə etirazlarının olmadığı bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Qeyd edilməlidir ki, iddia təmin olunmuş, cavabdehlərdən yalnız Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə faizlərin tutulması və ipoteka predmeti olan daşınmaz əmlakın (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evi) ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 tarixli, 24UM/21 saylı Əsas kredit müqaviləsindən və onun əsasında bağlanmış xx.xx.2024-ci il tarixli, 43UB/24 saylı Əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 166648 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 43UBZ/24 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 MMC zamin kimi xx.xx.2024-ci il tarixli, 43UB/24 saylı Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İşdə olan "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24UMG/21 saylı girov müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 MMC-yə məxsus olan ümumi dəyəri 110270,5 manat təşkil edən qurğular (daşınar əşyalar) "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə girov qoyulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 24UMİ/21 Sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021 tarixli, 24UM/21 saylı Əsas kredit müqaviləsi və ona uyğun bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evi "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti kimi 84000 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 43UB/24 saylı kredit müqaviləsi üzrə 31 iyul 2024-cü il tarixə 164996,89 manat əsas, 7348,79 manat faiz, 38,96 manat cərimə olmaqla, cəmi 172384,64 manat kredit borcu vardır. İlkin olaraq qeyd edilməlidir ki, apellyasiya şikayətində tərəflər arasında bağlanmış müvafiq əqdlərin etibarlılığı mübahisələndirilməmiş, şikayətin dəlilləri əsasən kredit borcunun habelə ipoteka və girov qoyulmuş əmlaklarının dəyərinin düzgün müəyyən olunmaması istiqamətində olmuşdur. İşdən görünür ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə (maliyyə arayışı və s.) əsasən kredit borcunu müəyyən etmiş, həmçinin cavabdehin iştirakı olmadan cəmi bir hazırlıq iclası keçirməklə, işi məhkəmə baxışına təyin etmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiymətinin ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən, cavabdeh ipotekanın ilkin satış qiymətini mübahisələndirmiş və belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün onun bazar dəyəri ilə yanaşı likvid dəyərinin də müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 31 iyul 2024-cü il tarixə əsas kredit borcu və ona hesablanmış faiz borcunun hansı məbləğdə olmasının müəyyən olunması məqsədəmüvafiq hesab olunmuşdur. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 900/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2025-ci il tarixli, 9/1863 nömrəli mühasibatlıq ekspertizasının rəyinə əsasən - banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 43UB/24 nömrəli əlavə kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (iddia tarixinə) əsas borc üzrə 164996,89 manat, faiz borcu üzrə 6851,65 manat olmaqla, cəmi 171848,54 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə əsas kredit borcu tələ həddinə uyğun, fazi borcu isə daha az məbləğdə, yəni 6851,65 manat həddində müəyyən olunmuşdur (hesabdan çıxarış məlumatları və müqavilə şərtləri nəzərə alınmaqla). İddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməyərək, kredit müqaviləsi üzrə faizlərin ekspertiza rəyində göstərilən məbləğdə təmin olunmasına etiraz etməmişdir. Bununla yanaşı cavabdeh tərəf də ekspertiza rəyinə hər hansı etiraz təqdim etməmiş, kredit borcunun daha az məbləğdə olmasına dair sübutlarını təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qətnamənin faizlərin tutulması hissədə dəyişdirilməsi nəticəsi gəlir. Eyni zamanda, işdən görünür ki, tələb olunmuş dəbbə pulu (cərimə) 38,96 manat təşkil etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cərimənin azaldılmasına zərurət görmür. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 9/1725 nömrəli əmtəəşünaslıq ekspertizasının aparılmasına dair ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Tofiq Quliyev küçəsində yerləşən 12,0 sot torpaq sahəsinin orta bazar dəyəri təqribən 180000,00 manat (12 sot x 15000,00 man), 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 162000,00 manat (180000,00-10%) məbləğində müəyyən edilmişdir. Həmçinin, rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Tofiq Quliyev küçəsində yerləşənyuxarıda qeyd olunan analoji xüsusiyyətlərə malik ümumi sahəsi 22.4 kv.metr olan fərdi yaşayış evinin bazar qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Halbuki, iş materiallarında olan sonrakı ipoteka müqaviləsindən görünür ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi birlikdə vahid əmlak kimi öhdəliyin təmini üsulu kimi ipoteka yüklü edilmişdir. Həmçinin, MM-nin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-900/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması müstəqil qiymətləndiriciyə həvalə olunmuşdur. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-m286-1025 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 məxsus (mülkiyyətində olan) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin bazar dəyəri 192000 manat (torpaq sahəsi 182600 manat, onun üzərində olan fərdi yaşayış evi 8960 mana, kommunikasiya işləri və digər xərclər 448 manat) manat, likvid dəyəri isə 172800 manatdır. Hər iki rəydən göründuyü kimi, ipoteka qoyulmuş daşınmaz əmlakın ilkin satış dəyəri hazırki vəziyyətdə ipoteka müqaviləsində göstərilən məbləğdən (84000 manat) əhəmiyyətli dərəcədə yüksəkdir. Məhkəmə kollegiyası hazırki apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəylərini işdə olan digər sübutlarla birlikdə qiymələndirərək belə nəticəyə gəlir ki, ipoteka predmetinin ilkin satış qiymətlərinin "xxxx" MMC tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli qiymətləndirmə rəyində göstərilən likvid qiymət üzrə müəyyən olunması əsaslı, qanuni və obyektivdir. Birincisi, Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 9/1725 nömrəli əmtəəşünaslıq ekspertizasının rəyində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Tofiq Quliyev küçəsində yerləşən ümumi sahəsi 22.4 kv.metr olan fərdi yaşayış evinin dəyəri müəyyən olunmamış, torpaq sahəsinin dəyəri isə "xxxx" MMC tərəfindən verilmiş rəylə cüzi fərqlə uyğunluq təşkil etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli qiymətləndirmə rəyini tam, hərtərəfli və daha üstün qiymətləndirir. Eyni zamanda, iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən verilmiş rəyi mübahisələndirməyərək, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin həmin rəydə göstərilən məbləğdə təmin olunmasına etiraz etməmişdir. Bununla yanaşı cavabdeh tərəf də qiymətləndirmə rəyinə hər hansı etiraz təqdim etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmçinin ipoteka qoyulmuş daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissədə də dəyişdirilməlidir. Cavabdeh apellyasiya şikayətində qətnaməni girov qoyulmuş daşınar əşyalarla bağlı hissədə də mübahisələndirmiş, lakin həmin hissədə dəlillərini əsaslandırmamış, bu istiqamətdə hər hansı sübut təqdtim etməmiş, formal mülahizələrə əsaslandırmışdır. İşdə olan "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24UMG/21 saylı girov müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 MMC-yə məxsus olan ümumi dəyəri 110270,5 manat təşkil edən qurğular (daşınar əşyalar) "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinə 1 saylı Əlavədən də göründüyü kimi, tərəflərin qarşılıqlı razılığı əşyaların adı, siyahısı və dəyəri göstərilməklə müəyyən olunmuşdur. Bununla yanaşı, daşınmaz əşyalardan fərqli olaraq, adi daşınar əşyarların zamanla amortizasiya səbəbindən dəyərinin azalması prezumpsiyası mövcuddur. İstisna adətən, antikvar və kolleksiya əşyalara, sənəd əsərlərinə, qiymətli metal-daşlara və s. bu kimi əşyalara aid ola bilər ki, girov qoyulmuş əşyaların tərkibi həmin növə aid deyildir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmiş, həmin hissədə şikayətin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Kredit müqaviləsi bağlanan zaman qüvvədə olan MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin qeyd edilməlidir ki, MM-nin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə faizlərin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrdə dəyişdirilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin ilkin satış qiyməti 172800 (bir yüz yetmiş iki min səkkiz yüz) manat müəyyən edilməli, eyni zamanda cavabdeh tərəfdən tutulmalı olan faiz borcu 6851,65 (altı min səkkiz yüz əlli bir manat, 65 qəpik) manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı 100 (bir yüz) manat məbləğində aparılmış qiymətləndirmənin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəlməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi faizlərin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrdə dəyişdirilsin. İpoteka qoyulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin ilkin satış qiyməti 172800 (bir yüz yetmiş iki min səkkiz yüz) manat müəyyən edilsin, eyni zamanda cavabdeh tərəfdən tutulmalı olan faiz borcu 6851,65 (altı min səkkiz yüz əlli bir manat, 65 qəpik) manat müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar