Məhkəmə qərarları › İş №2(103)-901/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-901/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-901/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kreditin qaytarılması barədə” 2(002)-2863/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı «kreditin qaytarılması barədə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor "xxxx" QSC-nin xeyrinə 482,33 manat əsas borcu, 45,14 manat faiz borcu, 174,65 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsi üzrə 5,50 manat olmaqla cəmi 709,62 manat borcu və 20 manat dövlət rüsumuna dair xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 27.02.2014-cü il tarixli, Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə kreditor tərəfindən borcalana 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Borclunun banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Belə ki, hazırda borclunun banka 482.33 manat əsas borcu, 45.14 manat faiz borcu, 174.65 manat cərimə,müqavilədə nəzərdə tututlmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsi üzrə 5.5 manat olmaqla cəmi 709.62 manat borcu vardır. Kredit müqaviləsinin 4.14-cü bəndinin şərtlərinə əsasən borcalan, hesab çıxarışında müəyyən edilən son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi olduqda hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alqı-satqı faizini ə son ödəniş tarixindən etibarən gecikmə cərimə faizini, qalan hesab balansma(borcuna) isə hesab fakturası tarixindən etibarən bu müqavilə üzrə alqı-satqı faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir.Həmin müqavilənin həmən bəndinə əsasən ödənişlərdə gecikməyə yol vermiş borcluya müvafiq borc məbləğinin ödənilməsini sildirmək məqsədi ilə “Bank” tərəfindən göndərilən hər bir bildiriş olduqda 2 AZN (iki manat) məbləğində komisyon haqqı tətbiq edilir. Həmin müqavilənin 4.24-cü bəndinin şərtlərinə əsasən kart(lar) üzrə borcla(larla) bağlı geri ödənişlər aparılarkən, ödənilən borc(lar) məbləği(ləri) nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin (borcun) gecikdirilməsindən əmələ gələn zərər/cərimələr, sonra faizlər ən nəhayət kretditin (borcun) əsas məbləği üzrə borc ödənilir (silinir). Bundan başqa həmin müqavilənin 4.26-cı bəndinin şərtlərinə əsasən “Bank” 5 (beş) il müddətinə 500.00 manat (AZN) məbləğində “Kart/əlavə kart sahibinə” kredit kartı limitini açır. “Kart/əlavə kart sahibi” isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə müəyyən edilmiş şərtlərlə “Bank”-a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27.02.2014-cü il tarixli kredit kart müqaviləsinə əsasən 500 manat limitli kredit kart Cavabdeh verilmişdir. Lakin kartın cavabdehə təslim edilməsinə dair poçt çatdırılma qəbzi 5 ildən artıq müddəti keçdiyi üçün aktlar ləğv edilmişdir ki, buna dair "xxxx" MMC-nin məktubu qoşmaya əlavə edilir. 27.02.2014-tarixli kredit kart müqaviləsindən əvvəl müştəri (indiki cavabdeh) kredit kart sifarişi formu (müraciət forması) imzalayır form imzalanarkən borc hesab bildiriş fakturasının özünün formda qeyd etdiyi email elektron poçt adresinə göndərilməsini istəmişdir və həmin bildirişlər uğurlu şəkildə cavabdehin email adresinə göndərilmişdir, həmin bildirişlər və kredit sifariş formu qoşmaya əlavə edilir. 27.02.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə kart cavabdehə çatdırıldıqdan sonra borclu tərəfindən kartdan 2014- 2015-ci illər arasında aktiv istifadə edilmiş və həmin istifadəyə dair 14 vərəqdən ibarət hesab çıxarışı qoşmaya əlavə edilir. Cavabdeh tərəfindən irəli sürülmüş əsasları üzrə məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Məhkəmə isə bu halı nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehə həmin kredit müqaviləsi üzrə plastik kartın təhvil verilməsi barədə akt 5 il müddəti bitdiyi üçün ləğv edildiyindən aktı təqdim edə bilmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 27.02.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən bank müştəriyə cari hesab açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bank tərəfindən bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürür, debet kart üzrə bank kart sahibinin bankda olan hesabındakı pulun ATM kart vasitəsilə nağd pul vəsaitinin alınması, nağd pul vəsaitinin çıxarılması təmin etməyi, şərtləşdirilmiş komisyon muzdu haqqı ödəməyi öhədisnə götürür, bank 5 il müddətinə 500 manat məbləğində kart sahibinə kredit kartı limitini açır, kredit kartı sahibi isə həmin kredit kartı limiti üzrə istifadə edilmiş pul vəsaitini şərtləşdirilmiş qaydada banka qaytarmağı öhdəsinə götürür. "xxxx" QSC-nin 19.08.2016-cı il tarixli, **********110 saylı maliyyə vərəqəsində qeyd edlmişdir ki, Cavabdeh 27.02.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 500 manat məbləğində kredit limiti ayrılmışdır. Hazırda əsas borc üzrə 482,33 manat, faiz borcu üzrə 45,14 manat, cərimə borcu üzrə 174,65 manat, komissiya xərci 2 manat, poçt xərci 5,50 manat olmaqla, cəmi 709,62 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh veridiyi izahatında iddiaçı bank ilə aralarında kredit kartı hesabına dair müqavilə bağlanılsa da, kredit kartının ona təhvil verilmədiyini, kredit kartı üzrə heç bir pul vəsaitini əldə etmədiyini bidlirmişdir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf kredit xəttinə dair qarışıq müqavilə üzrə kredit kartının (kart daxilində 500 manat məbləğində pul vəsaiti olması) cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən həmin məbləğdə pul vəsaiti olan kredit kartının təhvil alınması barədə sübutlar təqdim edə bilməmiş, bununla da məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. İddianın və apellyasiya şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər dəlillər iş materiallarında mövcud deyildir, iddiaçı sübutetmə yükü ilə bağlı öz öhdəliklərini icra etməmişdir. İş üzrə tərəflər arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanılmış olsa da, kartın cavabdehə təhvil verilməsi, cavabdehin kredit kartını təhvil alması və kredit vəsaitini əldə etməsi iş materialları ilə müəyyən edilmir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə həmin kredit müqaviləsi üzrə plastik kartın təhvil verilməsi barədə akt 5 il müddəti bitdiyi üçün ləğv edildiyindən aktı təqdim edə bilmirlər. “Kredit kart müqaviləsi üzrə kart cavabdehə çatdırıldıqdan sonra borclu tərəfindən kartdan 2014-2015-ci illər arasında aktiv istifadə edildiyi” ilə bağlı apellyatorun mövqeyinə münasibətdə qeyd edir ki, həmin hesabdan əməliyyatların məhz Cavabdeh tərəfindən aparılmış olmasını müəyyən etmək mümkün deyildir, çünki 5362...0202 nömrəli kartın Cavabdeh təhvil verilməsini təsdiq edən dəlil apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(002)- 2863/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar