Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-901/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin –Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisi olan Fond iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış 117 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.197 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.205,28 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 295,65 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 721,44 ABŞ dolları, cəmi 10.419,37 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 144 manat məbləğində pul borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh2 və Cavabdeh3 tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 22 faiz dərəcəsi ilə 6.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit borcu, ona hesablanmış faizlə birlikdə 36 ay müddətində hissə-hissə və aybaay Banka ödənilməli idi. Borcalan Cavabdeh1 da üzərinə öhdəlik götürmüşdür ki, borcu həmin qaydada Banka ödəyəcək. Bundan başqa iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Banka müraciət edərək borcalan Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət verərək xx.xx.2015-ci il tarixdə Bank ilə “Zaminlik müqaviləsi” bağlamışlar. Qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq nə borcalan, nə də ki, zaminlər müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, iddia ərizəsində qeyd edilən məbləğdə olan borcu Banka ödəməmişlər, baxmayaraq ki, Bank, borcun ödənilməsini onlardan yazılı surətdə dəfələrlə tələb etmişdir. Bu səbəbdən də Bankın ləğvedicisi hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 144 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bankın ləğvedicisi hesab edir ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.197 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.205,28 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 295,65 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi –144 manat cavabdehlərdən tutularaq Banka ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehlərin öz üzərilərinə götürdükləri öhdəlikləri icra edilməməsi səbəbindən, Bank, lisenziyasının ləğvindən əvvəl, yəni fəaliyyət göstərdiyi dövrdə həmin məbləğdən istifadə etmək və fayda qazanmaq imkanından məhrum olmuşdur. Bu ziyanın ödənilməsi məqsədi ilə cavabdehlərdən Bankın xeyrinə 721,44 ABŞ dolları məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.752,27 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.299,76 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 295,65 ABŞ dolları, cəmi 7.347,68 ABŞ dollarının (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun bir hissəsinin – 100 manat məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsini, dövlət rüsumunun qalan hissəsinin Bankın özünə aid edilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın bərabər hissələr ilə Bankdan və Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də, o, kreditor Banka olan borcunu ödəməlidir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi rəydən görünür ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun məbləği 4.752,27 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 2.299,76 ABŞ dolları təşkil edir. Buna görə də Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı Bankın xeyrinə iddia ərizəsində göstərilən məbləğlər deyil, ekspert rəyində göstərilən həmin məbləğlər tutulmalıdır. Bankın ləğvedicisi olan Fond iddia ərizəsi ilə həmçinin “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 721,44 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etsə də, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bank hazırda ləğvetmə prosesində olduğu üçün bank fəaliyyəti ilə məşğul olmur, kredit vermir. Belə olan halda qəbul edilməlidir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə borcun ödənilməməsi nəticəsində Bank fayda itirməmişdir. Bu səbəbdən də bu tələb əsaslı hesab edilə bilməz. Bankın ləğvedicisi olan Fond qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsini borcalan Cavabdeh1 ilə yanaşı, sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasız zamin durmuş iş üzrə digər cavabdehlərdən də tutulması xahiş edir. Bu tələb təmin edilə bilməz. Çünki cavabdehlər ilə Bank arasında bağlanmış “Zaminlik müqavilələri” ilə zaminliyin konkret müddət təyin edilmiş, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə isə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Odur ki, iddia tələbinin digər cavabdehlərə - zaminlərə aid hissəsi əsaslı hesab edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Bankın ləğvedicisi olan Fonda həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə tam həcmdə əsaslı olan iddianın bir hissəsini əsassız olaraq təmin etməmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh1 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdir.
9. İş üzrə digər cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
12. Belə ki, Cavabdeh1 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən illik 22 faiz dərəcəsi ilə 6.500 ABŞ dolları məbləğində pulu Bankdan kreditə götürmüşdür. “Kredit müqaviləsinin” şərtlərindən və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikindən” görünür ki, Cavabdeh1 kredit borcunu, borca hesablanmış faizlər ilə birlikdə 36 ay müddətində hissə-hissə və aybaay Banka ödəməli idi.
13. “Kredit müqaviləsinə” xx.xx.2016-cı il tarixdə edilmiş “1 saylı Əlavədən” görünür ki, Cavabdeh1 verilmiş kreditin qalıq məbləği 5.277 ABŞ dolları təşkil edir. Kreditin qaytarılması müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kreditə hesablanmalı olan illik faiz dərəcəsi 22-dən 16-ya endirilmişdir.
14. Bank ilə Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 117 nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh3 borcalan Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və borcalan ilə birlikdə mülki məsuliyyəti qəbul etmişdir.
15. Bank ilə Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 117/1 nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və borcalan ilə birlikdə mülki məsuliyyəti qəbul etmişdir.
16. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Hesabdan çıxarışdan” görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə xx.xx.2019-cu il tarixdə 1.018,78 ABŞ dolları, yəni 1.731,93 manat məbləğində kompensasiya ödənilmişdir.
17. İşdə olan sənədlərdən və Bankın ləğvedicisi olan Fond tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışından” görünür ki, yuxarıda qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq “Kredit müqaviləsi” üzrə yaranmış borc Banka tam həcmdə ödənilməmişdir. “Maliyyə arayışında” əks olunan məlumatlara görə həmin “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun məbləği 5.197 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 4.205,28 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə görə hesablanmış cərimənin (dəbbənin) məbləği 295,65 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faizlə hesablanmış əldən çıxmış faydanın məbləği 721,44 ABŞ dolları, cəmi borcun məbləği isə 10.419,37 ABŞ dolları təşkil edir.
18. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən borcun ödənilməsi Bank və Bankın ləğvedici olan Fond tərəfindən cavabdehlərdən tələb edilsə də, borc ödənilməmiş qalmışdır.
19. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsində və “Maliyyə arayışında” göstərilən məbləğlərin əsaslılığını yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlı ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/5438 saylı rəydən görünür ki, “Kredit müqaviləsi” (müqaviləyə edilmiş “1 saylı Əlavə nəzərə alınmaqla) üzrə xx.xx.2019-cu il tarixə yaranmış əsas kredit borcu 4.752,27 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 2.299,76 təşkil edir. “Maliyyə arayışında” qeyd edilən xx.xx.2022-ci il tarixə illik 5% hesablamaqla əsas kredit borcunun məbləği 4.752,27 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 2.950,55 ABŞ dolları təşkil edir.
21. Göstərilənləri, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinin dəlillərinə nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.). Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (maddə 471.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir (maddə 477.0.4.).
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bildirmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
23. Mülki Məcəllənin tələblərinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.). Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (maddə 449.4.).
24. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, borclu olan Cavabdeh1, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi, Banka olan borcu tam həcmdə deyil, qismən qaytarması aşkardır və Cavabdeh1 hətta özü də bu halı inkar etmir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinə görə Banka olan borcunu ödəməlidir.
25. Bununla yanaşı Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı Bankın xeyrinə iddia ərizəsində göstərilən məbləğlər deyil, ekspert rəyində göstərilən həmin məbləğlər tutulmalıdır. Çünki ekspertiza tərəfindən verilmiş rəydə göstərilir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun məbləği 4.752,27 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 2.299,76 ABŞ dolları təşkil edir.
26. Rayon Məhkəməsinin bu nəticəsi iddiaçı Bankın ləğvedicisi olan Fond tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilir. Apellyasiya şikayətində qeyd edilir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və qətnamə qəbul edərkən Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli rəy səhvdir; rəyi vermiş ekspert cavabdehlərin etdikləri ödənişləri səhv nəzərə almış və nəticədə borcun məbləğini səhv hesablamışdır.
27. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı zamanı izahat verərək bildirmişdir ki, iş üzrə rəy vermiş ekspert və işə baxmış Rayon Məhkəməsi nəzərə almamışlar ki, Bank ilə Cavabdeh1 arasında iki “Kredit müqaviləsi”, yəni 21222 00003685 0001 və 21222 00003685 0002 hesab nömrəli müqavilələr bağlanmışdır. Bankın cavabdehlərə qarşı irəli sürülməsinə əsas olmuş müqavilə 21222 00003685 0002 hesab nömrəli “Kredit müqaviləsidir”. Digər müqavilə üzrə borc ödənilmişdir. İş üzrə rəy vermiş ekspert işin bu halını nəzərə almamış 21222 00003685 0001 hesab nömrəli müqavilə üzrə edilmiş ödənişlərin bir hissəsini 21222 00003685 0002 hesab nömrəli “Kredit müqaviləsi” üzrə ödəniş kimi qəbul etmişdir. Odur ki, bu xüsusat ekspertizanın diqqətinə çatdırılmaqla iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.
28. Bunları bildirmiş iddiaçı Bankın nümayəndəsi hər iki “Kredit müqaviləsi” üzrə hesabdan sistem çıxarışını Məhkəməyə təqdim etmişdir.
29. İddiaçı Bankın nümayəndəsinin Məhkəməyə təqdim etdiyi hesabdan sistem çıxarışından görünür ki, Bank ilə Cavabdeh1 arasında 21222 00003685 0001 və 21222 00003685 0002 hesab nömrəli “Kredit müqavilələri” bağlanmışdır.
30. Bankın dəlillərinin əsaslı olub-olmamasını yoxlamaq üçün Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1516 nömrəli rəyi alınmışdır.
31. Həmin rəydə qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 117 saylı “Kredit müqaviləsində” qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı Banka olan borcu aşağıdakı kimi müəyyən edilir: müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 4.752,27 ABŞ dolları, faiz borcu üzrə 2.299,76 ABŞ dolları. Maliyyə arayışına qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə 4.752,27 ABŞ dolları, faiz borcu üzrə 2.950,55 ABŞ dolları, faiz borcu 5% ilə 650,79 ABŞ dolları.
32. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili sübuta yetmədiyinə görə əsassız hesab edilməlidir. Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə Bankın xeyrinə 4.752,27 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə isə 2.299,76 ABŞ dolları məbləğində pul tutulmalıdır.
33. Yuxarıda artıq qeyd edildiyi kimi Bank tərəfindən iddiaçılara qarşı irəli sürülmüş iddianın bir hissəsi də ondan ibarət olmuşdur ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 721,44 ABŞ dolları məbləğində pul borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır
34. Rayon Məhkəməsi bu tələbi əsassız hesab edərək rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Bank hazırda ləğvetmə prosesində olduğu üçün bank fəaliyyəti ilə məşğul olmur, kredit vermir. Belə olan halda qəbul edilməlidir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə borcun ödənilməməsi nəticəsində Bank fayda itirməmişdir. Bu səbəbdən də bu tələb əsaslı hesab edilə bilməz.
35. Məhkəmə bu yanaşma ilə razılaşmır. Belə ki, Bankın ləğvetmə prosesində olub-olmamasından asılı olmayaraq cavabdehin Bankdan götürdüyü krediti əsassız olaraq özündə saxlamaqla qaytarmaması və icranı gecikdirməsi iş materialları ilə sübuta yetirildiyindən Banka illik 5% ödənilməsini tələb etməkdə haqlıdır.
36. Lakin Məhkəmə hesab edir ki, bu tələb qismən əsaslıdır. Çünki Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, müzakirə edilən faizin məbləği 721,44 ABŞ dolları deyil, 650,79 ABŞ dolları təşkil edir.
37. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə müzakirə edilən bu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, müzakirə edilən tələb qismən təmin edilməli və yuxarıda qeyd edilən “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə Bankın xeyrinə 650,79 ABŞ dolları məbləğində pul tutulmalıdır.
38. Göründüyü kimi apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissədə aid dəlili formal mülahizə xarakteri daşımır.
39. Bankın iddia ərizəsindən görünür ki, Bank onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun borcalan Cavabdeh1 ilə yanaşı, sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, zaminlərə qaşı yönəlmiş tələb təmin edilə bilməz və bu mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər ilə Bank arasında bağlanmış “Zaminlik müqavilələri” ilə zaminliyin konkret müddəti təyin edilmiş, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə isə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Borc yalnız borcalan Cavabdeh1 tutulmalıdır.
41. Apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsinin bu nəticəsi səhvdir.
42. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
43. Bank ilə cavabdehlər arasında bağlanmış və yuxarıda qeyd edilmiş “Zaminlik müqavilələrindən” görünür ki, “Zaminlik müqavilələri” “Kredit müqaviləsi” üzrə öhdəlik yerinə yetirildikdən sonra qüvvədən düşür (bənd 4.2.).
44. Məhkəmə hesab edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir (maddə 367.2.). Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər (maddə 367.3.). Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi; illər, aylar, həftələr, günlər və ya saatlar; hökmən baş verməli olan hadisə. Bank ilə cavabdehlər arasında bağlanmış “Zaminlik müqavilələrində” 1-ci və 2-ci formadan istifadə olunmamışdır. Apellyasiya şikayətində istinad edilən – “Kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icrası”nın isə 3-cü formaya aid edilməsi barədə mövqe yanlışdır. “Kredit müqaviləsi üzrə öhdəliyin icrası” hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki hökmən baş verməli olan hadisə deyiləndə, elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyildir.
45. Beləliklə, “Zaminlik müqaviləsində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası Bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinə” edilmiş “1 saylı Əlavənin” şərtinə əsasən xx.xx.2019-cu il tarixdə başa çatmışdır, hazırkı iddia isə bu tarixdən təxminən 3 ilə yaxın müddət keçdikdən sonra - xx.xx.2022-ci il tarixdə irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zaminlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı Bank qarşısında məsuliyyət daşımırlar.
46. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi zaminlərə qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili formal mülahizə xarakteri daşıyır.
47. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamənin iddiaçı Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə aid hissəsindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Belə ki, işin hallarından görünür ki, iddia tələbi cəmi 10.419,37 ABŞ dolları məbləğində pulun tutulmasına yönəlmiş, Rayon Məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qətnamələri ilə iddiaçının xeyrinə cəmi 7.998,47 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, təmin edilməyən tələb 2.420,9 ABŞ dolları təşkil edir ki, bu da Azərbaycan manatı ilə 5.000 manatdan az məbləğ təşkil edir. Bu baxımdan iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
49. Cavabdeh1 iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırki qətnamənin isə Cavabdeh1 narazı qala biləcəyi hissəsi isə 650,79 ABŞ dolları məbləğində pulun ondan iddiaçının xeyrinə tutulmasından ibarətdir. Həmin məbləğ Azərbaycan manatı ilə 5.000 manatdan az məbləğ təşkil edir. Bu baxımdan qəbul edilməlidir ki Cavabdeh1 də hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
50. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçı Bank, onun xeyrinə tutulmalı olan pul vəsaitinin həmçinin cavabdeh olan zaminlərdən tutulması barədə tələbin təmin edilməməsi hissəsindən MPM-nin 402-ci maddəsinin tələbinə əsasın kassasiya şikayəti verə bilər.
51. Beləliklə apellyasiya baxışı ilə müəyyən edilmiş işin hallarını, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli qətnamə qismən, yəni 5% ilə hesablanmış məbləğin tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 117 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 650 (altı yüz əlli) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində pul (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 10 noyabr 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 117 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.752 (dörd min yeddi yüz əlli iki) ABŞ dolları 27 (iyirmi yeddi) sent, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.299 (iki min iki yüz doxsan doqquz) ABŞ dolları 76 (yetmiş altı) sent, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 295 (iki yüz doxsan beş) ABŞ dolları 65 (altmış beş) sent, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun bir hissəsinin – 100 (yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin Bankın özünə aid edilməsi, ABŞ dolları ilə ifadə olunmuş pul məbləğinin qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın bərabər hissələr ilə Bankdan və Cavabdeh1, yəni hər birindən 50 (əlli) manat tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya baxışı zamanı İddiaçı ASC-nin vəsatəti əsasında iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 (yüz) manat İddiaçı ASC-dən dövlət nəfinə tutulsun. Hazırki qətnamənin iddiaçı Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə aid hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamənin həmin hissəsi qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamənin iddiaçı Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin həmçinin cavabdeh olan zaminlərdən tutulması barədə tələbin təmin edilməməsi hissəsindən iddiaçı Bank, qətnaməni aldığı tarixdən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.