Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9019/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 10.3000 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 aprel 2018-ci il tarixindən 05 aprel 2021-ci il tarixə qədər Cavabdeh kredit müqaviləsi əsasında hər ay 286 manat qaytarmaq şərti ilə 10300 manat borc vermişdir. Müqavilə bağlandığı andan bu günədək cavabdeh tərəfindən heç bir ödəniş olmayıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 05.04.2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 9.100 (doqquz min bir yüz manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onunla şərikli alver etmək üçün ona öncə 14 min manat pul vermiş, həmin pulun üstünə 4 min manat pul qoyub yük avtomobili almışlar. Aradan 3 ay keçdikdən sonra iddiaçıya vədlərinə əməl etmədiyindən əmin olub ona bildirmişdir ki, onun pulunun xərclənmiş, maşını satıb pulunu götürsün. Onlar razılaşmış maşını ona təhvil vermişdir. Bu hadisədən bir neçə ay sonra iddiaçı zəng edib xahiş etmişdir ki, maşını satmağa ona kömək etsin. Maşını satmaq üçün Bakıya gəlmiş, maşını təmir etdirib 2000 manat pul və 8 min manatlıq boya ilə dəyişmişlər. Hər dəfə boyanı satdıqca həmin şəxsə ödəniş etmiş, 14.000 manat borcundan 7.500 manat borcu qalmışdı. İddiaçı atasına 300 manat ödəniş etmiş, işlərim pis getdiyindən bir müddət ödəniş edə bilməmişdi. İddiaçı ondan məcburi şəkildə borc müqaviləsi bağlamağı tələb etmiş məcbur olub aralarındakı 7.200 manatlıq borc müqaviləsi bağlamağa razılaşdır. Müqavilə bağlayanda hədə qorxu gəldilər deyə şərtləri oxumaqdan çəkinmiş, müqavilənin onda qalmalı olan nüsxəsini də götürmədən notoriusu tərk etmişdi. Bundan sonra 200 manat ödəniş etmiş, iddiaçıya 7 min manat borcu qalmışdı. Aralarında mübahisə yaranmasın deyə anas Südabə Əliyeva hər ay 100 manat ödəniş etmiş, 1.350 manat ödəniş etdikdən sonra Elxan bununla razılaşmamış, ayda 500 manat tələb etmişdir. 5.300 manat borcu olduğu halda cavabdeh 9.100 manat pul tələb edir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, səhətində hər-hansı bir problemlərin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış 5 aprel 2018-ci il tarixli, reyestrdə 3M- 246 № ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 05.04.2021-ci il tarixədək qaytarmaq şərti ilə 10.300 manat pul borc almışdır. İş materiallarında olan, 5 aprel 2018-ci il tarixli, reyestrdə 3M-246 № ilə qeyd edilmiş kredit müqaviləsi üzrə aparılmış 19 noyabr 2018-ci il tarixli, reyestrdə 8İ-2370 № ilə qeyd edilmiş icra qeydi üzrə notariat işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək 05.04.2016-cı il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh tərəfindən vaxtında yerinə yetirilmədiyi üçün borc alan Cavabdeh 24.09.2018-ci il tarixində 15 gün müddətinədək müqavilənin şərtlərini yerinə yetirilməsi tələb edilmişdir. Borc alan Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 19.11.2018-ci il tarixində icra qeydi aparılmış və Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı münasibət borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi cavabdeh Hacı Ağabəyov apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində iddiaçının ondan məcburi şəkildə borc müqaviləsi bağlamağı tələb etdiyindən məcbur olub 7.200 manatlıq borc müqaviləsi bağlamağa razılaşdığını, müqavilə bağlayanda hədə qorxu gəlindiyindən şərtləri oxumaqdan çəkindiyini, 5.300 manat borcu olduğu halda cavabdehin ondan 9.100 manat pul tələb etdiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-592/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9019/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9019/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver