Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9020/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 30.09.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.286,25 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 286,29 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 436,67 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı QSC ilə 30.09.2019-cu il tarixdə bağladığı 014A********** saylı “Kredit müqaviləsinə” əsasən aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində pulu Bankdan borc almışdır. Cavabdeh, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh kredit borcundan cəmi 713,75 manat məbləğində ödəniş etmiş, qalan borcu - 2.286,25 manatı isə ödəməmişdir. “Kredit müqaviləsinin” 2.4-cü maddəsinə əsasən faiz kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən borcun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin “Kredit müqaviləsinin” 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu Banka qaytarmadığı üçün cavabdehin 12.02.2021-ci il tarixə (191 gün üçün) hesablanmış faiz borcu 286,29 manat təşkil edir. “Kredit müqaviləsinin” 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 12.02.2021-ci il tarixə 191 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 436,67 manat təşkil edir. Bank borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcunu ödəməmiş, bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, “Kredit müqaviləsinin” şərtinə əsasən Bankın müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.286,25 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 286,29 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə məbləğinin azaldılmasını və azaldılmış cərimənin məbləğinin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi yalnız iddiaçı Bankın sübutlarını araşdırmış, onlara əsaslanmış, cavabdehin sübutlarını isə araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Cavabdehin özü və iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında 30.09.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, qeyd edilən həmin müqaviləyə əsasən aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində pulu Bankdan borc almışdır. İşin hallarından görünür ki, cavabdeh, “Kredit müqaviləsinin” tələbini pozaraq dəfələrlə ödənişləri yubatmışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh kredit borcundan cəmi 713,75 manat məbləğində ödəniş etmiş, qalan borcu isə ödəməmişdir. Hazırda onun Banka 2.286,25 manat məbləğində əsas borcu, 286,29 manat məbləğində faiz borcu var. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən “Kredit müqaviləsinin” şərtlərinə əsasən hesablanmış cərimənin (dəbbənin) məbləği 436,67 manat təşkil edir. Bank tərəfindən cavabdehə ünvanlanmış 02.02.2021-ci il tarixli məktubdan görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmiş və cavabdehin xəbərdar etmişdir ki, əgər cavabdeh borcu ödəməsə ondan Bank “Kredit müqaviləsinin” ləğvi və borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi yalnız iddiaçı Bankın sübutlarını araşdırmış, onlara əsaslanmış, cavabdehin sübutlarını isə araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iş materiallarından və Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclaslarına aid iclas protokolundan görünür ki, cavabdeh məhkəmə baxışı iclasında iştirak etsə də, Rayon Məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Banka olan borcunu Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərin tətbiq edilməsi səbəbindən yaranmış maliyyə problemlərinə görə ödəyə bilməmiş, buna görə də o, Rayon Məhkəməsində xahiş etmişdir ki, iddia tələbi faiz və dəbbə puluna aid hissədə rədd edilsin. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsində” hər hansı bir infeksiyanın yayılması, pandemiyanın yaranması, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi hallarının baş verməsi, bu hallar nəticəsində maliyyə çətinliklərinin yaranması “Kredit müqaviləsi” tərəflərinin üzərilərinə götürdükləri öhdəliklərin icrasından tam və ya qismən azad edilməsi nəzərdə tutulmamışdır. Odur ki, hesab edilməlidir ki, Rayon Məhkəməsi cavabdehin bu dəlilini nəzərə almamaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9020/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9020/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver