Məhkəmə qərarları › İş №2(103)-9022/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9022/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9022/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4282/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 05.05.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulması qət edilmiş hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat miqdarında aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-4282/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05.05.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini hazırkı maddi durumunun uşaqların normal şəraitdə saxlanmasını təmin etməyə imkan vermədiyi ilə əsaslandırmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən 2011-ci ildən indiyədək onun gəlirlərində hər hansı dəyişiklik olmadığını nəzərə almamışdır. Belə olan halda artırılmış aliment məbləği onu ağır duruma salmaqla yanaşı, həm də qeyd edilən məbləğin ödənilməsini mümkünsüz edəcəkdir. İddiaçı bunları nəzərə almadan iddia irəli sürmüş və məhkəmə də qətnamə qəbul etmişdir. Odur ki, onun aliment məbləğini ödəməsi üçün qətnamə ləğv edilməli, əvvəlki məbləğ saxlanılmalıdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 23.10.2007-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan 26.12.2007-ci il təvəllüdlü X4 və 19.12.2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05.05.2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş övladları - X4 və X2 ananın himayəsinə verilməsi, uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla iddianı təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri və s. ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə alimentin miqdarını artırmaqla cavabdehin vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri uşaqları belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar