Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-903/2019 29.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Ehtiram Paşalının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1473/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 37046 ABŞ dolları əsas, 14805,41 ABŞ dolları faiz, 1000 ABŞ doları cərimə borcunun, cəmi 52851,41 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydiyyatı üçün rüsumun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 115500 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, 1 b saylı evin 3 saylı mənzilinə və ilkin satış qiyməti 34400 manat müəyyən edilməklə Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçının tələblərinin ödənilməsi, artıq qalan pulun cavabdehlərə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Banka 100000 manat kredit almaq üçün müraciət edib. Lakin Bank ona 45000 ABŞ dolları kredit verib və sonradan əlavə kredit verəcəyi barədə vədinə əməl etməyib. Əvvəllər vaxtlı-vaxtında ödənişlər etsə də, sonradan Bank qarşısında öhdəliklərini yerinə yetirə bilməyib. Bank müraciətinə cavab olaraq borcun 10 faizini hesabına ödədiyi halda onu manatla ödənişə keçirəcəkləri və yerdə qalan pulu verəcəkləri bildirilib. Ona görə də 3800 ABŞ dolları pulu Banka ödəyib, lakin qalan məbləği Bank ona verməyib. Hüquqi savadı olmadığından ekspertiza keçirilməsi barədə vəsatət verə bilməyib. İpoteka predmeti olan əmlaklar real dəyərindən dəfələrlə aşağı qiymətləndirilib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayət etiraz edərək, bildirdi ki, cavabdehin şikayətdə istinad etdiyi hallar həqiqətə uyğun deyil, Bankdan tərəfindən ona belə vədlər verilməyib. Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasa gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin kredit borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, Cavabdeh1 isə apellyasiya şikayətinin tələb hissəsində qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, qətnaməni yalnız həmin hissələrdə mübahisələndirir. Birinci instansiya məhkəməsi tərəflərin izahatları və iş materialları əsasında müəyyən etmişdir ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 279/K-15 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə, illik 21% dərəcəsi (gecikməyə görə illik 42% cərimə) ilə 45000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, 1 b saylı evin 3 saylı mənzili və Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi (bundan sonra - ipoteka predmetləri) ipoteka ilə yüklü edilmiş, yüklülüklər daşınmaz əşyaların dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmiş, “X1” MMC-nin xx.xx.2018-ci il tarixli rəyləri ilə əmlakların bazar dəyəri müvafiq olaraq 115500 manat və 34400 manat müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 462, 467, 739.1 və 741-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan və borcludan tələb edilən əsas, faiz və azaldılmış 1000 ABŞ dolları cərimə borcu Bankın xeyrinə tutulmalı, tutma ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən müvafiq olaraq 115500 manat və 34400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi, ona görə də borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində düzgün qənaətə gəlsə də, faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə ekspertiza mərkəzinin 4496 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə borclunun Bank tərəfindən sonuncu maliyyə arayışının verildiyi xx.xx.2018-cı il tarixə Banka olan əsas borcu 37967,78 ABŞ dolları, faiz borcu 13620,94 ABŞ dolları təşkil edir. Dəbbə pulunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspert tərəfindən dəbbə pulunu hesablamaq mümkün olmamışdır. Rəyin kifayət qədər əsaslandırılmışdır və rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə kollegiyası ekspert rəyində müəyyən edilmiş faiz borcu məbləğini əsaslandırılmış hesab edir. Nəzərə alınmalıdır ki, ekspert rəyində əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olması həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsas ola bilməz. Belə ki, həmin hal iddia tələbindən kənara çıxma olardı. Dəbbə pulu tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi həmin məbləği qeyri-mütənasib hesab edərək 1000 ABŞ dolarına azaltmışdır. Dəbbə pulunun təmin olunmuş hissəsi əsas və faiz borcuna mütənasibdir. Müqavilənin 2.5-ci bədində dəbbə pulunun ödənilməsi şərtləndirildiyindən onun tam silinməsinə əsas yoxdur. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən etmiş, cavabdeh apellyasiya şikayətində həmin məbləğlə razı olmadığını bildirərək, əmlakın dəyərinin aşağı göstərildiyini iddia etmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq aşkar əsaslandırılmamış, cavabdeh həqiqətən də Bank tərəfindən ona şikayətdə istinad olunan vədlərin verildiyi barədə hər hansı sübut təqdim etməmişdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, MPM-in 119.1-ci maddəsinə əsasən ekspertiza xərci tələbin təmin olunan hissəsinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1473/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləği 13620,94 ABŞ dolları müəyyən edilsin. Qətnamə əsas borcun, dəbbə pulunun və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə 145 manat məbləğində ekspertiza xərcinin 45 (qırx beş) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 (yüz) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza:Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür Hakim: Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-903/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-903/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver