Məhkəmə qərarları › İş №2(103)-903/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-903/2024

27.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-903/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X14 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi İddiaçı, iddiaçı və üçüncü şəxs X4 vəkili Vəkil1, Cavabdeh1 Mı̇ rzə oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-965/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X7, anası X1 qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 054565 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3436/2022 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək mərhum xx.xx.1993-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin ƏMDK yanında DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək xx.xx.1993-cü il tarixdə vəfat etmiş babası X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və onun müraciəti əsasında miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi xahiş olunmuşdur.

4. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli F-21-091 saylı məktubundan görünür ki, RİHB-nin Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən əmlaka baxış keçirilmək üçün həmin ünvana gedilmiş, lakin torpaq sahəsinin giriş qapısı bağlı olduğundan sözügedən sahəyə baxış keçirmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər tərəfindən mərhum babası X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə daxil olmağına yaradılan maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslər tərəfindən mərhum babası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün cavabdehlər tərəfindən istənilən maneələrin və qadağaların aradan qaldırılması və bu məqsədlərlə hər hansı bir özbaşına hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mərhum babası X2 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədləri ilə fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün cavabdehlərin etdikləri istənilən maneələrin və qadağaların aradan qaldırılması və bu məqsədlərlə hər hansı bir özbaşına hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Hər iki iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 3436/2022 saylı qətnaməsi ilə mərhum xx.xx.1993-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılması qət edilmişdir. Mərhum babası X3 mülkiyyətində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Babasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmiş və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışının yeni çıxarışla əvəzlənməsi ilə bağlı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mərhum X5 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən isə mərhum X5 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi zəruri olduğundan, İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dəfələrlə torpaq sahəsinə getsələr də, cavabdehlər giriş qapısını bağlı saxlayaraq, hər hansı şəxsin torpaq sahəsinə daxil olmalarına icazə verməmişlər. Hər vasitə ilə cizginin və xəritədən çıxarışın tərtib edilməsinə maneçilik törədirlər. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli F-21-091 saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə giriş qapısı bağlı olduğundan, sözügedən torpaq sahəsinə baxış keçirmək mümkün olmamışdır. Cavabdehlər torpaq sahəsinin giriş qapısını açmamaqla iddiaçının və eyni zamanda İcra Hakimiyyətinin mütəxəssislərinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin torpaq sahəsinə daxil olmalarına maneçilik törədir. Onlar cavabdehlərin yaşayış sahəsindən pay almasına etiraz etmir. Qapı bağlı olduğundan dövlət orqanları tərəfindən torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi mümkün olmur.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-965/2023 saylı 27 sentyabr 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən mərhum X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədi ilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün istənilən maneələrin və hər hansı bir özbaşına hərəkətlərin edilməsi cavabdehlərə qadağan olunmuşdur; Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən mərhum X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədi ilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün istənilən maneələrin və hər hansı bir özbaşına hərəkətlərin edilməsi cavabdehlərə qadağan olunmuşdur.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı və müstəqil tələb irəli sürən X10 babalarından miras qalmış daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirmək üçün müvafiq qurumlara müraciət etmişlər. Həmin dövlət orqanlarının əməkdaşları tərəfindən daşınmaz əmlakın plan və cizgilərinin tərtib edilməsi məqsədi ilə oraya baxış keçirmək istədikdə isə, cavabdehlər torpaq sahəsinin qapısını bağlı saxlayaraq maneəçilik yaratmaqla buna imkan verməmişlər. Eyni zamanda, iddiaçı və müstəqil tələb irəli sürən şəxs qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmənin müvafiq qətnaməsi ilə onların ərizəsi təmin edilmişdir. Belə olan halda, iddiaçıların həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüquqları pozulmuşdur.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddia tələbinin və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin maneənin digər şəxslərə qadağan edilməsi tələbinə münasibətdə bu hissədə tələb qeyri müəyyən şəxslər dairəsinə qarşı olduğundan təmin edilə bilməz.

Apellyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-965/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçilərin verdiyi arqumentlərə istinad edərək ərizəçilərin həmin ünvanda anadan olması və orada uzun müddət yaşamaları, bu günə kimi də həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etmələrini əsas götürərək Azərbaycan Respublikası adından qətnamə qəbul etmişdir. Halbuki ərizəçilər 37 (otuz yeddi) ildir nə torpaqdan nə də fərdi yaşayış evindən istifadə etmirlər. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Mı̇ rzə oğlunun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və üçüncü şəxs X4 vəkili Vəkil1 vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərərk təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən nümüyəndələrinin iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunur. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddialar qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 25.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 26.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 27.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28.1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 29.1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 30.1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 31.1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

32.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 33.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3436/2022 saylı qətnaməsi ilə mərhum X2 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılması qət edilmişdir. xx.xx.1993-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlakı kimi vərəsələrinə keçmişdir.

36. İddiaçı və X10 babalarından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmişlər. Həmçinin miras əmlak üzərində miras qoyanın adına çıxarışın tərtib edilməsi ilə bağlı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdehlər isə iddia edənlərin miras əmlak kimi qəbul etdiyi əmlakın mülkiyyətlərinə keçirmək üçün hüquqlarının rəsmiləşdirilməsinə dair müəyyən hərəkətlərin həyata keçirmələrinə maneçilik törədirlər.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia edənlər miras əmlak üzərində əldə etdikləri vərəsəlik hüquqlarının zəruri sənədləri toplayaraq səlahiyyətli orqanlara təqdim etməklə dövlət tərəfindən tanınmasının reallaşdırılmasını tələb etməyə səlahiyyətlidirlər. Belə olan halda məhkəmə kollegiyası İddiaçı və X4 mübahisəli əmlaka dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndi və Mülki Məcəllənin 1255-ci maddəsi baxımından “gözləntilərinin” olmasını, onların həmin ev üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanuni əsaslarının mövcudluğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hazırki mübahisənin hüquqi dəyərləndirilməsinin Mülki Məcəllənin 157-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmasını mümkün hesab edir.

38. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

40. Mülki Məcəllənin 1321.1 və 1325-ci maddələrinin mənasına görə, mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Həmçinin bu Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Notariat hərəkətlərinin aparılmasının son mərhələsi, bu hərəkətlərin hüquqi reallaşmasını özündə əks etdirən vərəsəlik şəhadətnaməsinin verilməsidir. Vərəsəlik şəhadətnaməsi həm şəxsin varis kimi vərəsəlik hüququnu, həm də ki konkret həcmdə və konkret dəyərdə əmlaka mülkiyyət hüququnu təsdiq edir.

41. Cavabdehlər isə, törətdikləri qanunazidd hərəkətlərlə iddiaçıların vərəsəlik və dövlət tərəfindən müvafiq reyestrə salınmaqla tanınması (evə dair mülkiyyət hüququ barədə çıxarışın alınması) tələb edilən hüquqlarını pozmuşlar. Bununla da Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, İddiaçı və X4 qanunla qorunan hüquqlarının və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüquqları yaranmışdır.

42. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-965/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar