Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-904/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3, digər Cavabdeh2 nümayəndələri (vəkilləri) X1 və Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh1 tanışlığı Cavabdeh2 vasitəçiliyi ilə baş tutmuşdur. Cavabdehlərdən Cavabdeh2 onun dostu, Cavabdeh1 isə Cavabdeh2 qohumudur. Belə ki, Cavabdeh2 Cavabdeh1 xalası qızının əridir. Cavabdeh1 özü iri buynulu mal-qaranın alışını və satışını həyata keçirməklə biznes fəaliyyəti ilə məşğul olmuşdur. Biznesinin inkişafı üçün digər Cavabdeh2 vasitəçiliyi ilə bir neçə investorla işləməyə başlamış, qoyulan investisiyalar hesabına biznesini inkişaf etdirmişdir. Onun biznesinə (ət işinə) investiya qoyanlardan biri də, İddiaçı olmuşdur. Belə ki, tərəflər arasında, yəni Cavabdeh1, Cavabdeh2, İddiaçı və Rəsulov Rüfət arasında xx.xx.2021-ci il tarixli ticarət müqaviləsi bağlanmış və İddiaçı ticarətin görülməsi üçün 30000 manat vəsaiti yatırım (sərmayə) etmişdir. Aralarında bağlanan müqavilənin şərtlərinə əsasən heyvanların alınan yerdən (rayonlardan) təhvil verilən məntəqəyə kimi (Bakı şəhəri) risklər Fəramizin üzərinə qoyulmuş, hər kq ətin üstünə 0,15 manat əlavə olunmaqla Əli və Quluya təhvil verilməsi, həftəyə 3 və ya 3,5 ton ət satışı dövriyyəsinin baş tutacağı razılaşdırılmışdır. Həmçinin, mal-qaranın təhvil-təslimdən sonra (ət kəsim məntəqəsi-Moskva pr) bütün risklər Əli və Qulunun üzərinə düşəcəyi və tərəflərdən biri bu müqaviləni xitam etmək istərsə, pulu dövriyyədən çıxartmaq üçün ən azı 1 ay əvvəl xəbərdar etməli və onun pulu 2 aydan çox olmamaq şərti ilə geri qaytarılmalıdır. Tərəflər arasında münasibətlər biznesin müəyyən dövr uğurlu inkişafı nəticəsində inama söykəndiyindən İddiaçı bu biznesə ümumilikdə 120000 manat məbləğində investisiya qoyduğunu və həmin puldan ona 12000 manat qaytarıldığını iddia etməklə, qalıq borcu cavabdehlərdən müştərək qaydada tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 108.000 manat pulun və həmçinin iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 398 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 təxminən 8 ildir ki tanıyır. Cavabdeh2 əvvəllər onun yanına avtomobil təmiri ilə bağlı gəlib-getdiyindən yaxın tanışlıq münasibətləri yaranmışdır. Onu əvvəllər Sumqayıt şəhərində həm də market nəzarətçisi kimi də görüb tanımışdır. 2021-ci ilin yanvar ayında Cavabdeh2 ona ət işi ilə məşgul olub, qazanc əldə etmək təklifi irəli sürmüş və satılan ətin hər kiloqramından əlavə olaraq ona 0,15 manat gəlir kimi pul verəcəyinə söz vermişdir. Həmçinin, onu digər Cavabdeh1 ilə tanış etmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli əlyazma ilə ticarət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satışdan əldə olunan gəlirdən iddiaçıya pul ödəməyi və iddiaçı tələb etdiyi halda 2 ay ərzində onun pulunu geri qaytarmaq öhdəliyini üzərlərinə götürmüşlər. Cavabdehlərin vədlərinə inanaraq iddiaçı bu iş üçün başlanğıc olaraq 2021-ci ilin yanvar ayında Nərimanov rayonu, Təbriz küçəsində 30.000 manat məbləğində pulu cavabdehlərə vermişdir. Sonra Cavabdeh2 hər həftə qazancdan ona 500 manat pul vermişdir. Bundan 3 ay sonra cavabdehlər işin böyüdüyünü deməklə əlavə vəsaitə ehtiyac olduğunu dedikdə iddiaçı cavabdehlərə 2021-ci ilin mart ayında əlavə 30.000 manat pul vermişdir. Bundan sonra Cavabdeh2 hər həftə ərzində ona 1.000 manat gəlir olaraq pul vermişdir. Bir ay sonra daha cavabdehlərin işin həcminin yenə artırılması təklifinə uyğun onlara 60.000 manat pulu onlara vermiş və sonuncu həftə ərzində ona 1800 manat qazanc verməyə başlamışdır. Cavabdeh2lə söhbət zamanı, o işlərin yaxşı getdiyini, dövriyyənin 350.000 manata çatdığını, başqa investorların da işə qoşulduğu barədə məlumat vermişdir. Lakin iddiaçı 350.000 manatlıq vəsaitə görə heyvanların az olduğunu, düzgün işlərin aparılmadığından şübhə etməyə başlamışdır. Sonuncu dəfə Cavabdeh2 iddiaçıya həftəlik qazanc pulu verərkən ona və Cavabdeh1 pula görə mayanın az olduğunu irad bildirdikdə Cavabdeh2 Qulunun avtomobilində 100.000 manat pul olduğunu deməklə istədiyi vaxtda həmin pulu götürə biləcəyini ona demişdir. Lakin, iddiaçı pula görə deyil işin düzgün qurulması və aparılmasına irad və narazılığını ifadə edərək pulunu həmin vaxt götürməmişdir. 2021-ci ilin iyun ayında qazanc pullarının gecikdiyini görərək iddiaçı cavabdehlərdən verdiyi 120.000 manatdan 55.000 manatını geri almışdır. Lakin təxminən 1 saat sonra cavabdehlər onu aldadaraq başqa bir daha çox gəlirli işin olduğunu, iddiaçıya yaxşı gəlir gətirəcəyini deməklə həmin pulu ondan geri almışdır. Sonradan Cavabdeh2 işdə qazanc olmadığını demişdir. Bundan sonra iddiaçı dəfələrlə pulunu cavabdehlərdən tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə onun pulun qaytarmaqdan imtina etmişlər. Cavabdehlər iddiaçıdan aldıqları pulların ümumilikdə yalnız 12.000 manatlıq hissəsini qazanc formasında ona qaytarsalar da, iddiaçının 108.000 manat pulunu iddiaçıya qaytarmaqdan imtina etmişlər. İddiaçı hüquqlarının qorunması və ona qarşı dələduzluq cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, lakin Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X2 xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əlyazma ilə ticarət müqaviləsi də ilkin olaraq 30.000 manat pulun iddiaçı tərəfindən cavabdehlərə verilməsini təsdiq edir. Cavabdehlər ilə “Whatsapp”sosial şəbəkəsi üzərindən yazışmalar zamanı cavabdehlərin iddiaçıya 108.000 manat pul borcunun olması təsdiq edilir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-4328/2022) iddia qismən təmin edilərək, Cavabdeh1 108000 (yüz səkkiz min) manat məbləğində pul vəsaiti və 398 (üç yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya müqavilə öhdəliklərinin icrası zamanı zərər vurulduğu və bu zərərin məhz Cavabdeh1 tərəfindən vurdulduğu sübut olunduğundan iddia qismən əsaslıdır və 108000 manat məbləğində pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 404, 425, 427, 442, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.3, 80, 77.1, 88, 89.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən 30 000 manat pulun verilməsinə dair tərəflər arasında olan müqaviləyə istinad etsə də, sonradan tərəflər arasında müqavilə bağlamasalar da müqavilənin şərtlərini həmin müqavilənin davamı kimi qiymət vermiş, faktiki tərəflər ticarətlərini davam edərkən aralarında həmin münasibətlərdə öz aralarında gəlirin və ziyanın tam bölünəcəyinə dair sonrakı şifahi razılıqlarına əhəmiyyət verməmiş, borclunun həmin öhdəliklərinin onun risk dairəsinə daxil olub-olmadığını və faktiki cavabdehə ümumi hansı məbləğdə pul verildiyini araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən cavabdehlərə bərabər qaydada yanaşılmamış, iddiaçıya Cavabdeh1 tərəfindən ödənilən pul məbləğlərini nəzərə almamışdır. Cavabdeh1 Türkiyə Respublikasına getdiyi, məhkəmənin hazırlıq və baxış mərhələlərində orada olduğu, iddiaçı və digər cavabdehə göndərdiyi pul məbləğlərinin qəbzləri mobil telefonunda olduğu, həmin telefonu Türkiyə Respublikasına getdiyi zaman tanışına verdiyi üçün bu səbəbdən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində 2021-ci ilin iyun ayında cavabdeh 120 000 manatdan 55000 manatı geri qaytarmış, lakin 1 saat sonra həmin 55000 manat pulu Cavabdeh2 ondan geri aldığını bildirmişdir. Məhkəmə həmin 55000 manat pulu Cavabdeh2 nə etdiyini aydınlaşdırmamışdır. Həmin 55 000 manat pulun Cavabdeh1 verilməsi sübuta yetirilməmişdir. Ticarət müqaviləsinin 7-ci bəndində təhvil-təslimdən sonra bütün risklərin Əli və Qulunun üzərinə düşdüyü göstərilsə də, məhkəmə gəldiyi nəticədə pul tələbinin məhz Cavabdeh1 tərəfindən ödənilməli olduğu qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və həmin etirazda qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Cavabdeh2 nümayəndələri də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
16. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir;
17. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;
18. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
19. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
20. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı ona qarşı tələbin təmin olunmuş hissəsində yoxlanılır.
30. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri müqavilə bağlandıqdan sonra tərəflərin məsuliyyəti (gəliri və ziyanı) bölüşməli olmalarının məhkəmə tərəfindən nəzərə alınmaması, cəmi nə qədər borc verildiyinin və bundan nə qədər qaytarıldığının müəyyən edilməməsi barədədir.
32. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. İşdən görünür ki, tərəflər arasında ticarət müqaviləsi adı ilə birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. xx.xx.2021-ci il tarixdə bağlanmış həmin 3 tərəfli müqavilədə iddiaçı 30000 manat investisiya qoymaq barədə və cavabdehlər isə ət satışını təşkil etmək və gəlirdən investora qazanc vermək barədə öhdəlik götürmüşlər. Eyni zamanda müqavilədə investorun tələbi olduqda ən geci 2 ay müddətində qoyduğu vəsaiti geri almaq hüququnun olduğu müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda və müstəntiqə vəkilin iştirakı ilə verdiyi izahatında Cavabdeh1 İddiaçı 120000 (30+30+60 min) manat vəsaitini Cavabdeh2 vasitəsilə qəbul etdiyini etiraf etmişdir. Bundan başqa, tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və hər üç tərəfin iştirak etdiyi görüşün səs yazısında da Cavabdeh1 Cavabdeh2 vasitəsilə İddiaçı 120000 manatlıq vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmin səs yazısındakı səsin Cavabdeh1 aid olmasını onun nümayəndəsi qəbul etsə də (hüquqlarını müdafiə etdiyi şəxslə dəqiqləşdirdikdən sonra), sonradan həmin səs yazısının gizlin yazılmasına görə sübut kimi qiymətləndirilməli olmaması barədə etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən səs yazısı mübahisə tərəflərinin iradə ifadələrini əks etdirdiyindən hüquqi mübahisənin həllində istifadə oluna bilər və bu qanunu pozmaqla əldə edilmiş sübut hesab olunmur.
34. Cavabdeh 120000 manat məbləğində sərmayədən 12000 manatdan əlavə qaytarılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh1 daha çox vəsaitin qaytarıldığına istinad etmiş, həmin məbləğlərin qazanc kimi verildiyini etiraf etmişdir. Halbuki, tərəflər arasında olan razılaşmaya əsasən qoyulan vəsait qazanc çıxılmadan tam məbləğdə qaytarılmalı idi. Bu səbəbdən də iddiaçının qoyduğu sərmayənin tamamını (iddia tələbində göstərilən miqdarda) tələb etməsi əsaslıdır.
35. Cavabdeh1 nümayəndəsinin iddiaya etirazının dəlillərindən biri də tərəflər arasında yalnız 30000 manat dəyərində yazılı müqavilənin mövcudluğu olmuşdur. Lakin digər vəsaitin həmin müqavilənin davamı olaraq yatırıldığı, tərəflərin güvənmiş olduqları əvvəlki rəftara uyğun hərəkət etdikləri özlüyündə mübahisə yaratmır. Belə ki, digər vəsaitin Cavabdeh1 tərəfindən qəbul edilməsinin ticarət fəaliyyətindən irəli gələn hüquqi əsası olmasaydı, onda həmin məbləğin ya borc kimi qəbul edilmiş olması, ya cinayət yolu ilə əldə edilmiş olması müəyyən olunardı. Lakin Cavabdeh1 özünün də etiraf etdiyi kimi qazancı eyni qaydada qoyulmuş sərmayəyə uyğun verməyə çalışmış, dediyinə görə buna da qismən nail olmuşdur.
36. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
37. Şərh olunanlara əsasən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.