Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9040/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 iyun 2021ci il tarixli qərardaddan İddiaçı1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçıların cavabdehlərə qarşı irəli sürdüyü “çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanması tələbi barədə” iddianın qəbul edilməsi məsələsinə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qərardad ilə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını qərara almışdır. İddiaçı1 vəkili (nümayəndəsi) X1 vasitəsi ilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1. və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-nin 269-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad 23.07.2021-ci il tarixdə İddiaçı1 vəkili (nümayəndəsi) Gursel Atakişiyevə təqdim edilmişdir (iş v. 46). İddiaçı1 tərəfindən vəkilə (nümayəndəyə) verilmiş etbarnamədən görünür ki, o, digər səlahiyyətlər ilə yanaşı vəkilə məhkəmə aktından şikayət vermək səlahiyyətini də vermişdir (iş v. 32a). Həmin etibarnamənin ləğv edilməsini təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, qərardad İddiaçı1 rəsmi qaydada 23.07.2021-ci il tarixdə verilmiş və qərardaddan şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 02.08.2021-ci il tarix olmuşdur. Lakin İddiaçı1 adından verilmiş şikayət 03.08.2021-ci il tarixdə vəkil (nümayəndə) tərəfindən imzalanmış və həmin tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardaddan apellyasiya şikayətinin verilməsi üçün müddət İddiaçı1 tərəfindən ötürülmüşdür. Şikayəti verilməsi müddətini ötürmüş İddiaçı1, Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayətə baxmış və daha sonra mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 iyun 2021-ci il tarixli qərardaddan İddiaçı1 verdiyi şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət, mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9040/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9040/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver