Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-905/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1681/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000014157 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 7.124,42 ABŞ dolları məbləğində kredit borcu, 7.203,82 ABŞ dolları məbləğində faiz borcu və 5.418,86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19.747 (on doqquz min yeddi yüz qırx yeddi) ABŞ dolları 10 (on) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin İdarə heyətinin sədri Anar Həsənov tərəfindən Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiadan imtina barədə məhkəməyə ərizə göndərilərək, ilk iddiadan imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı “iddia tələbinin zaminə aid hissədə rədd edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə İddiaçı QSC-nin ona və X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx xxxxxxxx 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqaviləsi üzrə pul tələbinə dair iddiasının ona aid hissədə rədd edilməsini, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqaviləsinin təminatı kimi onunla İddiaçı QSC arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, İddiaçı QSC qarşısında xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsindən irəli gələn bütün öhdəliklərinə xitam verilməsini, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqavilə üzrə öhdəliklərini ehtiva edən xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsindən irəli gələrək xxxx MMC-nin məlumat bazasında onun problemli müştəri kimi barəsində qeyd olunan neqativ məlumatların silinməsi barədə öhdəliyin İddiaçı QSC-nin və xxxx MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, kredit alan Cavabdeh1 ilə İddiaçı QSC (bundan sonra bank) arasında xx xxxxxxxx 2009-cu il tarixdə 01L000002003 saylı “kredit xətti müqaviləsi” bağlanmışdır. Həmin kredit xətti müqaviləsinə görə Bank bu müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin müddəti 120 ay müəyyən edilmişdir. Qeyd edilən kredit xətti müqaviləsi üzrə Bank ilə kredit alan arasında xx xxxx 2014-cü il tarixli kredit razılaşması bağlanmış, kredit alan tərəfindən 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit alan Cavabdeh1 müraciəti əsasında ona zamin durmağa razılıq verərək, Bankın filialına gələrək təklif olunmuş xx xxxxxxxx 2011-ci il tarixli, 01L000004350 saylı zaminlik müqaviləsini imzalamışdır. Götürülmüş kredit, müqavilə üzrə müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən ona və Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək ümumilikdə 19.747 ABŞ dolları 10 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qəbul qərar qəbul edilməsi xahiş olunmuşdur. Bu iddia əsassızdır və ona qarşı hissədə rədd edilməlidir. Belə ki, zaminlik müqaviləsinin preambulasında kredit alanın xx xxxxxxxx 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqaviləsinə və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bağlandığı qeyd edilsə də, müqavilənin predmetində və digər əsas şərtlərində öhdəliyinin həcmi müəyyən edilməmişdir. Digər tərəfdən Zaminlik müqaviləsində ödənilməsinə təminat verdiyi kreditin hansı faiz dərəcəsi ilə verilməsi, aylıq ödənişlər və digər vacib məqamlar (müqavilənin vacib şərtləri) barədə də heç bir məlumat yoxdur. Halbuki, Mülki Məcəlləyə görə müqavilənin ən vacib şərtləri müqavilənin əsasını təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1681/020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair İddiaçı QSC-nin ilk iddia tələbindən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1681/020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı iddia tələbinin zaminə aid hissədə rədd edilməsi və zaminliyin etibarsız hesab edilməsi, öhdəliklərinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəlləyə görə müqavilənin ən vacib şərtləri müqavilənin əsasını təşkil edir. Zamin olaraq hansı məbləğə, hansı öhdəliyə, hansı şərtlərlə (faiz və s) təminat verdiyini bilmək huququ vardır. Müqavilənin bu formada yəni əsas şərtlər əsasında bağlanması həm kredit xətti müqaviləsinin və həm də zaminlik müqaviləsinin hüquqi qüvvəsini heçə endirməklə yanaşı, onun etibarsız hesab edilməsi uçun əsasdır. Nəzərə almışdır ki, hər dəfə kredit veriləndə onun məlumatı olacaq. Digər tərəfdən onunla zaminlik müqaviləsi bağlandığı tarixdən (xx xxxxxxxx 2011-ci il) sonra Bank ilə kredit alan arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 01R000014157 saylı kredit razılaşmasından, onun şərtlərindən, məbləğindən, müddətindən və faiz dərəcəsindən tam şəkildə məlumatsız olmuşdur. Kredit xətti müqaviləsində veriləcək kreditin əsas şərtləri, məbləği, təyinatı, müddəti, ən əsas da faiz dərəcəsi göstərilməmiş və qeyd edilmişdir ki, bu şərtlər hər dəfə tərəflər arasında bağlanılacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarında muəyyen ediləcəkdir (1.3-cu bənd). Bundan əlavə xx xxxx 2014-cu il tarixli, 01R003014157 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016cı və xx.xx.2018-ci il tarixli sazişlərdən (kredit razılaşması va ödəniş planına dəyişiklik edilməsi haqqında) də məlumatsızdır. Bu dəyişiklik edilərkən onunla bağlanmış zaminlik müqaviləsinə də hər hansı dəyişiklik edilməmişdir. Mülki Məcəllənin 402.3-ci maddəsinə gorə “İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühum şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir”. Qanunun göstərişindən aydın olduğu kimi ilkin müqavilədə mühüm şərtləri müəyyən etməyə imkan verən şərtlər göstərilməlidir. Bu müqavilədə mühüm şərtləri müəyyən etməyə imkan verən heç nə yoxdur. Kredit razılaşması və ona edilmiş əlavədən isə ümumiyyətlə məlumatı yoxdur. Kreditin verilməsi üçün kredit xətti müqaviləsi kifayət idisə niyə sonradan kredit razılaşması bağlanılırdı? Yox əgər kreditin verilməsi üçün kredit razılaşması ilkin müqavilə əhəmiyyəti daşıdığı üçun sonradan kredit razılaşmasının bağlanması zərurəti vardırsa o zaman niyə təkrar olaraq onunla zaminlik müqaviləsi bağlanmayıb və ya bağladığı zaminliyə yeni öhdəliklə bağlı dəyişiklik edilməyib? Hesab edir ki, bütün qeyd etdiyi məqamlara aydınlıq gətirilməli, məhkəmə tərəfindən huquqi qiymət verilməli və müqavilələrin etibarlı olubolmaması məsələsi müzakirə obekti olmalıdır. Hazırkı iş uzrə Bank kredit alanla ilkin müqavilə formasında kredit xətti müqaviləsi, davamınca isə kredit razılaşması bağlamış və bununla da Mərkəzi Bankın müvafiq qaydalarının tələbləri və Mülki Məcəllənin 739.2-ci maddəsində müəyyən olunmuş “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər” tələbi ciddi şəkildə pozulmuşdur. Odur ki, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit xətti müqaviləsi, kredit razılaşması, həmin razılaşmaya edilmiş dəyşıklik və zaminlik müqaviləsi etibarsız hesab edilərək ləğv edilməli, onun zamin kimi bank qarşısında olan öhdəliklərinə xitam verilməli idi. Eyni zamanda “xxxx” MMC-nin məlumat bazasında iddiaçı bankın melumatları əsasında onun kredit tarixçəsi barədə neqativ məlumatların yerləşdirilməsi təmin olunmuşdur. Onun özünün bir neçə dəfə krediti olub və heç birində gecikməsi olmamış, bu işə hər zaman məsuliyyətli yanaşmış, kreditlərini vaxtından əvvəl bağlamışdır. Lakin, hazırkı şəraitdə ondan asılı olmayan səbəblərə görə o, “qara siyahıya” düşmüş və onun həmin məlumat bazasında barəsində yerləşdınlmış məlumatın silinməsi huququ vardır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2016-ci il tarixli Qərarının və Mülki Məcəllənin 477-ci maddəsinin tələbləri pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1681/020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2016-ci il tarixli Qərarının və Mülki Məcəllənin 477-ci maddəsinin tələbləri pozulmuşdur. Onunla zaminlik müqaviləsi bağlandığı tarixdən (xx xxxxxxxx 2011-ci il) sonra Bank ilə kredit alan arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 01R000014157 saylı kredit razılaşmasından, onun şərtlərindən, məbləğindən, müddətindən və faiz dərəcəsindən tam şəkildə məlumatsız olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit xətti müqaviləsi, kredit razılaşması, həmin razılaşmaya edilmiş dəyşıklik və zaminlik müqaviləsi etibarsız hesab edilərək ləğv edilməli, onun zamin kimi bank qarşısında olan öhdəliklərinə xitam verilməlidi. Eyni zamanda “xxxx” MMC-nin məlumat bazasında iddiaçı bankın melumatları əsasında onun kredit tarixçəsi barədə neqativ məlumatların yerləşdirilməsi təmin olunmuşdur. Ondan asılı olmayan səbəblərə görə o, “qara siyahıya” düşmüş və onun həmin məlumat bazasında barəsində yerləşdınlmış məlumatın silinməsi huququ vardır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1681/020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1681/020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, həmçinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda Cavabdeh5 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qarşılıqlı iddiasının təmin edilməsi xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh5 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan 01L000002003 saylı, xx xxxxxxxx 2009-cu il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 120 ay müddətinə xx xxxxxxxx 2019-cu il tarixədək 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan, 01L000014157 saylı, xx xxxx 2014-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında 01L000002003 saylı, xx xxxxxxxx 2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh1 24 ay müddətinə aylıq 2,1667 % ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, xx xxxxxxxx 2011-ci il tarixli 01S000004350 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 01L000002003 saylı, xx xxxxxxxx 2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli Qəraraında göstərilmişdir ki, öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir. Belə öhdəliklərin əsas öhdəliyə münasibətdə əlavə öhdəlik olmaq xüsusiyyəti mülki və digər qanunvericilikdə əks olunan bir çox hallarda özünü büruzə verir. Birincisi, əsas öhdəliyin etibarsızlığı onu təmin edən əlavə öhdəliyin etibarsızlığına səbəb olur, əlavə öhdəliyin icrasını təmin etmək barədə razılığın etibarsızlığı isə əsas öhdəliyin etibarlılığına təsir etmir. İkincisi, əlavə öhdəlik kreditorun hüquqlarının digər şəxsə keçəcəyi təqdirdə (məsələn, əsas öhdəlik üzrə tələbin güzəşt edilməsi zamanı) əsas öhdəliyin aqibətini təqib edir. Üçüncüsü, əsas öhdəliyə xitam verilməsi, bir qayda olaraq, əlavə öhdəliyin təmin olunmasına da xitam verir. Zaminlik müqaviləsi əvəzsizdir. Zaminlik müqaviləsinin birtərəfli xarakteri o anlamı ifadə edir ki, bu müqavilə ilə təmin olunan əsas öhdəlik üzrə kreditorun yalnız hüquqları, yəni əvəzində heç bir öhdəlik daşımadan zaminin öhdəliyi icra etməyən borcluya görə məsuliyyət daşımasını tələb etmək hüququ, zaminin isə yalnız öhdəlikləri, yəni əvəzində hər hansı hüquq əldə etmədən borclu tərəfindən təmin olunmalı öhdəliyin tam və ya hissələrlə icra olunmasına görə məsuliyyət daşımaq öhdəliyi vardır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayətinin zaminlik müqaviləsi bağlandığı xx xxxxxxxx 2011-ci il tarixdən sonra Bank ilə kredit alan arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 01R000014157 saylı kredit razılaşmasından, onun şərtlərindən, məbləğindən, müddətindən və faiz dərəcəsindən, eləcə də xx xxxx 2014-cu il tarixli, 01R003014157 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixli sazişlərdən (kredit razılaşması va ödəniş planına dəyişiklik edilməsi haqqında) tam şəkildə məlumatsız olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanılmış xx xxxxxxxx 2011-ci il tarixli zaminlik müqvailəsi məhz hər iki tərəfin öz müstəqil iradə ifadəsinin nəticəsi olmaqla, hər iki tərəf imza etməklə qeyd olunan müqaviləni bağlamışlar. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə İddiaçı QSC-ti iddia tələbindən imtina etdiyindən və iddia tələbi üzrə icraata bu əsasla xitam verildiyindən, həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh5 qarşı ilk iddia üzrə İddiaçı QSC-nin iddia tələbi olmadığından, bu hissədə qarşılıqlı iddia tələbinin əsassız olması və zaminlik müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və problemli müştəri kimi onun barəsində olan neqativ məlumatların “xxxx” MMCnin məlumat bazasından silinməsi barədə Cavabdeh5 qarşılıqlı iddia tələblərinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1681/2020 saylı, xx xxxxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1681/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-905/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-905/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver