Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-905/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. BOKT "xxxx" MMC ilə X4 arasında bağlanmış 09/512-2022 saylı, xx.xx.2022-ci il tarixsli kredit müqaviləsinə əsasən MMC 36 ay müddətinə, illik 28 faiz şərti ilə 32000 manat məbləğində pulu X2 verməyi, X4 isə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pulu qaytarmağı öhdəsinə götürmüşdür;
2. “İpoteka Saxlayan” BOKT "xxxx" MMC, “İpoteka qoyan” İddiaçı və “Borc alan” X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/512-2022 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli, 09/512-2022 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka Saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri 170000 manat, likvid dəyəri 150000 manat müəyyənləşdirilmişdir;
3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcalan X4 və zamin İddiaçı kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində icra edilmədiyi halda notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi barədə bildiriş göndərilmişdir;
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin BOKT "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixil məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır;
5. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixə BOKT "xxxx" MMC-yə olan borcu əsas borca görə 30228,41 manat, faiz borcuna görə 10583,21 manat, cərimə borcuna görə 14701 manat olmaqla, cəmi 55512,62 manat təşkil edir;
6. Bakı şəhəri 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydinin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 48/54, mənzil 141 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi barədə qeyd aparılmışdır. Ödənilməmiş əsas borc 30228,41 manat, 10583,20 manat faiz borcu, 14701 manat dəbbə pulu olmaqla, tutulmalı məbləğ 55512,61 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli, 997İK/24 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız sayılması və Nərimanov rayonu 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2022-ci il tarixdə oğlu X4 ilə "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı 36 ay müddətinə qaytarmaq şərti ilə 32000 manat məbləğində kredit götürülməsi məqsədilə müqavilə bağlamışdır. Bu müqavilənin təminatı olaraq onunla BOKT arasında 26 sentyabr 2022-ci il tarixdə 09/512-2022 saylı ipoteka müqaviləsi bağlanmış və bununla da ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 Prospekti, ev 48/54, mənzil 141 ünvanında yerləşən (Reyestr nömrəsi: **********283-05***- *******, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) mənzil BOKT "xxxx" MMC-də ipoteka (girov) ilə yüklü edilmişdir. İlk dövrlər kredit vəsaiti ödənilsə də, oğlunun maddi durumu pisləşmiş, həmçinin onun səhhətində ciddi pozuntular olduğundan kredit ödənişində gecikmələr olmuşdur. Bu yaxınlarda, daha dəqiq 20 may 2024-cü il tarixdə 38 saylı Notariat Kontorunda əldə etdiyi surət sənədlərindən anlamışlar ki, onun yüklü olan əmlakına tutmanın yönəldilməsi haqqında icra qeydi verilmiş və bununla bağlı Nərimanov İcra Şöbəsində icraat başlanılmışdır. Maraqlı şəxs olan BOKT ərizə ilə 38 saylı Notariat Ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-2778 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Nərimanov rayon icra şöbəsindən əldə etmişlər. Daha sonra Notariusa yaxınlaşaraq icra qeydi ilə bağlı materialı tələb etsələr də, onlara yalnız surətlər təqdim edilmişdir və tərəflərindən müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Həmin qanun pozuntularını qeyd edirlər: 1. Borcun mübahisəsiz olduğunun araşdırılmaması; 2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildirişin bank tərəfindən təqdim edilməməsi; 3. İcra qeydinin elektron qaydada verilməməsi; 4. İpoteka haqqında qanunun 36.4.1-ci və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinin tələblərinin kobud pozulması. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. İcra qeydi və tutma bildirişindən də görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 09/512-2022 saylı kredit müqaviləsi üzrə əsas borc 30228.41 manat, faiz borcu üzrə 10583.21 manat, dəbbə pulu 14701 manat, cəmi 55512.62 manat təşkil edir. Dəbbə pulunun və faizlərin hansı üsulla hesablanması da yoxlanılmamış və bununla da borcun süni surətdə artırılması halı baş vermişdir. Tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğu halda sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Hətta həmin bildiriş ona və ya ailə üzvlərinə belə çatdırılmamışdır. Əgər həmin bildiriş barədə məlumatı olsaydı mütləq qaydada yaranmış borc öhdəliyini məhkəmə qaydasında mübahisələndirərdi. Bir daha vurğulayır ki, BOKTdan ona heç bir bildiriş gəlməyib. Halbuki, Qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notariat materialından görünür ki, guya bildiriş poçt vasitəsilə ona çatdırılmışdır. Halbuki, poçt qəbzində olan imza ona məxsus deyil. O, xəstədir və hazırda yeriməkdə də çətinlik çəkir. Sənədə imza etməsi belə yaxınlarının köməyi ilə baş verir. Hesab edir ki, bildirişin çatdırılması qəbzi saxtalaşdırılmışdır. Həmçinin bu qəbz saxta olmasaydı belə qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürülmüşdür ki, bu hal icra qeydinin aparılmasının davam etdirilməsinin qeyri-mümkün edir. İcra qeydinin verilməsinə dair müraciət elektron qaydada təqdim edilməməsinə dair qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Göründüyü kimi bu hissədə də tələbkar (hüquqi şəxs) tələskənliyə yol verərək icra qeydinin verilməsini elektron formada deyil yazılı qaydada şəxsən notariat orqanına təqdim etmişlər. Ona təqdim edilməyən bildiriş 19 fevral 2024-cü il tarixdə guya ona təqdim olunub, amma xx.xx.2024 tarixdə tutma bildirişinin qeydiyyata alınması ilə bağlı 1 saylı Ərazi İdarəsinə müraciət olunub. Bu prosedur qayda da pozulmuşdur.
9. Məhkəmə tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
10. Məhkəmə, iddiaçı tərəfindən mübahisələndirilən məsələlərdən biri olan icra qeydinin aparılacağı barədə bildirişin kredit təşkilatı tərəfindən ipoteka qoyana təqdim edilməməsinə münasibətdə qeyd etmişdir ki, notariat işinin materiallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər ipoteka qoyana və borcluya göndərilmişdir. Hazırki iş üzrə ipoteka müqaviləsində ipoteka qoyanın ünvanı kimi ünvan 5eyd edilmişdir. İpoteka saxlayan tərəfindən “Azari express” Sürətli Poçt Xidməti vasitəsilə borclu və ipoteka qoyanın ünvanına bidirişlər göndərilmişdir. Bildirişlərdən 740883 kodu ilə göndərilən bildiriş Mirzəyev Eldəniz, 740884 kodu ilə göndərilən bildiriş isə İddiaçı tərəfindən imzalanaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Qəbzdə olan ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda qəbzi başqa şəxsin imzalamasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür.
11. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
12. Hazırki iş üzrə borcun 60 gündən çox müddətə gecikdirilməsi, borc 60 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və ipotekaya tutmanın yönəldilməsi barədə 21 təqvim günü ərzində məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də BOKT tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" BOKT MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixil məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bildirişin müvafiq dövlət qurumunda qeydə alındığı nəzərə alınarsa, həmin bildirişin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas iş materiallarında mövcud deyildir. İddiaçının dəlilləri formal olmaqla qanuni şəkildə aparılmış bildirişin və icra qeydinin ləğvi üçün əsas ola bilməz.
14. Həmçinin icra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ilə bağlı qeyd edilmişdir ki, Təlimatın 161-ci hisəsinə əsasən, dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Nəzərə alınmalıdır ki, elektron qaydada müraciət edilib-edilməməsi məsələnin texniki tərəfi olmaqla icra qeydinin aparılmasına mane olan hallar olmadığı təqdirdə, həmin icra qeydinin ləğvi üçün əsas ola bilməz.
15. Məhkəmə gəldiyi nəticəni, ““Notariat haqqında” Qanuna; “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına; “İpoteka haqqında” Qanuna istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer uzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətlər keçənədək aparılır. Bu normadan da görünür ki, cavabdeh tərəfindən bildiriş həm poçt, həm də elektron qaydada verilməlidir. Hesab edir ki, məhkəmə bu normanı düzgün tətbiq etməmişdir. Belə ki, bildirişin poçt vasitəsilə çatdırılması məsələsində ziddiyyətlər olmasın deyə yəqin ki, normada həm poçt həm də elektron çatdırılmanın vacibliyini vurğulayır. Hazırki halda poçtla çatdırılmanın olmadığı qeyd edildiyi təqdirdə, elektron təqdimetmə barədə cavabdeh heç bir sübut təqdim etməmişdir. Belə olan halda qeyd olunan norma cavabdeh tərəfindən poulmuşdur. Məhkəmə prosesi zamanı zəruri hallar araşdırma həyata keçirilmədən məhkəmə qərarı qəbul olunmuşdur. Belə ki, məhkəmə bildirişin alınmaması və oradakı imzanın iddiaçıya aid olmamasını istinad etdiyi hal kimi sübut etməli olduğu qənaətində olmuşdur. Halbuki bu hal yalnız məhkəmənin təyin etməli olduğu xəttşünaslıq ekspertizası vasitəsilə ortaya çıxarıla bilərdi. Hazırki halda ifadələrdə ziddiyyətin olması ekspertiza keçirilməsi üçün əsas yaratsa da məhkəmə bunu etməmişdir. Bununla da istinad olan hal sübuta yetirilməmiş hesab olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkiln apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2680/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 23.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 27.739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
28.36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 29.36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 30.36.4-cü maddəsinə əsasən, tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 31.37.1 və 37.3-cü maddələrinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 32.38.1-cü maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 33.39.3-cü maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun
34.76-cü maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 35.79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının
36.161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 37.162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 38.169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
39.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
40.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 43.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X4 ilə BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncu mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzili MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan "xxxx" BOKT MMC-nin müraciəti əsasında, notarus tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir. 44.Hazırda iddiaçı kredit müqaviləsi əsasında yaranmış borcun mübahisəsiz olduğunun araşdırılmaması; icra qeydinin aparılacağı barədə bildirişin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada ona təqdim edilməməsi; icra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi; “İpoteka haqqında” Qanunun 36.4.1-ci və “Notariat haqqında” Qanunun 76-cı maddələrinin tələblərinin kobud pozulmasına istinadən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsini xahiş edir. 45.Belə ki, qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir. 46.Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.İşdə olan sənədlərdən, o cümlədən sorğu edilmiş notariat işindən görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. 48.Belə ki, tələbkar borcluya və ipoteka qoyana borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişləri sonuncuların rəsmi qeydiyyatda olduqları ünvanlara göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi vermişdir. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. 49.İcra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ümumilikdə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun formada verilmiş icra qeydinin ləğv edilməsi, ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmadığına görə, yolverilməzdir və iddiaçı üçün borcun qaytarılması yönəmində öz vəzifələrindən faktiki suiistifadəyə şərait yaradır. BOKT-un bu hallara yol verdiyi hazırkı iddianın təmin edilməsini şərtləndirə bilməz. 50.Belə olan halda kollegiya 16 fevrel 2024-cü il tarixli 997İK/24 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi və 25 aprel 2024-cü il tarixli 8i-2778 nömrəli icra qeydinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 51.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 52.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev