Məhkəmə qərarları › İş №2(103)-9050/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9050/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9050/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Borclu3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(008)- 6757/2014 nömrəli məhkəmə əmrinin ləğv edilməsi barədə Borclu3 tərəfindən verilmiş etiraza baxılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(008)-6757/2014 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu1 Məhərrəm qızı ilə Kreditor arasında bağlanmış 17.02.2014-cü il tarixli, VİP 13267 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 2128 ABŞ dolları olan (ümumi məbləğ 2128 ABŞ dolları) Aplle phone 5 S White markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu1 Məhərrəm qızı ilə 17.02.2014-ci il tarixdə bağlanmış VİP 13267 saylı nisyə alqı-satqı müqaviləsi və Abdullayev Borclu2 ilə 17.02.2014-ci il tarixdə bağlanmış VİP 13267 saylı zaminlik müqaviləsi, Borclu3 ilə 17.02.2014-ci il tarixdə bağlanmış VİP 13267 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 1783 (bir min yeddi yüz səksən üç) ABŞ dolları əsas qalıq borcun, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində 267 ABŞ dolları faiz, cəmi 2050 ABŞ dolları və 20 manat dövlət rüsumunun Kreditor-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(008)- 6757/2014 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu3 qeyd olunan məhkəmə əmrinə 25.06.2021-ci il tarixdə etiraz verərək, məhkəmənin 14 iyul 2014-cü il tarixli 2(008)-6757/2014 nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(008)- 6757/2014 saylı qərardadı ilə Borclu3 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Qərardaddan Borclu3 şikayət verərək, ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, şikayətdə göstərmişdir ki, məhkəmə əmrini 23.06.2021-ci il tarixdə almışdır, mülki iş materiallarında olan imza ona məxsus deyildir. Şikayət məhkəmənin 26.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu3 şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Kreditorun nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər borclular məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. İş materiallarından görünür ki, Borclu3 oğlu 14 iyul 2014-cü il tarixli 2(008)- 6757/2014 nömrəli məhkəmə əmrini 22.07.2014-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada almışdır (i.v.33). Bundan sonra ərizə ilə yenidən müraciət edərək, məhkəmə əmrinin surətini yenidən almış və 25.06.2021-ci il tarixdə etiraz vermişdir. Məhkəmə isə qeyd olunanlara əsasən, əmrə etiraz 6 il 11 ay 3 gün sonra yəni, 25.06.2021-ci il tarixdə verildiyindən əmrin ləğv edilməsi üçün ərizənin verilməsinə dair qanunla müəyyən olunmuş prosessual müddət buraxıldığından Borclu3 tərəfindən verilmiş etirazın geri qaytarılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Mübahisələndirilən məhkəmə əmri 2014-cü il tarixdə qəbul edilmiş, borclunun ünvanı üzrə (hazırda tərəfindən verilmiş şikayətdə qeyd olunan ünvan) göndərilmiş, xəbərnaməyə imza edilməklə qəbul edilmişdir, məhkəmə əmri icraya yönəldilmiş, bu qədər müddət ərzində borclunun məlumatlı olmaması barədə qeyd etdikləri inandırıcı hesab edilmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(008)- 6757/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar