Məhkəmə qərarları › İş №2(103)-9053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9053/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9053/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5032/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2021 nömrəli, 06.08.2021- ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cavabdeh işin aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2021 nömrəli, 06.08.2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin təmin edilməsini, əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2021 nömrəli, 13.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cəfərzadə Ceyhun Nəsib oğlunun şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5032/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanununun 3-cü maddəsinə görə, şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Kollegiya hesab edir ki, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mülki işin ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh ərizəsi əsassız sayılaraq təmin edilməməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hal yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla, eləcə də qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5032/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5032/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar