Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9069/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə isə, Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülməsinin üzrlü hesab olunması qərara alınmışdır. İddiaçının nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ölkədə koronavirus rejiminin tətbiq edilməsi heç də o demək olmamışdır ki, cavabdeh evindən və ya iş yerindən çıxa, apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə tərtib etdirə və ya özü yaza bilməmiş, tərtib etmiş və ya yazmışdırsa da, onu poçt şöbəsinə aparıb təhvil verə bilməmişdir. Çünkü onun, karantin qaydalarına əməl edərək, yəni şikayətin internet vasitəsilə göndərilməsi, yaşayış yerinə poçt xidmətinin əməkdaşını çağırması, könüllülərin köməyindən istifadə etmsəsi imkanları olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qətnamə Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə göndərilmiş, özünün bildirməsinə görə xx.xx.2020-ci il tarixdə ona çatdırılmış, xx.xx.2020-ci il tarixdə isə o, qətnamədən apellyasiya şikayəti vermişdir. Ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması ilə əlaqədar xx xxxx 2020-ci il tarixindən etibarən ciddi karantin rejiminin tətbiq olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ərizəçinin vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh qətnaməni xx.xx.2020-ci il tarixdə aldığından onun şikayət vermə müddəti xx.xx.2020-ci il tarixə qədər olmuş, lakin xx xxxx 2020-ci il tarixindən etibarən əvvəlcə Novruz bayramı münasibətilə, daha sonra koronavirus pandemiyası ilə əlaqədar məhkəmədə işlərə baxılması uzun müddətə dayandırıldığından, o vaxtında şikayət verə bilməmişdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal, yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbi ilə vaxtında şikayət verə bilməməsi, ötürülmüş müddətin bərpasına əsas verə biləcək üzrlü hal kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9069/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9069/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver