Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9079/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” barədə ilkin, Cavabdeh “uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə nikahlarının pozulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qətnaməsinə əsasən iki övladının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutumasına qərar verildiyini, həmin qətnamənin icra üçün Cavabdeh işlədiyi "xxxx" ASC-nə göndərildiyini, lakin 15.12.2002-ci il təvəllüdlü böyük qızı Nuray Abdullayevanın ötən ilin dekabr ayında yetkinlik yaşına çatması səbəbilə 2020-ci ilin dekabr ayının 15-dən etibarən Cavabdeh əmək haqqından tutulmanın dayandırıldığını, qətnaməyə, alimentin digər uşaq üçün ¼ hissədə tutulması məzmununda izah verilməsinə dair Nəsimi rayon icra şöbəsinin icra məmurunun ərizəsinin Nəsimi Rayon Məhkəməsi tərəfindən 25.02.2021-ci il tarixli qərardadla təmin edilmədiyini və ərizədə göstərilən halların ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etdiyinin vurğulandığını, 24.06.2016-cı il tarixli qətnamənin icra üsulunun dəyişdirilməsi barədə özünün etdiyi müraciətin də həmin məhkəmənin 12 mart 2021-ci il tarixli qərardadı ilə təmin olunmadığını və ona ayrıca iddia qaldırmaq hüququnun olduğunun izah edildiyini, beləliklə də yetkinlik yaşına çatmayan digər qızı Günay Abdullayevanın saxlanılması üçün 15.12.2020-ci il tarixdən etibarən aliment ala bilmədiyini bildirmiş, buna görə də 08.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh qazancının və ya gəlirlərinin ¼ hissəsi miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, 08.09.2006-cı il təvəllüdlü Günay Abdullayevanın yetkinlik yaşına çatanadək özünün yanında və himayəsində saxlanılmasının müəyyən edilməsi və həmin uşağa görə İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Günayın valideynləri olaraq həm o, həm də İddiaçı uçağı saxlamağa borcludurlar və uşağa münasibətdə bərabər vəzifə daşıyırlar. 14 yaşlı uşağın saxlanmasına görə ondan pul tələb etmək əvəzinə Mülkiyə də özü pul qazanıb Günayın saxlanılmasına xərc çəkməlidir ki, valideyn olaraq qazandıqları ilə övladlarını birgə böyüyüb boya-başa çatdıra bilsinlər. 2016-cı ildə qəbul edilmiş qətnamə ilə nizamlanmış münasibətlər və qətnamənin icrası 15.12.2020-ci il tarixdə, yəni 4,5 il sonra Nuray Abdullayevanın yetkinlik yaşına çatması ilə tamamlanmış sayılır – hansı ki, həmin qətnamə ilə nikahları pozulmuş, uşaqlar analarının yanında saxlanılmışlar. Həmin qətnamənin çıxarıldığı tarixdə Nuray Abdullayevanın 13, Günay Abdullayevanın 9 yaşı olmuş, ötən müddətdə uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Övladları və İddiaçı ilə ünvan 1 ünvanında birlikdə qeydiyyatdadırlar, ona məxsus mənzildə yaşayırlar. Bir qayda olaraq 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır, lakin hazırda bu vəziyyət dəyişmiş, 15.12.2020-ci il təvəllüdlü Nuray Abdullayeva həmin tarixdən yetkinlik yaşına çatmış, 08.09.2006-cı il təvəllüdlü Günay Abdullayevanın isə 15 yaşı tamam olacaqdır. Günay Abdullayeva məktəblidir, Bakıda ümumi orta təhsilini 2021-ci ildə başa vuracaq və indi təhsil aldığı məktəbdə də tam orta təhsilini davam edəcəkdir. Hesab edir ki, yaxşı valideyndir və övladlarına münasibətdə valideynlik borclarını tam həcmdə özü yerinə yetirir, övladlarının tələbat və ehtiyaclarını ödəyir. Hüquqşünasdır, dövlət müəssisəsində 10 ildən artıqdır ki, ixtisas üzrə işləyir, Günay Abdullayevanın uşaq hüquqlarını davamlı olaraq təmin edir. 14 yaşı tamam olmuş Günay Abdullayevanın, Mülki Məcəllənin 30-cu maddəsinə görə müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam vermək ixtiyarı var, onun bank kart hesabı vardır və lazım olan xərclərini ödəmək üçün həmin karta pul köçürür. Məhkəmə uşağın yaşayış yerini müəyyənləşdirərkən uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yəni uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir. Günay Abdullayevanın valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən Günayın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunmalıdır. Nəsimi Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qətnaməsi üzrə uşaqlarının saxlanılmaları üçün qazancınının 1/3 hissəsində alimenti hər ay vaxtlıvaxtında ödəmişdir və qızı Nuray yetkinlik yaşına çatdığına görə aliment öhdəliyinə xitam verilmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait, yəni aliment valideynlərdən məhkəmə qaydasında tutulur – hansı ki, bu əsas hazırda mövcud deyildir. Çünki qızı Günay Abdullayeva onun himayəsindədir və valideynlik vəzifələrini özü könüllü icra edir. İddiaçı Günaya görə aliment tələb edir, o, isə Günayın yanında və himayəsində saxlandığının müəyyən olunmasını, Günaya görə İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsini istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin olunması, Cavabdeh 15.12.2020-ci il tarixdən başlayaraq 08 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2006-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, İddiaçı aliment tələb etmək hüququna sahib olub-olmadığına qiymət vermədiyini, ilkin iddiaçı və uşaqlarla birlikdə eyni ünvanda yaşamaqla onun Günay Abdullayeva qarşısında valideynlik vəzifəsini lazımınca yerinə yetirdiyini nəzərə almadığını, ekspertiza təyini haqqında vəsatətinə münasibət bildirmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadına uyğun olaraq əmək haqqından 1/6 miqdarında aliment tutulub İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüş, beləliklə də Mülkiyənin iddia etdiyi dövrə aid alimenti ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə Mülkiyə Dəmirovla Cavabdeh arasında 23.03.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahlarından doğulmuş 15.12.2002-ci il təvəllüdlü X3 və 08.09.2006-cı il təvəllüdlü X2 İddiaçı yanında qalmaları, 24.06.2016-cı il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Mülkiyə Dəmirovanın xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İşin müəyyən olunan digər halına görə, həmin qətnamə icraya yönəldilərək 07.09.2016-cı il tarixdə Nəsimi rayon icra şöbəsinin icraatına daxil olmuş, icra sənədi icra olunması üçün Cavabdeh işlədiyi "xxxx" ASC-nə göndərilmiş və onun əmək haqqından müvafiq tutulma həyata keçirilməyə başlanmış, adı çəkilən müəssisənin icra şöbəsinə ünvanladığı 21.12.2020-ci il tarixli məktubda 15.12.2002-ci il təvəllüdlü Nuray Abdullayevanın yetkinlik yaşına çatması səbəbilə 15.12.2020-ci il tarixdən etibarən icra sənədi əsasında Cavabdeh aylıq qazancının 1/3 hissəsində alimentin tutulmasının dayandırıldığı və icra sənədində digər uşaq üçün Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment tutulmalı olduğunun göstərilmədiyi bildirilmiş, icra məmurunun qətnaməyə bununla bağlı izah verilməsinə, eləcə də Mülkiyə Dəmirovanın qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il və 12.03.2021-ci il tarixli qərardadları ilə təmin olunmamış, hər iki qərardadda Cavabdeh Günay Abdullayeva üçün onun qazancının ¼ hissəsində aliment tutulması məsələsinin ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etməsi barədə izahlar verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadından (icra məmurunun 24.06.2016-cı il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi üzrə çıxarılan qərardad) Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qərardad ləğv edilərək icra məmurunun ərizəsinin təmin olunması, 24.06.2016-cı il tarixli qətnaməyə aşağıdakı məzmunda – “15.12.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdığı tarixdən, yəni 15.12.2020-ci il tarixdən başlayaraq həmin qətnaməyə əsasən X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulmalıdır” – məzmununda izah verilməsi qərara alınmış, qərardadda həmçinin “uşağın anası iddia ilə məhkəməyə müraciət edə və kiçik uşağa münasibətdə alimentin miqdarının (1/6 hissənin) artırılmasını tələb edə bilər” izahı verilmişdir. "xxxx" ASC-nin iş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh 2021-ci ilin mart ayı üzrə əmək haqqının ¼ hissəsi (1739,63 manat), aprel ayı üzrə isə 1/6 hissəsi (1205 manat) ASC tərəfindən İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüşdür. İlkin iddiaçı (Mülkiyə Dəmirova) məhz qeyd olunan hallara istinadla hazırda yetkinlik yaşına çatmayan övladı Günay Abdullayevanın saxlanılması üçün Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş etmiş, Cavabdeh isə uşağın özünün himayəsinə verilməsini və müvafiq aliment öhdəliyindən azad edilməli olduğunu irəli sürmüşdür. Beləliklə, əslində (faktiki olaraq) həm Mülkiyə Dəmirovanın iddia tələbi, həm də Cavabdeh “aliment öhdəliyindən azad edilmə” tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsindən (aliment ödəməkdən azad etmədən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu mənada kollegiyanın qənaətinə görə, Mülkiyə Dəmirovanın iddia tələbinin təmin olunmaması üçün hər hansı əsas mövcud olmamışdır; çünkü onun Günay Abdullayevanın saxlanılması üçün hazırda tələb etdiyi aliment məbləği əslində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş, həmin qətnamə ilə saxlanılması üçün aliment tutulmasına qərar verilmiş 15.12.2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdıqdan sonra qətnamənin icrasında problem yarandığı və qətnaməyə müvafiq izah verilmədiyi üçün Mülkiyə Dəmirova hazırkı apellyasiya baxışının predmeti olan iddianı irəli sürmək məcburiyyətində qalmışdır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi, 2 uşağa görə 1/3 hissəsi miqdarında aliment tutulur və hazırda yoxlanılan qətnamə ilə məhz həmin maddi hüquq normasının tətbiqinə təkrarən qərar verilmişdir. Kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbləri üzrə gəldiyi nəticəni də əsaslı hesab edir: Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasındakı nikah 24.06.2016-cı il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuş, uşaqlar həmin qətnamə ilə analarının (Mülkiyə Dəmirovanın) himayəsinə verilmiş, sözügedən işə baxılarkən Cavabdeh uşaqların analarının yanında qalmalarına və onların saxlanılmaları üçün qanunvericiliklə müəyyənləşdirilmiş aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh “uşağın atanın yanında saxlanılması” məzmunlu tələbi əsasında uşağın onun yanında qalmasının müəyyən edilməsi mümkün deyildir; çünkü 08.09.2006-cı il təvəllüdlü Günay Abdullayeva, iddiaçının özünün də istəyi nəzərə alınaraq qanuni qüvvəsini almış qətnamə əsasında anasına verilmişdir və əgər Cavabdeh həmin uşağın öz himayəsində saxlanılmasını istəyirsə uşağın anadan alınıb ona verilməsi barədə tələb irəli sürməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 08.09.2006-cı il təvəllüdlü Günay Abdullayevanın hazırda da Mülkiyə Dəmirovanın yanında olduğu müəyyən edilmiş, birinci instansiya məhkəməsinin müvafiq rəy istədiyi Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 04.05.2021-ci il tarixli rəyində uşağın dindirildiyi və anası ilə qalmaq istədiyi bildirilməklə, Günayın anasının yanında qalmasının azyaşlının mənafeyinə uyğun hesab edildiyi göstərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə isə, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsidir. Kollegiya, İddiaçı münasibətdə sadalanan müstəsna halların hər hansı birinin mövcudluğunun müəyyən edilmədiyini, qanuni qüvvədə olan məhkəmə aktı ilə uşağın məhz onun himayəsinə verildiyini, uşağın sağlam ruhda böyüməsi zərurətini, ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə almaqla hesab edir ki, Cavabdeh müvafiq tələbinin təmin edilməsi üçün əsas olmamışdır. Cavabdeh digər tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan 112-ci maddəsində qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəməkdən azad edilmənin mümkünlüyünü nəzərdə tutsa da, bunun ən əsas şərtinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsi olduğu nəzərdən qaçırılmamalıdır. Cavabdeh müvafiq iddia tələbini əsaslandırdığı hallardan isə görünür ki, onun aliment borcundan azad edilməsinə əsas göstərdiyi hal, yəni 08.09.2006-cı il təvəllüdlü Günayın onun himayəsində olduğu işin halları, eləcə də qanuni qüvvədə olan qətnamə ilə təkzib edilməklə yanaşı, 24.06.2016-cı il tarixli qətnamə çıxarıldıqdan sonra Cavabdeh maddi (ailə) vəziyyətində digər dəyişiklik baş verdiyinə dair məhkəməyə heç bir sübut da təqdim olunmamışdır. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi, yaxud aliment borcundan azad edilmə zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Kollegiya onu da qeyd edir ki, əslində Cavabdeh müvafiq iddianı İddiaçı aliment tələbi ilə çıxış etməsindən sonra qaldırması o qənaətə gəlməyə əsas verir ki, həmin iddia ilə güdülən məqsəd İddiaçı xeyrinə tutulan alimentin azaldılması, konkret olaraq Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı əsasında müəyyənləşdirilən qazancın 1/6 hissəsi həcmində saxlanılması istəyi olmuşdur; bu isə qarşılıqlı iddiaçının “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı, mahiyyəti üzrə düzgün qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadının mövcudluğu gəlinən nəticəyə təsir göstərmir və həmin qərardadın icrası qaydasında Cavabdeh maaşından (gəlirindən) həyata keçirilən tutulma(lar) gələcəkdə hazırkı qətnamənin icrası zamanı müvafiq qaydada əvəzləşdirilməklə nəzərə alınacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3038/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətini verdiyi zaman ödədiyi dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9079/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver