Məhkəmə qərarları › İş №2(103)-908/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-908/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-908/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2789/20 saylı 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş faiz məbləğinin cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-2789/2020) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 aprel 2015-ci il tarixli 19-M-2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə banka 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.640,40 (on min altı yüz qırx dollar qırx sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 17 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətindən illik 26 faizlə 24 ay müddətinə 9.450 (doqquz min dörd yüz əlli) ABŞ dolları çəbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 17 iyun 2020-ci il tarixədək Cavabdeh1 banka 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında imzalanmış 17 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona aylıq 26% faiz ödəmək şərtilə 24 ay müddətinə 9450 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi imzalamışlar. 17 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 19-M-2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehin“xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinə 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcu vardır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, banka müxtəlif vaxtlarda müqavilənin şərtlərinə uyğun ödənişlər etsə də, Bank faiz borclarını, həmçinin əsas borcu şişirdilmiş formada məhkəmədən tələb etmişdir. Həmçinin onun devalvasiya zamanı artıq ödədiyi pullar bank tərəfindən ona qaytarılmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamə Cavabdeh1 tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 oglu borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 oglu və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 472-ci və s. maddələrinə istinad etmişdir. Cavabdeh1 əsas və faiz borcunun şişirdildiyini, yüksək göstərildiyini qeyd etmiş və məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, 9/6026 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 17.04.2015-ci il tarixli, 19-M-2-0-221-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 17.04.2017-ci il tarixə əsas borc üzrə 7231,58 ABŞ dolları, faiz borcu üzrə 2039,18 ABŞ dolları, 17.06.2020-ci il tarixə əsas borc üzrə 7231,58 ABŞ dolları, faiz borcu üzrə 2567,18 ABŞ dolları borcu vardır. Ekspert rəyindən göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri faiz borcunun tutulması hissəsində öz təsdiqini tapmışdır. Belə ki, iddia tələbində və ona uyğun çıxarılmış məhkəmə qətnaməsində müqavilə müddətinin bitdiyi 17 aprel 2017-ci il tarixədək faiz borcunun 3.965,33 ABŞ dolları, müqavilə müddəti bittən tarixdən 17 iyun 2020-ci il tarixədək olan dövrə görə isə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda şəklində borc olduğu qeyd edilmişdisə, məhkəmə mühasibatlıq ekspertizasının rəyində faiz borcunun müqavilə müddətinin bitdiyi tarixə 2039,18 ABŞ dolları, məhkəmədə iddia qaldırıldığı 17 iyun 2020ci il tarixə isə 2567,18 ABŞ dolları olduğu müəyyən edilmişdir. Müqavilə müddətinin bitdiyi tarixdən 17.06.2020-ci il tarixədək olan dövrə görə hesablanmış faiz borcu gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış borcdur və bu borc ekspertin hesablamasına əsasən cəmi 528 manat təşkil edir (2567,18 -2039,18=528). Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddətinin bitdiyi 17 aprel 2017-ci il tarixədək faiz borcunun 3.965,33 ABŞ dolları və müqavilə müddəti bitən tarixdən 17 iyun 2020-ci il tarixədək olan dövrə görə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilməli və müqavilə müddəti üçün tutulacaq faiz borcunun məbləği 2039,18 ABŞ dolları, müqavilə müddəti bitən tarixdən 17 iyun 2020-ci il tarixədək olan dövrə görə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış faiz borcunun məbləği isə 528 manat müəyyən edilməlidir. Əsas borcun məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində həmin məbləğ iddia ərizəsində tələb olunan və qətnamə ilə tutulan məbləğdən çox göstərildiyindən və bu məbləğ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 aprel 2015-ci il tarixli 19- M-2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları faiz borcunun və 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilsin. 17 aprel 2017-ci il tarixədək olan dövr (müqavilə müddəti) üçün faiz borcunun məbləği 2039,18 ABŞ dolları (iki min otuz doqquz dollar on səkkiz sent), 17 aprel 2017-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış faiz borcunun məbləği isə 528 ABŞ dolları (beş yüz iyirmi səkkiz) müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 25 manatı Cavabdeh1, 25 manatı isə iddiaçı “xxxx” ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar