Məhkəmə qərarları › İş №2(103)-908/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-908/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-908/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə qaydasının pozulması, hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(002)- 1803/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh (abonent kodu:**********330) iddiaçı tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.

2. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvana sayğac quraşdırlanadək ailə tərkibinə görə sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun hesablanmışdır. Həmin ünvana sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır.

3. Cavabdeh əhali qrupuna aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə onun xx.xx.2022-ci il tarixinə 1805,40 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1805,40 manat borcun tutularaq **********330 saylı abonent koduna, ödənilmiş 38,06 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. İddiaçı təşkilat tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir.

6. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(002)- 1803/2022 (bundan sonra – birinci instansiya məhkəməsi) saylı qətnaməsi ilə (hakim Hüseynov Fuad) iddia tələbi təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, bildiriş rəsmi qaydada ona çatdırılmadığından iddiaya qarşı əsaslandırılmış etirazını bildirməmişdir. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra, tərəfindən kiçik araşdırma apardıqda ona məlum olmuşdur ki, iddiaçının tələb etdiyi borcun əsas hissəsi 2016-cı ildə yaranmışdır. Belə ki, həmin ildə bir ayda 800 (səkkiz yüz), digər aylarda 200-300 (iki yüz – üç yüz) manat su sərfiyyatı hesablanmışdır. Cavabdeh bildirmişdir ki, ailəsi ilə birlikdə yaşadıqları 3 otaqlı kiçik mənzildə istəsələr belə, iddiaçının göstərdiyi həcmdə suyu bir ayda işlədə bilməzdilər. Bu hal, İddiaçı ASC-nin abonentlərə dair hesablaşmalar apardığı abonent kartında öz əksini tapmışdır. Eyni zamanda məcburi köçkünlərin kommunal xərclərin dövlət tərəfindən ödənilən dövrədək iddiaçı onun ailəsinin bu güzəştini nəzərə almamışdır. Beləliklə, qətnamə həqiqəti əks etdirmədiyinə, maddi və prosessual normalar pozulduğuna görə qətnamə ləğv olunmalı və bu iş yenidən araşdırmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

10. Maddə 30. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

11. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

12. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X2”

13. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir.

14. Bənd 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Cavabdeh apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə bildirişi ona rəsmi qaydada verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həqiqətə uyğun olmayan məlumatlar əsasında qəbul olunmuş, məhkəmə mahiyyət etibarı ilə səhv nəticəyə gəlmiş, iddianı təmin etmişdir.

27. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. İşin materiallarda olan sadə sifarişli təcili teleqrafla göndərilmiş məktubun xəbərnamə qəbzində aydın görsənir ki, iddia ərizəsinin surəti cavabdehə göndərilmiş, bildirişdə ona bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazın və ona əlavə olunmuş sənədləri (sübutları), elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazın və və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərmək hüquqları izah olunmuş və cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmışdır. Eyni zamanda iddiaçının tələb etdiyi borcun əsas hissəsinin 2016-cı ildə yaranması və düzgün hesablanmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən halla bağlı iş materiallarında hər hansı bir sübut olmamaqla təkzib edilmir.

28. İş materiallarında olan yazılı sübutlara əsasən məhkəmə müəyyən edir ki, cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməklə yaranmış borcunu ödəmədiyindən iddia tələbi həmin xidmətlərə görə yaranmış borcun cavabdehdən tutulması əsaslıdır.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393, 394-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(002)- 1803/2022 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar