Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9098/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ötürülmüş tələb hüququna əsaslanan iddiaçı "xxxx" MMC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə cavabdeh arasında 26.01.2020-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 782 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 117,3 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı ondan tutulmuş “bank xidməti xərcinin” əvəzinin 0,40 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla "xxxx" MMC arasında 26.01.2020-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsinə” əsasən dəyəri 1.142 manat təşkil edən avtomobil ehtiyat hissələrini nisyə almışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, nisyə aldığı malların dəyərini 6 ay ərzində, hissəhissə, aybaay satıcıya ödəyəcək. Bununla bağlı "xxxx" MMC ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən ödəniş qaydasını müəyyən edən “Ödəniş cədvəli” tərtib edilmiş və cavabdeh cədvəllə razılaşaraq onu imzalamışdır. Müqavilənin şərtinə uyğun olaraq cavabdeh tərəfindən 200 manat məbləğində pul ilkin ödəniş kimi "xxxx" MMC-yə ödənilmişdir. Bunlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, "xxxx" MMC-yə (1.142-200=) ödənilməmiş qalan 942 manatdan cəmi 160 manatı "xxxx" MMC-yə ödəmiş, qalan 782 manatı isə "xxxx" MMC tərəfindən ona edilmiş yazılı xəbərdarlığa baxmayaraq ödəməmişdir. Bu səbəbdən də, 26.01.2020-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsinin” şərtlərinə əsasən cavabdehə 117,3 manat məbləğində cərimə (dəbbə) hesablanmışdır. Belə ki, müqavilənin 2.4.4-cü maddəsinə görə, alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu (cərimə) ödəməlidir. "xxxx" MMC ilə iddiaçı MMC arasında bağlanmış 11.09.2019-cu il tarixli “Faktorinq müqaviləsi” və həmin müqavilə çərçivəsində bağlanmış sazişə əsasən "xxxx" MMC-nin bir sıra tələbləri, o cümlədən cavabdeh ilə bağlanmış müqavilə üzrə yaranmış tələbi, iddiaçı MMC-yə keçmişdir. Bundan sonra iddiaçı MMC də, yuxarıda qeyd edilən borcun və dəbbənin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat məbləğində bank xərcini də ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdehin iddiaçıya 929 manat deyil, 464 manat borcu qalmışdır. Cərimə borcunun tutulması da əsassızdır. İddiaçı MMC-nin nümayəndəsi və cavabdeh apellyasiya baxışı iclasının yeri, vaxtı barədə xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" MMC ilə cavabdeh arasında 26.01.2020-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsindən” görünür ki, cavabdeh bu müqaviləyə əsasən dəyəri 1.142 manat təşkil edən avtomobil ehtiyat hissələrini "xxxx" MMC-dən almışdır. Müqavilədən və müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəlindən” görünür ki, alıcı olan cavabdeh satıcı olan "xxxx" MMC qarşında üzərinə öhdəlik götürmüşdür ki, nisyə aldığı malların dəyərini 6 ay ərzində, hissə-hissə, aybaay "xxxx" MMC-yə ödəyəcək. İşdə olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə ilkin olaraq 200 manat, daha sonra isə 160 manat məbləğində ödəniş etmişdir. İddiaçı MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, “Nisyə alğı-satqı müqaviləsində” nəzərdə tutulmuş məbləği tam və lazımi qaydada "xxxx" MMC-yə ödəməmişdir. İddiaçı MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablama sənədlərdən görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin 782 manat məbləğində ödənilməmiş borcu var. “Nisyə alğı-satqı müqaviləsinin” şərtlərinə əsasən cavabdehə 117,3 manat məbləğində cərimə (dəbbə) hesablanmışdır. Belə ki, müqavilənin 2.4.4-cü maddəsinə görə, alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu (cərimə) ödəməlidir. "xxxx" MMC ilə iddiaçı MMC arasında bağlanmış 11.09.2019-cu il tarixli “Faktorinq müqaviləsi” və həmin müqavilə çərçivəsində bağlanmış sazişə əsasən "xxxx" MMC-nin bir sıra tələbləri, o cümlədən cavabdeh ilə bağlanmış müqavilə üzrə yaranmış tələbi, iddiaçı MMC-yə keçmişdir. "xxxx" görünür ki, iddiaçı MMC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat məbləğində bank xərcini ödəmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh borcun olmasını təsdiq edir, lakin bildirir ki, onun borcu 929 manat məbləğində deyil, 464 manat məbləğindədir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, müqavilə üzrə öhdəliklərin icra edilməsinin sübut edilməsi vəzifəsi borclunun (hazırki iş üzrə cavabdehin) üzərinə düşür. Cavabdeh, onun tərəfindən bütün borcun icra edildiyini, borcun daha az məbləğdə yəni 464 manat məbləğində qaldığını bildirsə də bunları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bununla da, müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Cavabdehin iddiaçı MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş qalan 782 manat məbləğində əsas borcu MMC-yə ödəməlidir. Rayon Məhkəməsi qeyd edilən əsaslar ilə bu nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı MMC həmçinin müqavilə öhdəliyinin icra edilməməsi ilə əlaqədar 117,3 manat cərimə borcunun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş və Rayon Məhkəməsi bu tələbi əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya şikayətinin digər dəlili məhz cərimə borcunun tutulması ilə bağlıdır. Bu dəlil ondan ibarətdir ki, cavabdehdən cərimə borcunun tutulması əsassızdır. Məhkəmə hesab edir ki, bu dəlil əsaslı deyil və bununla bağlı qeyd edir ki, yuxarıda qeyd edilən “Nisyə alğı-satqı müqaviləsinin” şərtlərinə əsasən cavabdehə 117,3 manat məbləğində cərimə (dəbbə) hesablanmışdır. Belə ki, müqavilənin 2.4.4-cü maddəsinə görə, alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu (cərimə) ödəməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hazırki halda cərimə (dəbbə) borcunu tələb etmək iddiaçı MMC-nin hüququdur, həmçinin 117,3 manat məbləğində cərimə pulu əsas məbləğin tənasüblüyünə, iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur. Rayon Məhkəməsi qeyd edilən əsaslar ilə cərimə pulu barədə tələbi təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9098/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9098/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver