Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9099/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2911/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.07.2007-ci il tarixli kredit müqaviləsi üzrə 2767.73 manat əsas borc, 4192.87 manat faiz borcu, 2714.71 manat cərimə və kredit müqaviləsi üzrə 10.07.2009-cu il tarixdən, 16.02.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 694.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10369.61 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10.07.2007-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 5481 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16.02.2021-dək Cavabdeh banka kredit müqaviləsi üzrə 2767,73 manat əsas borc, 4192,87 manat faiz borcu, 2714,71 manat cərimə və kredit müqaviləsi üzrə 10.07.2009 il tarixdən, 16.02.2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 694,30 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10369,61 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2911/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini irəli sürmüşdür. Kredit müqaviləsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında nəzərədə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06.07.2007-ci il tarixli E 321/03/07 saylı kredit müqaviləsi bağlanmışdır, müqavilə üzrə “Kreditor” “Borc alan”a, illik 26 faiz olmaqla, 5481 manat məbləğində kredit vermişdir, kreditin ödənilməli olduğu son tarix müddəti 06.07.2009-cu ildir. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, Cavabdeh ilə bank arasında 06.07.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 06 iyul 2009-cu il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, 06.07.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 06 iyul 2009-cu il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 06 iyul 2012-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 26 fevral 2021-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2911/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9099/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9099/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver