Məhkəmə qərarları › İş №2(103)-91/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-91/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-91/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh2 nümayəndəsi və vəkili, digər Cavabdeh1 MMC-nin isə vəkili olan X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1 MMC-yə (MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiyanın təqdim edilməsi üzrə HO/531 saylı xx xxxx 2015-ci il tarixli müqavilə üzrə MMC-dən bankın xeyrinə 1 512 788 manat əsas, 30339,78 manat faiz, illik 10 faizlə hesablanmış faiz borcu qismində 5462,85 manat olmaqla cəmi 1 548 590,63 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.metr) əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdə və o, satıldıqda, cavabdehlərin 1 ay ərzində qeyri-yaşayış sahəsini tərk etməsi və ipoteka predmetinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, HO/531 saylı xx.xx.2015-ci il tarixli Qarantiya müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 1 512 788 manat məbləğində Qarantiya təqdim olunmuş, bu qarantiya MMC ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2011-ci il tarixli 171/00/2/11 saylı kredit müqaviləsinin təminatı olmuşdur. Cavabdeh1 MMC tərəfindən həmin müqavilənin şərtləri pozulduğundan QSC “Bank Standard” KB tərəfindən “xxxx” ASC-yə qarantiya məbləğinin xx.xx.2016-ci il tarixədək QSC “Bank Standart” KB-yə ödənilməsinin təmin edilməsi barədə xx.xx.2016-cı il tarixli məktubla tələb irəli sürülmüş, buna görə də qarantiya məbləği QSC “Bank Standard” KBnin hesabına köçürülmüşdür. Bundan sonra qarantiya müqaviləsi üzrə ödənilmiş məbləğin qaytarılması barədə Cavabdeh1 MMC-yə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin MMC tərəfindən borc ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 1 512 788 (bir milyon beş yüz on iki min yeddi yüz səksən səkkiz) manat məbləğində əsas, 30 339 (otuz min üç yüz otuz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik qarantiya üzrə faiz borcu və 5462 (beş min dörd yüz altmış iki) manat 85 (səksən beş) qəpik məbləğində illik 10 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 1 548 590 (bir milyon beş yüz qırx səkkiz min beş yüz doxsan) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın Cavabdeh1 MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 MMC və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinə düzgün hüquqi qiymət verilməsini xahiş etmiş, şikayətlərini birinci instansiya məhkəməsinin işin hallarını düzgün qiymətləndirmədiyi, qarantiya məbləğinin “Bank Standard” KB-nə ödənilmiş olmasına dair sübut olmamasını və hətta bununla bağlı ekspertin rəy verə bilməməsini nəzərə almadığı, eləcə də iddiaçının tələb etdiyi faiz məbləğlərinin həddindən artıq şişirdildiyinə, ipoteka predmetinin real dəyərindən aşağı qiymətləndirildiyinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili, digər Cavabdeh1 MMC-nin isə vəkili olan X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmiş, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş QSC “Bank Standard” KB isə (onun ləğvedicisi) nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir; çünkü qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir.Bununla yanaşı nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, “xxxx” ASC (bank) ilə Cavabdeh1 MMC (MMC) arasında xx.xx.2015-ci il tarixdə HO/531 saylı “xxxx” müqavilə bağlanmış, müqaviləyə əsasən bank, MMC-nin QSC “Bank Standart” KB-lə bağladığı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq QSC-nin xeyrinə xx xxxx 2016-cı il tarixədək 1 512 788 manat məbləğində qarantiya təqdim etmiş, MMC-nin banka qarantiyanın tam məbləğindən illik 2% faiz ödəməli olması razılaşdırılmış, MMC-nin bank qarşısında qarantiya müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq 5 840 000 manat məbləğində qiymətləndirilmiş Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2982,8 kv.metrdən ibarət əmlak kompleksi kimi müəssisə (anbar) ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 MMC QSC “Bank Standart” KB ilə bağladığı kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən “Bank Standart” KB tərəfindən banka xx.xx.2016-cı il tarixdə tələbnamə ünvanlanmış, tələbnamədə 1 512 788 manat məbləğində pul vəsaitinin xx.xx.2016-cı il tarixinədək QSC “Bank Standart” KB-yə ödənilməsi xahiş olunmuşdur. İddiaçı bankın iddiasına görə, həmin tələbnamə əsasında QSC “Bank Standart” KByə qarantiya məbləği ödənilmişdir və Cavabdeh1 MMC bu məbləği, habelə qarantiya müqaviləsinin şərtlərinə görə hesablanmış faizləri banka geri qaytarmalıdır. İddiaya etiraz edən cavabdehlərin arqumentlərinə görə isə, qarantiya məbləğinin “Bank Standard” KB-nə ödənilmiş olmasına dair sübut mövcud deyildir və birinci instansiya məhkəməsi bununla bağlı ekspertin də müvafiq rəy verə bilməməsini nəzərə almamışdır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert xx.xx.2017-ci il tarixli rəyində “xx.xx.2015-ci il tarixli HO/531 saylı xxxx müqavilənin təminatı olduğu QSC “Bank Standart” KB ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 171/00/2/11 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları, kassa mədaxil və məxaric orderləri təqdim edilmədiyindən, qarantiya müqaviləsinin təminatı olan ipoteka müqavilələrində qarantiyanın məbləğinin ******* manat olması və ya ******* manat olmasının doğruluğunu müəyyən etməyin”, “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış HO/531 saylı xxxx müqavilə üzrə hansı məbləğdə kredit vəsaitinin ayrıldığını, kredit vəsaiti üzrə əsas borca və borcuna nə qədər ödəniş aparıldığı və nə qədər qaytarılmamış qalan əsas və faiz borcunu müəyyən etməyin mümkün olmadığını” göstərmişdir. “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış HO/531 saylı xxxx müqavilə üzrə müvafiq ödəniş sənədlərinin iş materiallarında mövcudluğu və həmin sənədlər əsasında işin obyektiv həlli üçün zəruri olan sualları cavablandırmağın mümkün olduğu nəzərə alınaraq apellyasiya baxışı zamanı əlavə ekspertiza təyin olunmuş, eyni zamanda QSC “Bank Standard” KB-dən bütün müvafiq sənədlər sorğu əsasında alınaraq ekspertə göndərilmişdir. Ekspertin həmin təyinat əsasında verdiyi xx.xx.2019-cu il tarixli rəy tədqiq olunarkən, ekspertin QSC “Bank Standard” KB-dən apellyasiya baxışı zamanı alınmış sənədləri ümumiyyətlə incələmədiyi və yenə də “hesabdan çıxarış məlumatlarının, kassa mədaxil və məxaric orderlərinin təqdim edilmədiyini” vurğulamaqla əsaslılığı şübhə doğuran rəy hazırladığı müəyyən edildiyindən təkrar ekspertiza təyin olunmuş, xx.xx.2020ci il tarixdə verilən ekspert rəyində “xxxx” ASC tərəfindən QSC “Bank Standard” KB-nə qarantiya müqaviləsi üzrə ümumilikdə 1 673 345,24 manat vəsait köçürüldüyü”, “1 512 788 manat məbləğində vəsait üçün xx xxxx 2015-ci il tarixindən xx xxxx 2016-cı il tarixinədək illik 2%-lə hesablanmalı olan faizin 30 339,80 manat, xx xxxx 2016-cı il tarixindən xx xxxxx 2017-ci il tarixinədək illik 10%-lə hesablanmalı olan faizin isə 102 953,63 manat təşkil etdiyi” göstərilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 478-ci maddəsinə görə, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir; 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir; 489-cu maddəsinə görə isə, qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 MMC-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, tələb edilən borcun məbləğinin dəqiqləşdirilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh1 MMC nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əldə olunmuş ekspert rəyi ilə həmin məbləğlərin hətta bankın tələb etdiyindən də artıq olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən müddəalara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması” hissəsində təmin etməkdə də haqlı olmuşdur. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı verilmiş ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Həmin rəyin real bazar qiymətlərini əks etdirmədiyi barədə apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya icraatı zamanı keçirilmiş ekspertizaların xərci Cavabdeh1 MMC-dən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1328/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni “1 512 788 (bir milyon beş yüz on iki min yeddi yüz səksən səkkiz) manat məbləğində əsas, 30 339 (otuz min üç yüz otuz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik qarantiya üzrə faiz borcu və 5462 (beş min dörd yüz altmış iki) manat 85 (səksən beş) qəpik məbləğində illik 10 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 1 548 590 (bir milyon beş yüz qırx səkkiz min beş yüz doxsan) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 (iki yüz doxsan) manat Cavabdeh1 MMC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləği apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar