Məhkəmə qərarları › İş №2(103)-910/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-910/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-910/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)- 421/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Həsənova (Orucova) Təhminə Nadir qızına, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Həsənova (Orucova) Təhminə Nadir qızından və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 308046,33 ABŞ dolları kredit borcu, 43698,31 ABŞ dolları faiz borcu və 159802,67 ABŞ dolları cərimə olmaqla, cəmi 511547,31 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 234151,93 ABŞ dolları kredit borcu, 33267,35ABŞ dolları faiz borcu və 157476,45 ABŞ dolları cərimə olmaqla, cəmi 424895,73 ABŞ dolları, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 936443,4 (doqquz yüz otuz altı min dörd yüz qırx üç dollar 4 sent) borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə, Həsənova (Orucova) Təhminə Nadir qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 936443,4 (doqquz yüz otuz altı min dörd yüz qırx üç ABŞ dolları 4 sent) borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Həsənova (Orucova) Təhminə Nadir qızından və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri Binəqədi rayonu, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Həsənova (Orucova) Təhminə Nadir qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Həsənova (Orucova) Təhminə Nadir qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 03.02.2015-ci il tarixli 010L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 16.02.2015- ci il tarixli, 010R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq 1,2333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.01.2016-cı il tarixli, 010R**********S saylı, 19.02.2018-ci il tarixli, 010R**********SA saylı, 28.09.2018-ci il tarixli 010R**********SB saylı sazışlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 91953.67 ABŞ Dolları ödəmiş, onun 308046,33 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.07.2020-ci il tarixə 381 gün üçün hesablanmış faiz borcu 43698,31 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 03.07.2020-ci il tarixə 381 gün üçün hesablanmış cərimə 159802.67 ABŞ Dolları təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.04.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.01.2016-cı il tarixli 010R**********S saylı, 02.06.2016-cı il tarixli 010R**********SA saylı, 19.02.2018-ci il tarixli 010R**********SB saylı, 01.06.2018-ci il tarixli 010R**********SC saylı, 28.09.2018-ci il tarixli 010R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.05.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 65848.07 ABŞ Dolları ödəmiş, onun 234151.93 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.07.2020-ci il tarixə 428 gün üçün hesablanmış faiz borcu 33267.35 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 03.07.2020-ci il tarixə 428 gün üçün hesablanmış cərimə 157476.45 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 ilə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən, yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.04.2015-ci il tarixli 010M**********02 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 №-li reyestr kitabının 2886 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24.04.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 04.05.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Binəqədi rayonu Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh5 və Həsənova (Orucova) Təhminə Nadir qızı notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk etməyi öhdəsinə götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 04.02.2015-ci il tarixli 010M**********701 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, 1212- ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilini İddiaçı, QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2247 №-li reyestr kitabının 209046 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24.04.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 04.05.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)- 421/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 müştərək qaydada 010R********** saylı, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 308046,33 ABŞ dolları, faiz borcuna görə 43613,21 ABŞ dolları və cərimə borcuna görə 3.000 ABŞ dolları olmaqla, cəmi 354,659,54 (üç yüz əlli dörd min altı yüz əlli doqquz dollar 54 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə); 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 234151,93 ABŞ dolları, faiz borcuna görə 33267,35 ABŞ dolları və cərimə borcun görə 3.000 ABŞ dolları olmaqla, cəmi 270419,28 (iki yüz yetmiş min dörd yüz on doqquz dollar 28 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat rüsum və xidmət haqqının əvəzi alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğ Orucova (Həsənova) Təhminə Nadir qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin ilkin satış qiyməti 470000 (dörd yüz yetmiş min) manat, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 320000 (üç yüz iyirmi min) manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzili satıldıqdan 1 ay sonra cavabdeh Orucova (Həsənova) Təhminə Nadir qızı tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Həsənova (Orucova) Təhminə Nadir qızı tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, qiymətləndirmə xidmətinin göstərilməsi dəyəri kimi 700 (yeddi yüz) manat cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab: “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod: 502058 VÖEN **********, h/h: AZ46NABZ********************, m/h: AZ65UBAZ**********0060AZN001, S.W.İ.F.T. kod: **********) köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-421/2021 saylı iş üzrə 04.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, aralarında yuxarıda şərh edilən qaydada və şərətlərlə kredit müqavilələri bağlandığını etiraf etməklə yanaşı, hesab edirlər ki, məhkəmə tərəfindən kredit müqavilələri üzrə borcların vaxtında və lazımi qaydada ödənilməməsi səbəbləri araşdırılmamışdır. Borcun qaytarılmamasının səbəbi kredit müqaviləsi bağlanılarkən mövcud olmuş şəraitin borclu Cavabdeh1 cavabdeh olmadığı haldan irəli gəlməsi, biznes mühitinin kəskin dəyişməsi, ölkədən xaricə gedişgəlişin tam məhdudlaşdırılması olmuşdur. Hazırda köhnə biznes münasibətləri bərpa olunur və Cavabdeh1 kredit borcunu müqavilədə şərtləşdirilmiş qaydada və müddətdə ödəmək şansı yaranmışdır. Zaminlik müqaviləsi bağlanarkən Cavabdeh2 müqaviləyə imza etməmişdir. Kreditor əsas borclu olan şəxsə qarşı tələb irəli sürmədən əlavə məsuliyyət daşıyan şəxslərə qarşı da tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.02.2015-ci il tarixli 010L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 10.000.000 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilənin 1.2-ci bəndində həmin müqavilənin bankın kredit vermək vədini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş digər halına görə, İddiaçı QSC ilə Orucova (Həsənova) Təhminə Nadir qızı arasında bağlanmış 04.02.2015-ci ipoteka müqaviləsinə əsasən 03.02.2015-ci il tarixli 010L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Orucova (Həsənova) Təhminə Nadir qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilərək, daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci ipoteka müqaviləsinə əsasən 03.02.2015-ci il tarixli 010L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. Həmin ipoteka müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan Cavabdeh4, Həsənova (Orucova) Təhminə Nadir qızı və Cavabdeh5 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılıqlarını bildirmiş, əmlaka tutma yönəldilərək satıldığı təqdirdə isə onu qeyd şərtsiz tərk etməyi qəbul etmişlər. İş materiallarından aydın olur ki, 11.02.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında, 16.02.2015-ci il tarixdə isə İddiaçı QSC ilə Orucova (Həsənova) Təhminə Nadir qızı arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, adı çəkilən şəxslər borclunun (Cavabdeh1) uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 010R********** saylı, 16.02.2015-ci il tarixli kredit razılaşması bağlanmış və borcluya aylıq 1,2333% olmaqla, 60 ay müddətinə 400000 (dörd yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir; 18.01.2016-cı il, 19.02.2018-ci il və 28.09.2018-ci Sazişlərlə isə tərəflər arasında yeni ödəniş planı tərtib edilməklə ödənişlərin ona uyğun olaraq həyata keçirilməsi razılaşdırılmış, həmin razılaşmanın və sazişlərin əlavəsi olan ödəniş planlarına Orucova (Həsənova) Təhminə Nadir qızı ipoteka qoyan qismində imza etməklə,onunla tanış olduğunu təsdiq etmişdir(18.01.2016-ci il tarixli saziş istisna olmaqla). İşin mübahisəsiz digər halına görə isə, bank ilə Cavabdeh1 arasında həmçinin 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması da bağlanmış və borcluya aylıq 1,2333% olmaqla, 60 ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir; 18.01.2016-ci il, 02.06.2016-cı il, 19.02.2018-ci il, 01.06.2018-ci il və 28.09.2018-ci Sazişlərlə isə tərəflər arasında yeni ödəniş planı tərtib edilməklə ödənişlərin ona uyğun olaraq həyata keçirilməsi razılaşdırılmış, həmin razılaşmanın və sazişlərin əlavəsi olan ödəniş planlarına Orucova (Həsənova) Təhminə Nadir qızı ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir (18.01.2016-ci il və 02.06.2016-cı il tarixli sazişlər istisna olmaqla). İş materiallarında olan 06 iyul 2020-ci il tarixli və 05 may 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 010R********** saylı, 16.02.2015- ci il tarixli kredit razılaşması üzrə 03.07.2020-ci il tarixə 308046,33 ABŞ dolları əsas kredit borcu, 43698,31 ABŞ dolları faiz borcu və 159802,67 ABŞ dolları cərimə olmaqla, cəmi 511547,31 ABŞ dolları məbləğində, 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması üzrə isə 03.07.2020-ci il tarixə 234151,93 ABŞ dolları əsas kredit borcu, 33267,35 ABŞ dolları faiz borcu və 157476,45 ABŞ dolları cərimə olmaqla, cəmi 424895,73 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşin digər halına görə, yuxarıda qeyd edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallaında olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 9/3761 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 03.07.2020-ci il tarixə banka olan borcu 351659,55 ABŞ dolları (o cümlədən əsas borc üzrə 308046,34 ABŞ dolları, faiz borcu üzrə 43613,21 ABŞ dolları); 27.04.2015-ci il tarixdə bağlanmış 010R********** saylı kredit razılaşması üzrə isə 03.07.2020-ci il tarixə banka olan borcu 267966,52 ABŞ dolları (o cümlədən əsas borc üzrə 234151,93 ABŞ dolları, faiz borcu üzrə 33814,59 ABŞ dolları) müəyyən olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 16 mart 2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin bazar qiyməti 550 (beş yüz əlli min) manat, likvid qiyməti isə 470000 (dörd yüz yetmiş min) manat; Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin bazar qiyməti 400000 (dörd yüz min) manat, likvid qiyməti isə 320000 (üç yüz iyirmi min) manat qiymətləndirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Orucova (Həsənova) Təhminə Nadir qızı isə bankla bağladıqları zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. O cümlədən cavabdehlərdən Orucova (Həsənova) Təhminə Nadir qızı kredit razılaşmalarının və sazişlərin əlavəsi olan ödəniş planlarına imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir (imzaların ipoteka qoyan qismində həyata keçirilməsi də fərqli qənaətə gəlmək üçün əsas deyildir; belə ki, həmin imzalar onun hər bir halda kredit razılaşmalarının və sazişlərin şərtlərindən məlumatlı olduğunu göstərir). Cavabdeh2 gəldikdə isə, o, borclunun (Cavabdeh1) uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş, həmin kredit müqaviləsində isə kredit müddəti 120 ay, məbləği isə 1000.000 (bir milyon) ABŞ dolları olaraq göstərilmişdir. Kredit razılaşmalarına əsasən isə ona 60 ay müddətinə ümumilikdə 700000 (yeddi yüz min) ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrin yaranması halları müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı və 477.0.1-ci maddələrinə görə, zaminliyə xitam verilməsi yalnız zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda mümkündür. Cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 010R********** saylı, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə 03.07.2020-ci il tarixə 308046,33 ABŞ dolları əsas kredit borcunun, 43698,31 ABŞ dolları faiz borcunun; 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması üzrə isə yenə 03.07.2020-ci il tarixə 234151,93 ABŞ dolları əsas kredit borcunun, 33267,35 ABŞ dolları faiz borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı əldə olunmuş 23 iyul 2021-ci il tarixli 9/3761 saylı ekspertizanın rəyi ilə də borcalanın kredit razılaşmaları üzrə 03.07.2020-ci il tarixə məhz tələb edilən (yəni, maliyyə arayışlarında göstərilən) məbləğlərdə əsas borcunun olduğu müəyyən edilmiş, faiz borcu isə 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 43613,21 ABŞ dolları, 27.04.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə isə 33814,59 ABŞ dolları olaraq hesablanmışdır Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 010R********** saylı, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 308046,33 ABŞ dolları, faiz borcuna görə isə 43613,21 ABŞ dolları; 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 234151,93 ABŞ dolları, faiz borcuna görə isə 33267,35 ABŞ dolları pul tutularaq iddiaçı banka ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 tutulmalı dəbbə pulunun məbləğinə gəldikdə isə, məhkəmənin qənaətinə görə, cərimə borcunun hər kredit razılaşması üzrə 3.000 (cəmi 6000) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası iddianın, “pulun tutulması tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutma Bakı şəhəri Binəqədi rayonu, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldikdən o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Həsənova (Orucova) Təhminə Nadir qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, tutma Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Həsənova (Orucova) Təhminə Nadir qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini də əsaslı hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Qeyd edildiyi kimi, həmin ipoteka müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan Cavabdeh4, Həsənova (Orucova) Təhminə Nadir qızı və Cavabdeh5 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılıqlarını bildirmiş, əmlaka tutma yönəldilərək satıldığı təqdirdə isə onu qeyd şərtsiz tərk etməyi qəbul etmişlər. Həmçinin yuxarıda da göstərildiyi kimi, kredit razılaşmaları və sazişlər üzrə hazırlanmış ödəniş planlarına ipoteka qoyan Orucova (Həsənova) Təhminə Nadir qızı imza etməklə dəyişikliklərlə tanış olduğunu təsdiq etmişdir. Bundan başqa, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Qanunun 59.3-cü maddəsinə əsasən isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından ,məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, "xxxx" MMCnin 16 mart 2021-ci il tarixli qiymətləndirilmə hesabatı ilə Bakı şəhəri, Xətai rayonu, 1212ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin bazar qiyməti 550000 (beş yüz əlli min) manat, likvid qiyməti isə 470000 (dörd yüz yetmiş min) manat; Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin bazar qiyməti 400000 (dörd yüz min) manat, likvid qiyməti isə 320.000 (üç yüz iyirmi min) manat olması müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilərkən məhz onların likvid qiymətləri əsas götürülməlidir. Bu mənada, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin ilkin satış qiyməti 470000 (dörd yüz yetmiş min) manat; Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 320000 (üç yüz iyirmi min) manat olaraq müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətlərin əsas götürülməsi ilə əmlakların münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər. Bununla belə məhkəmə, “satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbini əsassız sayır; belə ki, qalıq borcun tutulması “İcra haqqında” qanunla tənzimlənir və bu baxımdan onun müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 müştərək qaydada 010R********** saylı, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 308046,33 ABŞ dolları, faiz borcuna görə 43613,21 ABŞ dolları və cərimə borcuna görə 3.000 ABŞ dolları olmaqla, cəmi 354,659,54 (üç yüz əlli dörd min altı yüz əlli doqquz dollar 54 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə); 010R********** saylı, 27.04.2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 234151,93 ABŞ dolları, faiz borcuna görə 33267,35 ABŞ dolları və cərimə borcun görə 3.000 ABŞ dolları olmaqla, cəmi 270419,28 (iki yüz yetmiş min dörd yüz on doqquz dollar 28 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat rüsum və xidmət haqqının əvəzi alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğ Orucova (Həsənova) Təhminə Nadir qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzilinin ilkin satış qiyməti 470000 (dörd yüz yetmiş min) manat, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 320000 (üç yüz iyirmi min) manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 saylı evin 215 saylı mənzili satıldıqdan 1 ay sonra cavabdeh Orucova (Həsənova) Təhminə Nadir qızı tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Həsənova (Orucova) Təhminə Nadir qızı tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, qiymətləndirmə xidmətinin göstərilməsi dəyəri kimi 700 (yeddi yüz) manat cavabdehlər Cavabdeh1, Orucova (Həsənova) Təhminə Nadir qızından və Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab: “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod: 502058 VÖEN **********, h/h: AZ46NABZ********************, m/h: AZ65UBAZ**********0060AZN001, S.W.İ.F.T. kod: **********) köçürülməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya yuxarıda sadalananlardan əlavə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında yuxarıda şərh edilən qaydada və şərətlərlə kredit müqavilələri bağlandığını etiraf etməklə yanaşı, hesab edir ki, məhkəmə tərəfindən kredit müqavilələri üzrə borcların vaxtında və lazımi qaydada ödənilməməsi səbəbləri, yəni biznes mühitinin kəskin dəyişməsi, ölkədən xaricə gediş-gəlişin tam məhdudlaşdırılması nəzərə alınmaması əsassız olmuşdur.Hazırda köhnə biznes münasibətləri bərpa olunur və Cavabdeh1 kredit borcunu müqavilədə şərtləşdirilmiş qaydada və müddətdə ödəmək şansı yaranmışdır.Həmçinin, Zaminlik müqaviləsi bağlanarkən Cavabdeh2 müqaviləyə imza etməmişdir. Kollegiya göstərilənlərlə bağlı qeyd edir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa Cəfərov X5 müqaviləsini müqaviləyə imza etməməsi əsası ilə, həmçinin ümumiyyətlə mübahisələndirməmişdir.. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)- 421/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar