Məhkəmə qərarları › İş №2(103)-9101/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9101/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9101/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şəmşir İbrahimovun İddiaçı ASC-nə olan 7.833,14 manat məbləğində əsas borcun, 856,97 manat məbləğində faiz borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun borclular X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “X7” ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9659/2015 saylı, 14 iyul 2015-ci il tarixli məhkəmə əmrinə əsаsən borclular X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “X7” ASC-nin xeyrinə 7.833,14 manat məbləğində əsas, 856,97 manat məbləğində faiz borcu, cəmi 8.690,11 manatın və məhkəmə xərci kimi ödənilmiş 20 manat pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 tərəfindən verilmiş etiraza əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixl qərardadı ilə 2(001)-9659/2015 saylı, 14 iyul 2015ci il tаriхli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirаklаrı ilə ümumi iddiа icrааtı qаydаsındа bахılmаsı qərаrа аlınmışdır. Kreditor “X7”Açıq Səhmdаr Cəmiyyəti məhkəmə əmrinin verilməsinə dair ərizəsini оnunla əsaslandırmışdır ki, X3 ilə “X7” ASC arasında bağlanan 1000 saylı, 17 iyul 2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədi üşün 36 ay müddətinə, illik 23 faiz hesablanmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən, Şəmşir İbrahimovun kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasına dair öhdəliyi Zakir Beydullayev və Cavabdeh3 öz üzərinə götürmüşlər. Borclu kredit vəsaitindən istifadə etsə də, krediti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyib, nəticədə borc yaranmışdır. Şəmşir İbrahimov öhdəliklərinə əməl etmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 24 iyun 2015-ci il tarixə banka 7.833,14 manat əsas, 856,97 manat faiz borcu olmaqla ümumilikdə 8.690,11 manat məbləğində borcu yaranmışdır. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 “X7” ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 7.600,86 manat əsas, 1.216,37 manat faiz borcu olmaqla, cəmi 8.817,23 manat pulun, həmçinin, ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə “X7”Açıq Səhmdаr Cəmiyyətinin iddiasının təmin edilməsi, əsas borc üzrə 7.600,86 manat əsas, 1.216,37 manat faiz borcu olmaqla cəmi 8.817,23 manat məlbəğində pul vəsaitinin X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı iddia tələbi irəli sürərkən banka olan borcun ödənilməsi və ya kredit üzrə öhdəliyin vaxtında icra etməməsi ilə əlaqədar hər hansı gecikmə barəsində ünvanına xəbərdarlıq məktubu daxil olmamışdır. Bundan əlavə məhkəmə prosesi ekspert rəyi alınmadan keşirilmişdir. Belə olan halda məhkəmə iddia tələbi üzrə qətnamə çıxararkən cavabdehlərin iştirakı olmamasına əsasən qiyabi qətnamə çıxarmalı olduğu halda bunu etməmiş, qətnamə kimi çıxarılmışdır. Bu da onun Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə prosesi zamanı sübutlar tam araşdırılmamış, bütün cavabdehlər dinlənilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə prosesində iştirak etməməyi çəkişmə prinsipini pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “X7” ASC-nin nümayəndəsi, cavabdehlər X3 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı “X7” ASC-nin nümayəndəsinin, cavabdehlər Şəmşir İbrahimovun və Cavabdeh3 iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “X7” ASC ilə X3 arasında bağlanmış 1000 saylı, 17 iyul 2013-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, müqavilənin şərtlərinə görə Şəmşir İbrahimova istehlak məqsədilə 36 ay müddətinə, illik 23 faiz hesablanmaqla 10.000 manat məbləğində kredit verilmiş və o, həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür.(İ.vər. 13 - 14) İş materiallarında оlan, “X7” ASC ilə X3 arasında bağlanmış 1000 saylı, 17 iyul 2013cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlinin surətindən görünür ki, bоrclu Şəmşir İbrahimov 10.000 manat məbləğində əsas bоrc və 3.935 manat faiz məbləğini, hər ay 387,10 manat оlmaqla banka 13. 935,50 manat məbləğini 17 avqust 2013-cü il tarixdən 17 iyul 2016-cı il tarixə kimi ödəməli idi.(İ.vər. 15) İş materiallarında olan, “X7” ASC ilə Cavabdeh2 arasında bağlanmış 1 saylı, 17 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Şəmşir İbrahimovun 1000 saylı, 17 iyul 2013-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 16) İş materiallarında olan, “X7” ASC ilə Cavabdeh3 arasında bağlanmış 2 saylı, 17 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Şəmşir İbrahimovun 1000 saylı, 17 iyul 2013-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 17) İş materiallarında olan, “X7” ASC tərəfindən borclular X2, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 14.03.2014-cü il tarixli pretenziya məktubundan görünür ki, “X7” ASC tərəfindən borclular 1000 saylı, 17 iyul 2013-cü il tarixli “Kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin etmələri barədə xəbərdar olunmuş, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.(İ.vər. 18 ) İş materiallarında olan, 24 iyun 2015-ci il tarixli maliyyə arayışından görünür ki, X3 “X7” ASC-yə 1000 saylı, 17 iyul 2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 24 iyun 2015-ci il tarixinə 7.833,14 manat əsas borc, 856,97 manat məbləğində faiz borcu, cəmi 8.690,11 manat məbləğində borcu vardır.(İ.vər. 6) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işdən göründüyü kimi, iddiaçı ilə cavabdeh Şəmşir İbrahimov arasında 17 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə cavabdeh Şəmşir İbrahimova 10.000 manat məbləğində pul illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsindən ötrü digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. Göründüyü kimi, Cavabdeh2 apelyasiya şikayətində kredit üzrə borcun X3 ilə bərabər digər cavabdeh kimi ondanda birgə tutulmasının düzgün olmadığını, həmçinin ona qarşı iddia tələbi irəli sürərkən banka olan borcun ödənilməsi və ya kredit üzrə öhdəliyin vaxtında icra etməməsi ilə əlaqədar hər hansı gecikmə barəsində ünvanına xəbərdarlıq göndərilmədiyini bildirsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Həmçinin Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4181/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar