Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9103/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(001)-4010/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4620,84 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********30012 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 4620.84 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 4620.84 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(001)-4010/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(001)-4010/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilmiş, həmçinin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olmuşdur. Cavabdehin adına olan **********30012 saylı abonent kodunun təhlili zamanı onun istifadə etdiyi elektrik enerjisinin haqqı olaraq 4620.84 manat ödəməli olduğu halda, vaxtaşırı 370.19 manat məbləğində ödəniş edərək Cəmiyyət qarşısında 4620.84 manat məbləğində debitor borcu yarandığı aydın görünür. Qeyd edilən fakt məhkəmə baxışında təqdim edilən invoysda (abunə haqqında məlumat vərəqi) öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən iddiaçının hüquqları, həmçinin qanunun normaları pozularaq istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmamış, iddia tələbi rədd edilmişdir. Nəticədə "xxxx" ASC-yə qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirilmişdir. Belə ki, iddianın rədd olmasına səbəb kimi göstərilən borcun ödənilməsinin iddiaçı tərəfindən tələb edilməsinə dair heç bir sübutun məhkəməyə təqdim edilməməsinə dair qeyd edirlər ki, "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğac göstəricisini götürməklə ona borcu haqqında bildiriş, xəbərdarlıq (hesab-faktura) təqdim etmiş, eləcə də abonentin ünvanına istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Bu fakt məhkəmə tərəfindən iddiaçının borcu tələb etməsinə dair hal kimi qiymətləndirilməli idi. Digər səbəb - məhkəməyə təqdim edilmiş aktlarda və onlara qoşma edilmiş sənədlərdə həmin aktlar üzrə hesablanmış borc məbləğinin göstərilməməsinə dair qeyd edirlər ki, iddia ərizəsinə qoşma edilmiş 21 avqust 2017-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərin (icra vərəqi) “qərar” qrafasında 2,8 kvt x (0,7) x 24 saat x 30 gün =1411 kvts nəticə olaraq 155.21 manat (0.11 qəpik hesabı ilə), 12 fevral 2019-cu il tarixli eyni adlı tələblərin (icra vərəqi) “qərar” qrafasında 4 kvt x (0,7) x 24 saat x 30 gün =2016 kvts nəticə olaraq 221.76 manat (0.11 qəpik hesabı ilə) olduğu aydın görünür. Həmçinin, bu məbləğlər barədə qeyd məhkəməyə təqdim edilmiş abunə haqqında məlumat vərəqinin 3-cü səhifəsində öz əksini tapmışdır. Digər səbəb - iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübutun təqdim edilmədiyinə dair qeyd edirlər ki, iddia ərizəsinə qoşma olaraq, eləcə də məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş borc haqqında maliyyə arayışı və abunə haqqında məlumat əsaslı və qanuni sübutlar hesab edildiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan “abunə haqqında” hesab çıxarış məlumatlarından görünür ki, 29 may 2009-cu il tarixdən 28 mart 2021-ci il tarixədək sayğac oxunması üzrə məbləğ 373,24 manat, aktlar üzrə məbləğ 4597,87 manat, ödəmələr üzrə məbləğ 370,19 manat təşkil etmiş, sayğac quraşdırılma tarixinə borcun məbləği 4658,84 manat, sayğac quraşdırıldıqdan sonra ödəmə 75 manat, karta yüklənən məbləğ 37 manat, borcdan ödəmə 38 manat təşkil etmiş, beləliklə ümumi borcun məbləği 4620,84 manat müəyyən olunmuşdur. İş materiallarında olan maliyyə arayışında Cavabdeh 2015-ci ilə qədər olan borcunun 1944,19 manat təşkil etdiyi, 2015-ci il üzrə 1459,08 manat, 2016-cı il üzrə 817,92 manat, 2017-ci il üzrə 155,21 manat, 2018-ci il üzrə 0 manat, 2019-cu il üzrə 282,48 manat, 2020ci il üzrə 0 manat, 2021-ci il üzrə isə -38,04 manat qalıq borc kimi göstərilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, abonent Cavabdeh məxsus ünvan 1 ünvan üzrə 23.05.2009-cu ildən başlayaraq 02.12.2020-ci il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif əsaslarla (sayğacsız istifadə, sayğac quraşdırma haqqı, sayğacdan kənar işlədicilər, sxemdən kənarlaşma, EİQ-nın pozulması və s.) cəmi 15 dəfə aktlar tərtib edilmiş və həmin aktlara görə, ümumilikdə 4597,87 manat borc məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən borc məbləğlərinin uzun illər ərzində abonent tərəfindən elektrik enerjisindən istifadə qaydalarını bu və ya digər şəkildə pozması nəticəsində yarandığını iddia etmiş, lakin bu halları təsdiq edən sübutları (aktları) məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 07 fevral 2017 və 09 fevral 2019 tarixli aktlar isə kserosurət olmaqla sənədlərin əsli deyildir. Üstəlik, həmin aktların surətlərindən müəyyən edilir ki, onlar abonentin iştirak olmadan (bir halda səbəb göstərilməmiş, digər aktda isə qapının açılmadığı qeyd edilmişdir) tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 8.13-cü maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Qeyd edilən sahəvi qanunvericilik normalarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması halları qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilmədiyindən, cavabdehin belə hərəkətlərə yol verməsi və aktlar üzrə hesablanmış 4597,87 manat məbləğdə borcunun yaranması sübuta yetirilməmişdir. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi iki ədəd aktlar isə MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddia tələbi 4620,84 manatla bağlı olmasını nəzərə alaraq, iddianın qalan 23,03 manat hissəsi ilə bağlı kollegiya qeyd edir ki, göstərilən məbləğ abonentin elektrik enerjisindən istifadə etməsinə görə sayğac üzrə hesablanmış borc məbləğidir. İş materiallarında olan **********30012 saylı abonentin elektrik enerjisindən istifadə etməsinə görə yaranmış 4620,84 manat borc məbləği ilə bağlı bildirişdən görünür ki, həmin borc 02.03.2021-ci il tarixdən 07.04.2021-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 21.04.2021-ci il tarixdə, yəni həmin bildiriş tərtib edildikdən cəmi 15 gün sonra müraciət etmişdir. İş materiallarında bildirişin abonentə çatdırılmasına dair hər hansı sübut mövcud deyildir. Yuxarıda qeyd edilən «Qaydalar»ın 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmaların enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparıldığını, iddiaçı tərəfindən cavabdeh abonentə belə bildirişin çatdırılması sübuta yetmədiyini, həmçinin abonentin həmin borc məbləğini ödəməkdən imtina etməsinin və bununla da iddiaçının hüquqlarının pozulduğunun müəyyən edilməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən borcun məhkəmə qaydasında tələb edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qeyd edliənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olmuşdur və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(001)-4010/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9103/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver