Məhkəmə qərarları › İş №2(103)-911/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-911/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-911/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər AR Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh AR Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1347/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına İddiaçı mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun və 0,05 manat (beş qəpik) dövlət rüsumun dənilməsi qət edilmişdir.İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə ******* (bir milyon) manat, mənəvi zərərə görə ******* (bir milyon) manat pulun, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarülmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2000-ci ildə Bakı şəhərinə gəlmiş, 2007-ci ildən rəsmi VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, böyük çətinliklərlə yaşadığı evi inşa etmişdir. Hazırda iddia ərizəsində göstərdiyi ünvanda 8 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. 2014-cü ilin payız aylarında yaşadığı fərdi evin qarşısında yeni ev inşa etdirmək üçün qonşuluqda yaşayan X6 usta kimi müraciət etmiş, tikinti işləri ilə bağlı qarşılıqlı razılığa gəldikdən sonra tikinti işlərinə başlamışlar. xx.xx.2017-ci il tarixdə tikintini başa çatdırdıqdan sonra ustalara qonaqlıq verməklə spirtli içki qəbul etmişlər. Daha sonra X4 qızı Zübeydə onun evinə gələrək atasının anasını döydüyünü bildirməklə kömək etməsini xahiş etmişdir. O, Əsgərgilə gəlmiş, lakin münaqişəyə heç bir aidiyyəti olmamışdır. Polislər isə qərəzli şəkildə, qanunsuz olaraq onu da Əsgərlə birlikdə Polis İdarəsinə aparmış, onu qarşı qanunsuz hərəkətlərə yol vermişlər. Əslində ərazi üzrə polis əməkdaşları və Polis İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı əvvəldən qərəzli münasibət olmuşdur, belə ki, 2016-cı ildə baş vermiş oğurluğa görə şikayət etdiyi şəxslər barəsində Polis İdarəsi tərəfindən heç bir tədbir görülmədiyinə görə yazdığı şikayətlər səbəbindən həmin əməkdaşlar onu daim hədələmiş, onun üçün problem yaratmağa çalışmışlar. Ona görə də Əsgərlə bağlı baş vermiş hadisəyə görə onu şərləyərək, barəsində Azərbaycan Respublikası CM-nin 221.1, 315.1 maddələri ilə cinayət işi qaldırılmış, daha sonra prokurorluqda bununla bağlı araşdırma getmiş, CM-nin 315.1-ci madddəsi üzrə cinayət təqibinə xitam verilmiş, lakin heç bir əsas olmadan CM-nin 221.2.2 maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılmışdır. Təxminən bir ay sonra onu məhkəməyə çağırmışlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov heç bir araşdırma aparmadan, qanunsuz olaraq onu l (bir) il müddətinə azadlıqdan məhrum etmişdir. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)- 152/2017 saylı hökmündən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)- 1581/2017-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(010)-304/2018 saylı Qərarı əsasında cəzasının çəkilməmiş 4 ay 28 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, şikayəti xx.xx.2018ci il tarixli Qərarla qismən təmin edilmiş, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, apellyasiya şikayəti yenidən təmin edilməmiş, sonuncu qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-951/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-46/19 saylı Qərarı ləğv edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixli, 1(103)- 1303/2019 saylı bəraət hökmü verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)-152/2017 saylı hökmü ləğv edilərək, CM-nin 221.2.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin, prokurorluğunun və məhkəməsinin səhvi ucbatından bir ilini itirmişdir. Bundan başqa onun himayəsində olan yetkinlik yaşına çatmamış beş uşağı, himayəsində olan qardaşı uşaqları, ailənin digər üzvləri böyük stress yaşamış və ailəni dolandıracaq başqa şəxs olmadığından maddi problemlərlə üzləşmişlər, cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun işgüzar nüfuzu zədələnmiş və artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Hal-hazırda işsizdir, ailəsi ağır maddi çətinliklər yaşayır. Özünə məxsus avtomobilləri etibarnamə əsasında satmaq məcburiyyətində qalmışdır. Həmçinin, hüquqi yardıma görə vəkillərə 15 min manata yaxın pul xərcləmişdir. Bundan əlavə, həbsdə olduğu dövrdə onun xeyrinə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsi və prokurorluğunun səhvi nəticəsində ona xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdm edilmiş sübutlar əsasında yeni qətnamə qəbul etməklə iddiamın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin bütün faktiki halları tam aydınlaşdırılmamış, bununla da məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tələb etdiyi maddi zərərə görə hər hansı mötəbər subut təqdim etməmiş. Sahibkarlıq fəaliyyəti ilə bağlı məruz qaldığı maddi zərərin məbləği barədə hər hansı hesabat sənədini məhkəməyə təqdim edilməmişdir, həmçinin avtomobillərin etibarnamələr əsasında başqa şəxslərin səlahiyyətlərinə verilməsi onları məhkum olunmağı ilə əlaqədar satılmağı müəyyən etməyə əsas vermir. Ona görədə mülki iddianın maddi zərər barədə hissəsi sübuta yetirilmədiyindən əsassız hesab olunaraq təmin edilməmişdir. Öz növbəsində qeyd olunan qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir.Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 3000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlərin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərfəin şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyatorlar qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)-152/2017 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması və hökm qanuni qüvvəyə minənədək Bakı İstantaq Təcridxanasında saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1303/2019 saylı hökmünün surətindən görünür ki, apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxxxx 2017-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı təqsiri sübuta yetirilmədiyindən, əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona bəraət verilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(010)- 304/2018 saylı qərarının surətindən görünür ki, məhkum İddiaçı azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerinin dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı barəsində olan 1(002)-152/2017 saylı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1303/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən kassasiya şikayəti və ya protesti verilməmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X7 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, əri X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür, onun ölümündən sonra övladları xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.2004-cü il təvəllüdlü oğlu X15 İddiaçı himayəsindədir İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-570/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)- 89/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Axundov Əlövsət Məcid oğlundan 29500 manat məbləğində pulun və dövlət rüsumu kimi 30 manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, əmlakının oğurlanması faktına görə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması üçün Cavabdeh1-nin İŞ-nə göndərilmiş və istintaqın davam etdirilməsi İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Azər Məmmədzadəyə tapşırılmışdır İş materiallarında olan İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi istiqamətində hüquqi yardım göstərilməsi üçün tərəflər arasında 1000 (min) manat məbləğində xidmət haqqı razılaşdırılmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV No 894558 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı xüsusi mülkiyyətində olan **-UG-*** dövlət qeydiyyat nişanlı TOYOTA LAND CRUİSER MİNİK markalı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2020-ci il tarixədək X5 etibarnamə vermişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV No 284298 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı xüsusi mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2019-cu il tarixədək X1 etibarnamə vermişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə müvafiq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsi müəyyən edir ki: «hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafiq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir». Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyatak eçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilmiş, iddiaçı faktiki olaraq 7 aydan artıq həbsdə olmuş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1303/2019 saylı hökmü ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilərək iddiaçıya bəraət verilmişdir. İddiaçı hazırda bəraət hökmünə istinad etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdədir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanun normalarına əsasən hesab etmişdir ki, iddiaçının bəraət aldığı cinayət işi üzrə bir müddət həbsdə qalmaqla hüquqlarının məhdudlaşdırıldığı, bununla da özünün və ailəsinin mənəvi iztirab və sarsıntı keçirdiyi aşkardır. Bununla yanaşı, işin halları və ziyanın dövlət büdcəsi vəsaiti hesabına ödənildiyi nəzərə alınmaqla, mənəvi ziyan məbləğinin 3000 manat həddində müəyyən edilməsi ağlabatan və ədalətli hesab olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, Nazirlik qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixlit qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”. «Mənəvi zərərin ödənilməsi barədə qavnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun x xxxxxx 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Kollegiya hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmaqla, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması və barəsində ittiham hökmü çıxarılaraq əsassız olaraq məhkum olunması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi ziyanın 3000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun və tam ədalətli hesab etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətlərin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar