Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9110/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3936/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 798,55 manat əsas, 191,06 manat faiz borcu olmaqla, cəmi 986,61 manat borc və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh arasında 13.03.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən ona istehlak məqsədləri üçün illik 30 faiz ödəmək şərti ilə 84 ay müddətinə 100 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “bu müqavilə üzrə “borcverən” yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15.04.2021-ci il tarixə "xxxx" X4 Səhmdar Cəmiyyətinə 798,55 manat əsas, 191,06 manat faiz borcu olmaqla, cəmi 986,61 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(008)- 3936/2021 qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31 may 2021-ci il tarixli məhkəmə iclası barədə onun xəbərim olmadan, iştirakı təmin olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə prosesindən onun xəbərim olmamış, bildiriş, çağırış almamışdır. Eyni zamanda o, 28.07.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək "Unibank”a məxsus "Albali plus" kartından bilmədiyi şəraitdə pul çəkildiyi və hadisə nəticəsində mənə 817 manat ziyan dəydiyini bildirmişdir. Onun həmin pulların çıxarılmasından heç bir xəbəri olmamışdır, bank tərəfindən isə həmin fakt araşdırılmamışdır və əsassız borc yazılmışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3936/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi, iddiaçının nümayəndəsi X2 isə apellayasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3936/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31 may 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, həmin müqaviləyə aid ödəniş cədvəlini və Mülki Məcəllənin 739, 741, 462-ci maddələrin əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasları barədə ona məlumat verilmədiyini bildirsə də, iş materiallarının 13-cü vərəqəsindən görünür ki, Cavabdeh rəsmi qaydada məlumat verilmişdir. Bundan başqa iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin kartından müxtəlif vaxtlarda “Supercell” oyununa görə vəsait çıxılmışdır. Məhkəmə kollegiyası bildirir ki, oyuna görə vəsait çıxılmasına görə bank məsuliyyət daşımır. Çünki, vəsaitin çıxılması üçün kart məlumatları daxil edilməlidir. Göründüyü kimi kart məlumatları daxil edilmiş və hesabdan vəsait çıxılmış dır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3936/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9110/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9110/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver