Məhkəmə qərarları › İş №2(103)-9111/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9111/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9111/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(005)-2804/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “ödənişlərin və faizlərin dayandırılması, hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank of Baku ASC ilə aralarında olan öhdəlik üzrə onun cavabdeh Bank of Baku ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16.03.19-cu il tarixdə Bank of Baku ASCdən 3500 (üç min beş yüz) AZN məbləğində 24 aylıq müddətinə aylıq ödəniş 188.56 AZN olmaqla kredit götürmüşdür. 07.01.2019-cu il tarixdə işlədiyi Azərtrans MMC-dən ailə vəziyyətilə əlaqədar olaraq işdən çıxmışdır. Hal-hazıra kimi işləməmişdir. O, tək anadır, himayəsində 1 azyaşlı qız övladı var. Maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdiyi üçün Balakən rayonunda anasıın yanırıda yaşayır. Azərbaycan Respublikası Prezidentinin 31.12.2020-ci il tarixdə imzaladığı qanuna əsasən 2021-ci ildə ölkə ərazisində yaşayış minimumu ölkə üzrə ümumi 196 manat təşkil edir. Onun maddi vəziyyəti çox çox pisdir, çünki heç yerdə işləmir və əlavə gəlir yeri yoxdur. Qeyd edir ki ödənişlərini 2020-ci ilin 13 mart tarixinə kimi vaxtli- vaxtında ödəmişdir. Lakin işsiz olduğu üçün artıq ödənişlərində çətinliklər yarandığına görə Bank of Baku ASC ilə aralarında imzalanmış 13.03.2020-ci il tarixli yeni ödəniş cədvəlinə görə ödənişim aylıq 78 AZN təşkil etmişdir. Ölkə ərazisində COVİD-19 pandemiyasına görə ümumi karantin rejimi tətbiq edildiyindən zamanla onun maddi vaziyyəti lap pisləşmişdir. Artıq 2020-ci ilin noyabr ayından ödənişlərini ödəməyə heç cür imkanı olmayıb, hətta qeyd etdiyi tarixə kimi ödənilən ödənişlər də bibisi X1 tərəfindən ödənilmişdir. 15 aydır ki işsizdir, əlavə gəlir yeri yoxdur, hazırda qızı ilə rayonda anasının himayəsində yaşayırlar. Anası pensiyaçıdır. Bank of Baku ASC-nin nümayəndələri ödənişlərini ödəmədiyi üçün ona dəfələrlə zəng edir. Onlara maddi vəziyyətinin çox pis olduğunu, işsiz, tək çarəsiz olduğunu izah etsə də, faiz və cərimələrinin dayandırılmasını xahiş etsə də, əksinə bank nümayəndəsi onun Bank of Baku ASC tərəfindən 300 (üç yüz) AZN cərimə olunacağını bildirir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(005)- 2804/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işə qeyri-obyektiv baxılaraq qəbul edilmişdir. 17.06.202l-ci il tarixdə Nərimanov rayon məhkəməsinə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqram vurmuşdur. Lakin məhkəmə işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Bu səbəblədə Nərimanov rayon məhkəməsinin 2(005) - 2804/2021 saylı 18.06.21-ci il tarixli qətnaməsinin qanunsuz hesab edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar kredit müqaviləsi üzrə ödənişlər edə bilmir və bu səbəbdən cavabdeh Bank of Baku ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli, RK/31139/74 nömrəli Kredit Sazişinə 1 saylı əlavədən görünür ki, İddiaçı 2369.19 manat məbləğində vəsaiti aylıq 79.88 manat, sonuncu ay isə 81,15 manat annuitetlə 48 ay müddətində ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 13.03.2020-ci il tarixli, MXD-1 saylı ödəniş tapşırığından görünür ki, 2369.19 manat vəsait Cavabdeh ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir. İş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş iddiaya verilmiş etirazdan görünür ki, cavabdeh Bank tərəflər arasında bağlanmış Bank of Baku ASC-nin müştərilərinə kreditləşmə və xəidməti şərtlərinin 3.4-cü bəndinə əsasən faizlər kredit verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarıldığı günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Cərimənin hesablanması ilə bağlı bildirilmişdir ki, müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında icra edilməməsinə görə, 2 gündən sonra 88 gün ərzində ödənişin hər gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 faizi həddində, kreditin valyutasından asılı olaraq 0.50 manat/ABŞ dolları/avrodan az olmamaq şərti ilə Banka cərimə ödəyir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, ki tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən həmin müqavilənin şərtləri pozularaq ödənişlər ödəniş qrafiki üzrə vaxtında və tam yerinə yetirilməmiş, cavabdeh maddi vəziyyəti ilə əlaqədar ödənişləri edə bilmədiyinə istinad edərək ona həmin müqavilə üzrə faiz və cərimənin hesablanmasının dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı maddi vəziyyətinin əsaslı şəkildə pisləşməsinə əsaslanaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin dəyişməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 421 və 422-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası işin hallarına, və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına istinad edərək bu qənaətə gəlir ki, iddiaçının göstərdiyi dəlillər şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (faiz və cərimənin hesablanmasının dayandırılması) üçün əsas ola bilməz. Göründüyü kimi, işin faktiki halları iddianın qanuni əsasını təşkil edən hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş edərkən, haqlı olmamışdır. Bu baxımdan qeyd olunmalıdır ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası mövcud deyil, buna dair faktiki hallar müəyyən edilmir, əgər faktiki hallar müəyyən edilmirsə, iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşması mövcud olmur ki, bununla da hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(005)- 2804/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar