Məhkəmə qərarları › İş №2(103)-9117/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9117/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9117/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə Cavabdeh1 arasında bağlanmış və Bakı Şəhəri 9 saylı Notariat Kontorunun Xüsusi Notariusu Sadıqov Rəşadət Zülfüqar oğlu tərfəfindən təsdiq edilmiş 31 iyul 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında 31 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 “Borc verən" "Borc alan"a 130.000,00 (bir yüz otuz min) ABŞ dolları, bügün ki ekivalent manat məzənnəsi ilə ( 1ABŞ dolları=1.70 manat) 221.000,00 (iki yüz iyirmi bir min manat sıfır qəpik) manat məbləğində borc pul verməsini yəni mənim mülkiyyətinə keçirməyi və "Borc alan" isə krediti 30 sentyabr 2018-ci il tarixdə (otuz sentyabr iki min on səkkizinci il) tarixədək "Borc verənə" 130.000,00 (bir yüz otuz min) ABŞ dolları şəkilində və ya qaytarılan günkü ekivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə öhdəlikləri götürülməsi nəzərdə tutulmuşdur. Borc münasibətinə görə borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürməklə mülki hüquq münasibətinə daxil olur. Lakin Cavabdeh1 kredit müqaviləsi ilə borc alana verilməsi nəzərdə tutulan 221.000,00 (iki yüz iyirmi bir min manat sıfır qəpik) manat məbləğində borc pul məbləğini onun mülkiyyətinə keçirməmiş və bununla da Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu Rəşadət Sadıqovun iştirakı ilə borc verən Cavabdeh1 və borc alan İddiaçı arasında bağlanmış 31.07.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 130000 (bir yüz otuz min) ABŞ dolları, bu günki ekvivalent manat məzənnəsi ilə (1 ABŞ dollar=1.70 manat) 221000 manat 00 qəpik (iki yüz iyirmi bir manat sıfır qəpik) məbləğində pul borc vermişdir. Borc verən nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Borc alan krediti 30.09.2018 (otuz sentyabr iki min on səkkizinci il) tarixədək “Borc verənə” 130000,00 (bir yüz otuz min) ABŞ dolları, ABŞ dolları şəklində və ya qaytarılan günki ekvivalent manat məzənnə ilə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarına əlavə edilmiş Ərəstun Allahverdi oğlu tərəfindən Cavabdeh1 ünvanlanmış 15 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında 31 iyul 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun 2 (iki) iş günü ərzində ödənməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında 31 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2-ci bəndlərinə əsasən “Borc verən", Cavabdeh1 "Borc alan"a 130.000,00 (bir yüz otuz min) ABŞ dolları, bügün ki ekivalent manat məzənnəsi ilə ( 1ABŞ dolları=1.70 manat) 221.000,00 (iki yüz iyirmi bir min manat sıfır qəpik) manat məbləğində borc pul verməsini yəni mənim mülkiyyətinə keçirməyi və "Borc alan" isə krediti 30 sentyabr 2018-ci il tarixdə (otuz sentyabr iki min on səkkizinci il) tarixədək "Borc verənə" 130.000,00 (bir yüz otuz min) ABŞ dolları şəkilində və ya qaytarılan günkü ekivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə öhdəlikləri götürülməsi nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərinin icrası zamanı narazılıqlar yaranmışdır. Bu səbəbdən hazırkı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarının araşdırılarkən məhkəmə kollegiyası tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar etməmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar