Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9118/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Bayramov Bəhruz Front oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 108.170 ABŞ dolları, bank faizi olaraq 21.000 ABŞ dolları olmaqla 129,170 ABŞ dolları (manat məzənnəsi ilə) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03.10.2017-ci il tarixdə "xxxx" MMCnin təsisçiləri və direktoru ondan 108,170 ABŞ dolları pul borc aldılar. Bizneslə məşğul olub onun verdiyi pulun üstündə əlavə pul verməli idilər. Müqavilədə borc pulun qaytarılması üzrə qrafik də nəzərdə tutulmuşdur. 10.08.2018-ci il tarixdə verdiyi pulu qaytarmali idi. Tarix başa çatdıqdan sonra dəfələrlə müraciət etmişdir. Pulu ödəməyə söz versələr də ödəməmişlər. 11.03.2021-ci il tarixdə İddiaçı cavabdehin əsl cavabadehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMCnin "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ondan borc pul alan "xxxx" MMC olmuşdur. Belə ki, müqavilədə möhür, VÖEN, ünvan, bank hesabı "xxxx" MMC-yə məxsusdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" MMC-dən 70170 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla İddiaçı xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, əvvələn məhkəmə cavabdehin iddiaçıya yazılı qəbzlərlə qaytardığı 48000 ABŞ dolları məbləği düz hesablamamış, ödənilmiş məbləği 38000 ABŞ dolları məbləğində qəbul etmişdir. Qəbzlərdən görünür ki, ödənilmiş 48000 ABŞ dollarının 15000 ABŞ dolları iddiaçının nümayəndəsi Həsənov Elməddin Hüseyn oğlu vasitəsi ilə, 33000 ABŞ dlları isə şəxsən iddiaçının özünə verilmişdir. Məhkəmə qətnamənin təsviri hissəsində borcun 10000 ABŞ dollarının eyni gündə, 02.04.2018-ci il tarixdə Elməddin Həsənova 2 qəbzlə verilməsini göstərsə də, əsaslandırıcı hissədə qəbzin birini nəzərə almamışdır. Eyni zamanda nümayəndə Elməddin Həsənova 14.11.2017-ci il tarixli qəbzlə verilmiş 600 ABŞ dollarını və 16.11.2017-də verilmiş 4400 ABŞ dollarını nəzərə almayaraq çox əsassız bir səbəb yazmışdır. Məhkəmə qətnamədə həmin hissəni belə əsaslandırır ki, bundan başqa məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Həsənov Elməddin Hüseyn oğlu tərəfindən İddiaçı adından 16.11.2017-ci il tarixdə 4400 ABŞ dolları, 14.11.2017-ci ildə 600 ABŞ dolları məbləğində pulun alınması ilə bağlı bildirir ki, həmin vəsaitlərin alınmasına dair müvafiq ödəniş qəbzlərinin surəti əlavə edilmədiyindən məhkəmə o hissədə təqdim edilmiş sənədləri mötəbər hesab etmir." Çox maraqlı bir izahdır. Əgər cavabdeh həmin tarixli qəbzləri məhkəməyə təqdim etməmişsə məhkəmə onların tarixini və məbləğləri hansı mənbədən almışdır. Həmin iki ədəd qəbzin əsilləri də məhkəməyə təqdim edilmişdir. Məhkəmə sənədləri tam öyrənməmiş, ödənilmiş pulların hesablanmasında yanlışlığa yol vermişdir. Məhkəmənin gedişində vəsatət qaldırılmışdır ki, Elməddin Həsənov şahid kimi məhkəməyə dəvət edilsin. Məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, iddiaçı da onun dindirilməsinə etiraz etmişdir. Beləliklə, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan həmin fakt aydınlaşdırmayaraq səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında 03.10.2017-ci il tarixdə bağlanmış 108170 ABŞ dolları məbləğində borc müqaviləsinə görə borc 10.08.2018-ci il tarixə kimi ödənilməli idi, amma ödənməmişdir. Halbuki, cavabdeh iddiaçıya rəsmi qəbzlərlə 48000 ABŞ dolları ödəmişdir. Maraqlıdır ki, iddiaçı iddia ərizəsində ödənmiş məbləği niyə göstərməmişdir. Əslində iddiaçı cavabdehə müqavilə bağlanan gün pul verməmişdir. Onların arasında kirayə müqaviləsi bağlanmış, iddiaçı cavabdehə mal yığmaq üçün icarəyə ambar vermişdir. Bundan əlavə müəyyən məbləğdə borc pul da vermiş, cavabdeh onun pullarını qaytarmışdır. Lakin iddiaçı əsas borcun qaytarılması ilə kifayətlənməyərək cavabdehə faiz borcları hesablamışdır. Bununla bağlı aralarında mübahisə düşmüşdür. Nəticədə iddiaçı cavabdehə icarəyə verdiyi ambarın ağzını öz qıfılı ilə bağlamış, cavabdehin mallarını dövriyyəyə buraxmamışdır. Onları hətda polisə də vermişdir. Cavabdeh "xxxx" MMC-ni məcbur etmişdir ki, ona tələb etdiyi məbləği ödəməsə mallarını satışa buraxmayacaq. Nəticədə cavabdehi ağır vəziyyətə salaraq onu əqd bağlamağa məcbur etmişdir. AR Mülki Məcəlləsinin 339-cu maddəsinin məzmununa görə belə əqdlər etibarsız əqdlərdir. Məhkəmədə iddiaçı sübut edə bilməmişdir ki, müqavilənin predmeti olan 108170 ABŞ dollarını cavabdehə nə vaxt, hansı şəraitdə vermişdir. Məbləğin özündən də görünür ki, borcun 108170 ABŞ dolları məbləğində verilməsi hansı məntiqə sığır. Niyə məhz 108170 ABŞ dolları! Bütün bunlar göstərir ki, həmin məbləğ İddiaçı tərəfindən faiz qismində hesablanmış məbləğdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Bayramov Bəhruz Front oğlu apellyasiya şikayətinə etiraz təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamənin yalnız cavabdeh mübahisələndirməklə qeyd edilən hissədə apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 03.10.2017-ci il tarixli 013 saylı borc müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında ödəmə cədvəlinə uyğun olaraq 10 ay müddətinə ayda 10 817 ABŞ Dolları qaytarmaq şərtilə 108 170 (yüz səkkiz min yüz yetmiş) ABŞ Dolları məbləğində borc müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 12.01.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı (VÖEN **********) isə ünvan 3na əlavə edilmiş 04.10.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı 3000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.11.2017-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.12.2017-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 08.01.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 23.02.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2018-ci il tarixli qəbzdən görünür ki, Həsənov Elməddin Hüseyn oğlu İddiaçı adından 5000 USD məbləğində pulu almışdır. İş materiallarına əlavə edilmiş 01.05.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.10.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin oktyabr ayında cavabdehlə aralarında bağlanmış borc müqaviləsinə əsasən ödəmə cədvəlinə uyğun olaraq 10 ay müddətinə ayda 10 817 ABŞ dolları qaytarmaq şərtilə 108 170 (yüz səkkiz min yüz yetmiş) ABŞ dolları məbləğində borc pul vermişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə Borcalanın adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeyd edilsə də, müqavilədə qeyd edilən hüquqi şəxsin adı, hüquqi ünvanı, VÖEN-i, bank rekvizitləri, müəssisənin möhürü borc müqaviləsinin həqiqətən də Cavabdeh ilə bağlandığını təsdiq edir. Hazırki halda, iddiaçı qeyd edir ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu ödəməkdən imtina edir. Cavabdeh isə ilkin olaraq iddiaçıdan borca heç vaxt pul almadığını bildirir, daha sonra isə ödənişə dair qəbzləri təqdim edərək borc götürdüyü pul vəsaitini geri qaytardığını qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi yazılı borc müqaviləsi üzrə ödənilməmiş borcun tutulması hissəsində qismən əsaslıdır, yəni 70 170 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, mülki işə əlavə olunmuş məxaric kassa orderlərindən görünür ki, İddiaçı 04.10.2017-ci il tarixdə 3000 ABŞ dolları, 10.11.2017-ci il tarixdə 5000 ABŞ dolları, 10.12.2017-ci il tarixdə 5000 ABŞ dolları, 08.01.2018-ci il tarixdə 5000 ABŞ dolları, 23.02.2018-ci il tarixdə 5000 ABŞ dolları, 02.04.2018-ci il tarixdə 5000 ABŞ dolları, 01.05.2018-ci il tarixdə 5000 ABŞ dolları və 10.10.2018-ci il tarixdə 5000 ABŞ dolları olmaqla, ümumilikdə 38 000 ABŞ dolları məbləğində borc ödənişi edilmişdir. Bundan başqa məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Həsənov Elməddin Hüseyn oğlu tərəfindən İddiaçı adından 16.11.2017-ci il tarixdə 4400 USD, 14.11.2017-ci il tarixdə 600 USD məbləğində pulun alınması ilə bağlı bildirir ki, həmin vəsaitlərin alınmasına dair müvafiq ödəniş qəbzlərinin surəti əlavə edilmədiyindən məhkəmə haqlı olaraq o hissədə təqdim edilmiş sənədləri mötəbər hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qəbzlər üzrə pul vəsaitlərinin iddiaçıya verilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin cavabdeh "xxxx" MMC-yə verildiyini, lakin bugünədək geri qaytarılmadığını, cavabdeh isə həmin borc məbləğinin tam geri qaytarılmasına dair ödənişlərin edildiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı müvafiq cavabdeh tərəfindən qismən ödənişlər barədə qəbzlər mövcuddur, lakin cavabdehin qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda isə cavabdehin öz izahatında bildirdiyi və təqdim edilən ödəniş sənədlərindən göründüyü kimi, iddiaçıya cəmi 38 000 ABŞ dolları borc ödənişinin geri qaytarıldığı sübuta yetmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda isə, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9118/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9118/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver