Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9121/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlə onun birgə nikahından doğulmuş uşağının – 30.06.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsinə (İş № 2(010)-3482/2017) əsasən cavabdehdən onun xeyrinə tutulan alimentin məbləğinin artırılması və hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, nikahdan 1 uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onların nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi (İş № 2(010)- 3482/2017) ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 136,60 manat (əslində qətnamədə 137 manat qeyd edilib) sabit məbləğdə alimentin, uşağa qulluğa görə isə ananın özü üçün isə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşağın dörd yaşı var. Uşaqda “yastıpəncəlik” adlandırılan xəstəlik var. Bu xəstəlik alimentdən əlavə xərclər tələb edir. Uşağın xüsusi ayaqqabılarının və corablarının alınması, xüsusi masaja getməsi və idmanla məşğul olması mütləqdir. Əvvəlki məbləğdə tutulan aliment uşağın xərclərinə kifayət etmir. İddiaçı, uşağın xərclərini təkbaşına qarşılaya bilmir. O, cavabdehə bu xərclərin qarşılamasında iştirak etməyi təklif etmiş, lakin cavabdeh imtina etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi (İş № 2(010)-3482/2017) ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsini, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, uşağın xərclərinin artmasını nəzərə alan iddiaçı “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddia ilə Rayon Məhkəməsinə müraciət edərək Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi əsasında cavabdehdən onun xeyrinə tutulan cəmi 237 manat məbləğində alimentin artırılması xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi bu məbləği əsassız olaraq azaldaraq 175 manat məbləğində müəyyən etmişdir. Buna görə də, Rayon Məhkəməsini qətnaməsi əsassız hesab edilərək ləğv edilməlidir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsindən (İş № 2(010)-3482/2017) görünür ki, həmin qətnamə ilə iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 137 manat, uşağın 3 yaşına çatana kimi isə iddiaçının özü üçün isə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdehə qarşı “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılmasını və 300 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı alimentin 300 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, Rayon Məhkəməsi alimenti 175 manat məbləğində müəyyən etmişdir. Rayon Məhkəməsi bu kimi nəticəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, 2021-ci il üçün isə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Buna görə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa uyğun olaraq hər ay 175 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin bu məbləğdən daha yüksək məbləğdə tutulması üçün əsaslar məhkəmə araşdırılması zamanı müəyyən edilmədi. Uşağın səhhətində olan problemlərin aradan qaldırılması üçün əlavə xərclər tələb olunursa, onda iddiaçı, cavabdehə qarşı “əlavə xərclərə cəlb olunma tələbi barədə” iddia qaldırmalıdır. Odur ki, Məhkəmə, Rayon Məhkəməsinin əsaslanmasını Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 5, 13 və 19-cu maddələrinin, BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81 və 112-ci maddələrinin, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun, “Uşaq hüquqları haqqında” Bəyannamənin tələblərinə uyğun araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin əsaslanması qanunidir; alimentin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununda qeyd edilən məbləğdən daha yüksək məbləğdə tutulması üçün əsaslar mövcud deyil, uşağın səhhətində olan problemlərin aradan qaldırılması üçün əlavə xərclər tələb olunursa, onda iddiaçı, cavabdehə qarşı “əlavə xərclərə cəlb olunma tələbi barədə” iddia qaldırmalıdır. Çünki, “valideynin əlavə xərclərə cəlb olunması” proseduru “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması” prosedurandan fərqlidir. Məhkəmə isə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM; maddə 218.3.). Apellyasiya şikayətində iddiaçı bildirir ki, o, Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi əsasında cavabdehdən onun xeyrinə tutulan cəmi 237 manat məbləğində alimentin artırılması xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi bu məbləği əsassız olaraq azaldaraq 175 manat məbləğində müəyyən etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Çünki, Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment 237 manat məbləğində deyil, 137 manat məbləğində müəyyən edilmişdir. Qalan 100 manat uşağa görə tutulan aliment deyil. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti (300 manat – 137manat = 163 manat; 163 manat x 12 ay=) 1.956 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9121/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9121/2021
01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver