Məhkəmə qərarları › İş №2(103)-9123/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9123/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9123/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(001)- 1242/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(001)- 1242/2021 saylı qətnaməsinə əsasən Cavabdeh 24 may 2017-ci il tarixli, 1279- 24.05.2017-SM0153 saylı kredit müqaviləsi üzrə 1046,95 manat əsas, 59,03 manat faiz, 52,21 manat cərimə borcu olmaqla ümumilikdə 1158,19 manat məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(001)- 1242/2021 saylı qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(001)- 1242/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən 2(001)-1242/2021 saylı mülki iş üzrə 19 mart 2021-ci il tarixdə qətnamə qəbul edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində mövcud olmayan 05 aprel 2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur və həmin qərardaddan verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-1242/2021 saylı, 06.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar