Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9125/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Məmmədov Yusif Məcid oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1727/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 402 manat borc, 20 manat dövlət rüsumu, cəmi 422 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən, cavabdeh mobil telefon almış və nəticədə borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə aldığı əşyanın borc öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 366 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1727/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli Müqavilədən yaranmış 402 manat borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 422 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kreditlə aldığı telefon bir ay sonra itmişdir. O, telefon itən kimi iddiaçıya məlumat vermişdir ki, kodlar bağlanılsın və telefon axtarılsın. Bununla bağlı polisə də müraciət etmiş, iddiaçıya müraciətinin əsas səbəbindən biri də o olmuşdur ki ki, telefon üçün əlavə ödəniş olunmaqla verilən qızıl zəmanət ləğv edilsin. Çünki bu zəmanət artıq öz əhəmiyyətini itirmişdir. Telefon itirildiyindən zəmanətə ehtiyac yox idi. İddiaçı bunu nəzərə almadan və öz iddia tələblərindən bunu qeyd etmədən ondan əlavə pul tələb edir. Məhkəmə isə qanunun tələblərinə əməl etmədən onun zərərinə qətnamə çıxarır. İddiaçı məbləği dəqiqləşdirərək düzgün qeyd etməli və ona əlavə hesablanmış cəriməni silməlidir. Əlavə olaraq 36 manat cərimə, 20 manat rüsum və 90 manat zəmanət məbləği də iddia məbləğindən çıxılmalıdır. O, iddiaçıya əsas borcdan 90 manat zəmanət haqqı çıxılandan sonra qalan məbləğ 276 manatı ödəməyi təklif etmiş, onlar isə razılaşmamışdırlar. Əlavə olaraq iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasına da əməl etməmiş, ona bu barədə hər hansı bildiriş göndərməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Məmmədov Yusif Məcid oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1727/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli Müqavilədən və ödəniş cədvəlindən görünür ki, kreditor alıcıya 12 ay müddətinə, aylıq 61 manat ödəmək şərti ilə ümumi qiyməti 732 manat dəyərində əşya satmış, alıcı isə müqaviləyə əsasən ödəməli olduğu pul məbləğini kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin təqdim etdiyi maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Müqavilə üzrə 366 manat ödəniş etmiş və onun həmin müqavilə üzrə 366 manat əsas borcu, 36 manat dəbbə pulu, ümumilikdə 402 manat borcu vardır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə aldığı əşyanın dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb edilməsi və iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi də əsaslı hesab edilərək, təmin edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına prosesin vaxtı və yeri barədə bildiriş göndərilmiş və cavabdehin yoldaşı tərəfindən imza edilməklə qəbul edilmişdir. (iş v. 19) İş materiallarından görünür ki, Cavabdeh apellyasiya icraatı zamanı da məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə iştirak etməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iş materialları və qanunvericiliyin normaları ilə təkzib olunmaqla əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1727/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1727/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9125/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver