Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9128/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında bağlanmış 09.06.2008-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 15%-lə 18 ay müddətinə 48 000 manat məbləğində kredit verildiyini, borclunun borcunu tam ödəmədiyini və 602,15 manat borcunun qaldığını irəli sürmüş, həmin borc məbləğinin, habelə 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq cavabdehin borcunun qalmadığını qənaətinə gəldiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış apellyator, eləcə də iddiaçı bankın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında 14 dekabr 2007-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona 24 ay müddətinə, illik 15 % hesablanmaqla 48 000 kredit verilmiş, həmin müqaviləyə edilmiş 09.12.2009-cu il tarixli əlavə ilə kreditin qaytarılma müddəti 09.06.2011-ci il tarixinə qədər uzadılmış, kredit faizi 16%-ə artırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilə üzrə cavabdehin borcunun qalmadığının müəyyən olunduğuna əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2002-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 440.4-cü maddəsində müəyyən edilmiş bölgü qaydası və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar iddiaçının mülkiyyət hüququnun və qanuni maraqlarının lazımi qaydada yerinə yetirilməsinə imkan vermir, mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır, konstitusiya mülkiyyət hüququnu qorumağa dövlətin təminat verməsi vəzifəsinin mahiyyətini təhrif edir. Göründüyü kimi, aparılmış ödənişlər kredit müqaviləsi üzrə əvvəlcə dəbbə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu qalmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1789/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9128/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9128/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver