Məhkəmə qərarları › İş №2(103)-913/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-913/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-913/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2252/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraatda baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 170 saylı kredit müqaviləsi üzrə yaranmış 1840 manat əsas borc, 389.19 manat faiz borcu tutulmuşdur. Hazırda iddiaçı Cavabdeh 170 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək 1840 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 1232.54 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı pulun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 170 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tariədək 1840 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 1232.54 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 32.33 (otuz iki manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı ASC-nin nizaminaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X3 Edilməsi Agentliyi» MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-957 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 170 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% tətbiq edilməklə, 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. 28 iyun 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduqda İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli, 2(009)-2000/2019 saylı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2800/2020 saylı Qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20469 saylı rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi başa çatanadək əsas borcu üzrə 1.840 manat, faiz borcu üzrə 1.498,64 manat olmaqla, cəmi 3.338,64 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 170 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 1840 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 1232,54 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı QSC BOKT-nın xeyrinə əsas borca hesablanmış 552 (beş yüz əlli iki) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, Mülki Məcəllənin 21.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçı əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır, lakin iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək deyil, yekun məhkəmə aktının qanuni qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixədək olan müddətə 1840 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış əldən çıxmış faydanı tələb edə bilər. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədə hakim heç bir ekspertiza keçirmədən, heç bir mütəxəssis rəyi almadan iddia tələbini qismən təmin etmiş (552 manat) və hansı mənbəyə istinad etdiyini isə qeyd etməmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli hesabdan çıxarışdan görsənir ki, "xxxx" ASC–yə Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə 5 (beş manat) manat məbləğində son ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçıQSC-nin maliyyə arayışından da açıq şəkildə borcun "xxxx" ASC tərəfindən İddiaçı QSC –yə ötürüldüyü xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh tərəfindən heç bir ödəniş hayata keçirilməmişdir. Bu səbəbdən də iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 170 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2014-cü il tarixədək 1840 ( min səkkiz yüz qırx ) manat əsas məbləğə Azərbaycan Mərkəzi Bankının uçotdərəcəsinə əsasən 1232,54 ( min iki yüz otuz iki manat, əlli dörd ) manat məbləğində əldən çıxmış fayda və zərər hesablandığı açıq şəkildə göstərilsədə, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, cavabdehin xx.xx.2022ci il tarxədək öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-913/2023 saylı 10 yanvar 2023-cü il tarixli qərardadı ilə işin icraatı Mülki Məcəllənin 339.3, 421.3, 423.2, 424.3, 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə müraciət üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına əsas olan mülki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkaməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-913/2023 saylı 01 iyun 2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

Azərbaycan Respublikası Konstitusiya Məhkaməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı

Mülki Prosessual Məcəllə:

394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və Bakı şəhər Səbail rayon Məhkəməsinin 28 dekabr 2019cu il tarixli, 2(009)-2000/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 170 saylı kredit müqaviləsi üzrə yaranmış 1840 manat əsas borc, 389.19 manat faiz borcu tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2800/2020 saylı qətnaməsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(009)-2000/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilməsində haqlı olmasını göstərsə də, xx.xx.2014-cü il tarixdən yekun məhkəmə aktının qanuni qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixədək olan müddətə 1840 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış əldən çıxmış faydanı tələb edə bilməsi nəticəsinə gələrkən əsas borca hesablanmış məbləğin 552 (beş yüz əlli iki) manta olmasını göstərmişdir. Apellyator heç bir ekspertiza keçirmədən, heç bir mütəxəssis rəyi almadan 552 manat məbləği müəyyən edərkən hansı mənbəyə istinad etdiyini isə qeyd etməməsini göstərmiş, dəlilini isə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 170 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2014-cü il tarixədək 1840 (bir min səkkiz yüz qırx) manat əsas məbləğə Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 1232,54 (bir min iki yüz otuz iki manat, əlli dörd) manat məbləğində əldən çıxmış fayda və zərər hesablandığı açıq şəkildə göstərilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Başqa sözlə, kollegiya qeyd edir ki, yalnız xüsusi bilik tələb olunan süallar izah etmək zərurəti yarandığından məhkəmə müvafiq ekspertiza təyin edə bilər. Hazırki işdən görünür ki, xx.xx.2014-cü il tarixdən yekun məhkəmə aktının qanuni qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixədək olan müddətə 1840 manat əsas borca görə illik 5 %-i 92 manat təşkil edir ki, bunun da 6 illik müddətə hesabladıqda məbləğ 552 manat təşkil edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassız olmuşdur, Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 394-cü maddəsiini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar