Məhkəmə qərarları › İş №2(103)-9133/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9133/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9133/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı “xxxx” İKB ASC-nin (hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(001)-162/2013 saylı qərardadından iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” İKB ASC (hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(001 )-162/2013 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, onun ərizəsi əsasında məhkəmənin xx xxxx 2013-cü il tarixli qərardadı ilə xx xxx 2013-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş, mülki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Daha sonra iddia ərizəsi məhkəmənin xx xxxxxx 2013-cü il tarixli, 2(001)-162/2013 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmışdır. Hazırda isə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsaslanaraq xx xxxxxx 2013-cü il tarixli, 2(001)-162/2013 saylı qərardad ilə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Həmin qərardad əsassızdır, belə ki, məhkəmənin xx xxx 2013-cü il tarixli, 2(001)- 162/2013 saylı qiyabi qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC (xxxx ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı iddası təmin olunmuşdur. Qəbul edilmiş məhkəmə aktlarının icrası ilə bağlı tərəflərindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, Binəqədi rayon icra və probasiya şöbəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatında 2(001)-162/2013 saylı icra vərəqəsi mövcud deyildir. Bununla bağlı olaraq məhkəməyə ərizə ilə müraciət edilərək, qeyd edilən icra vərəqəsinin Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi xahiş olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə poçt ünvanlarına daxil olmuş məhkəmə tərəfindən cavab məktubu ilə müəyyən edilmişdir ki, qeyd olunan iş baxılmamış saxlanılmışdır. Lakin, həmin qərardad iddiaçıya təqdim olunmamışdır. Məhkəmənin qeyd olunan qərardadı 26 avqust 2013-cü il tarixdə qəbul olunsa da, qərardad faktiki olaraq onlara xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-162/2013-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(001)-162/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin, Cavabdeh1 ərizəsi əsasında məhkəmənin xx xxxx 2013-cü il tarixli qərardadı ilə xx xxx 2013-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş və mülki işin icraatı təzələnərək məhkəmə iclası xx xxxx 2013-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. xx xxxx 2013- cü il tarixli məhkəmə iclası barədə bildiriş poçt vasitəsilə tərəflərə göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, tərəflərin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx xxxxxx 2013cü il tarixə, saat 11:00-a təxirə salınmışdır. xx xxxxxx 2013-cü il tarixli məhkəmə iclası barədə bildiriş poçt vasitəsi ilə tərəflərə göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehlər isə məhkəmə iclasında təkrar iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasını xx xxxxxx 2013-cü il tarixə, saat 17:00-a təxirə salmış, bu barədə bildiriş məhkəmə iclasında iddiaçının nümayəndəsinə rəsmi qaydada təqdim edilmiş, cavabdehlərə isə bildiriş poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq xx xxxxxx 2013-cü il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmiş və iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Kollegiya qeyd edir ki, iş üzrə tərəflər məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, məhkəmə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx xxxxxx 2013-cü il tarixli qərardad qəbul etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil və buna görə də hazırki şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(001)- 162/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar