Məhkəmə qərarları › İş №2(103)-914/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-914/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-914/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3247/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300070 manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 64365 manat faiz borcunun və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281276 manat əsas borcun, 60569 manat faiz borcunun, ümumilikdə isə 706280 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 24 ay müddətinə 325500 manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 12 ay müddətinə 281400 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan kredit qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcun ödənilməsindən yayınmışdır. Digər Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixli və xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Hal-hazırda Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 300070 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 64365 manat, cəmi isə 364435 manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə isə əsas borcu 281276 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 60569 manat, cəmi isə 341845 manat faiz təşkil edir. Cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3247/2020 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuş, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300070 manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 951,50 manat faiz borcunun, xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281276 manat əsas borcun, 12566,03 manat faiz borcunun, ümumilikdə 594863,53 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 145 manat pulun Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni faiz borcunun tutulması hissəsində və iddianın zaminə aid rədd olunması hissədə əsassız olmasını, iddianın həmin hissələrdə tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikaytəinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 12% faiz olmaqla, 24 ay müddətinə 325500 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli, 07 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 12% faiz olmaqla, 12 ay müddətinə 281400 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 07 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300070 manat əsas borcu, 64365 manat faiz borcu, cəmi 364435 manat borcu və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281276 manat əsas borcu, 60569 manat faiz borcu, cəmi 341845 manat borcu, ümumilikdə isə hər iki müqavilə üzrə 706280 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlıq, bildiriş və pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan hökm və qərarlardan (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü və yuxarı instansiya məhkəmələrinin qərarları) görünür ki, Cavabdeh2 hazırki kredit müqavilələri üzrə ona verilmiş Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə bəraət verilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 24 ay müddətinə 325500 manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 12 ay müddətinə 281400 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixli və xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsi iddianı faizlərin tutulması hissəsində qismən təmin etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini borcun (faizlərin) tutulması hissəsində mübahisələndirmiş, lakin həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, işdə olan ekspertiza rəyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2018-ci il tarixli, 32541 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi) görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 300472,42 manat, faiz borcu 951,50 manat, xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə əsas borcu 281322,50 manat, faiz borcu isə 12566,03 manat təşkil edir. İddiaçı apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamanın konkret əsaslarını göstərməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, məhkəmə kollegiyası faizlər hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Bununla yanaşı, iddiaçı qətnaməni iddianın zaminə aid hissədə təmin olunmaması hissədə mübahisələndirmişdir. Birinci instansiya iddianı həmin hissədə rədd edərkən, zaminə aid hissədə müddətin keçməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissədə də dəlili ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin, zaminlik müddətsiz deyildir və kreditorun zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində iddia irəli sürmək hüququ vardır. Əks halda zaminliyə xitam verilir. Bu hal, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərindən irəli gəlir. Belə ki, qeyd edilən normaların tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və işdə olan sübutlardan (kredit, zaminlik müqaviləsi və s.) aydın olur ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələlərinin müddəti (kreditin qaytarılması müddəti) 2014-cü il tarixdə bitmiş, lakin iddiaçı zaminə qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. İşdən görünür ki, hazırki iddia ərizəsi xx xxxxxx 2017-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 03 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi ilə xitam verilməsini tənzimləyən MM-nin 477.0.4-cü maddəsi iddia müddəti olmadığından, onun tətbiqi üçün tərəfin ərizə verməsi (və ya müstəqil olaraq belə tələblə çıxış etməsi) tələb olunmur. Bununla yanaşı, işdən görünür ki, bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2013-cü il tarixdə kredit müqaviləsinə əlavə razılaşma imzalanmış və xx xxxxxxxx 2011-ci il tarixli 02 saylı kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, lakin zamin kimi Cavabdeh2 razılığı alınmamışdır (işdə bu barədə hər hansı sübut mövcud deyildir). Bu hal da özü-özlüyündə qeyd edilən kredit müqaviləsi üzrə zaminin məsuliyyətinin aradan qalxması ilə nəticələnmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018ci il tarixli qərarı). Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vaxtda Cavabdeh2 zamin kimi mülki məsuliyyəti mövcud deyildir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3247/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3247/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar