Məhkəmə qərarları › İş №2(103)-9141/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9141/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9141/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli 2(007)-3859/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5405,81 ABŞ dolları məbləğində əsas, 769,6 ABŞ dolları məbləğində faiz, 244,09 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 6419,5 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 avqust 2014-cü il tarixli 754/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən illik 32 faizlə 12 ay müddətinə 6350 ABŞ dolları borc almışdır, həmin müqavilənin icrasının təmini üsulu kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli 2(007)- 3859/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 13 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5405,81 ABŞ dolları məbləğində əsas, 769,6 ABŞ dolları məbləğində faiz, 244,09 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 6419,5 ABŞ dolları pul məbləğinin ödəniş gününə Azərbaycanın manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məbləğlər düzgün hesablanmamışdır, o, krediti ABŞ dolları ilə deyil, manatla götürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, 13 avqust 2014-cü il tarixli 754/14 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 32 faiz hesablanmaqla 12 ay müddətinə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə cavabdehin məsuliyyətini öz üzərinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Bankın maliyyə arayışından görünür ki, Cavabdeh1 Xali oğlunun banka 5405,81 ABŞ dolları məbləğində əsas, 769,6 ABŞ dolları məbləğində faiz, 244,09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6419,5 ABŞ dolları borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində irəli sürülən, borcların düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh krediti manatla götürdüyünü qeyd etsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, müqaviləyə əsasən borcalan 6350 ABŞ dolları kredit götürmüşdür, yəni göründüyü kimi, müqavilənin valyutası ABŞ dolları olmuşdur. Məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli 2(007)- 3859/2015 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar