Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9149/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X7, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X3, qətnamənin hüquq və vəzifələrinə toxunduğu hüquqi şəxs kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən, sahəsi 111.4 kv.m olan 3 otaqdan ibarət 285 saylı mənzilin dəyərini 06.02.2006-cı il tarixdə MTK-ya ödəyərək aldığını, bununla bağlı həmin tarixdə MTK ilə müqavilə bağladığını və ona mənzilin dəyərini təşkil edən 45 000 (qırx beş min) manatı tam ödədiyinə dair maliyyə arayışı verildiyini, dəfələrlə MTK-ya gedərək mənzilinin ona nə vaxt təhvil veriləcəyi ilə maraqlansa da, MTK rəhbərliyi arasında məhkəmə mübahisələrinin olduğuna istinad edilərək gözləməli olduğunun bildirildiyini irəli sürmüş, buna görə də həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının hüquq iddia etdiyi mənzilin nə ona, nə də Cavabdeh MTK-na heç bir aidiyyatının olmadığı, həmin mənzilin qanuni qüvvədə olan məhkəmə qərarı ilə digər şəxsə məxsusluğunun təsdbit edildiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı İddiaçı 15.10.2021-ci il tarixdə vəfat etmiş olduğu müəyyən edildiyindən, onun oğlu Əkbər Mehtiyev prosessual hüquq varisi kimi tanınmışdır. Məhkəmə iclaslarında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, rəhbəri olduğu "xxxx" MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MMC və MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 m2 sahənin təhvil verilməmiş 5000 m2 sahəsinin MMC-yə naturada təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, MTK isə həmin iddia tələbinə qarşı qarşılıqlı iddia verərək MMC ilə MTK arasında 25 iyul 2005-ci il tarixdə bağlanmış podrat müqaviləsinin etibarsız hesab olunmasını istəmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti təmin edilmiş, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmış, həmin qətnamə kassasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin icrası qaydasında 5000 m2 sahə natura şəklində "xxxx" MMC-nə təhvil verildikdən sonra məlum olmuşdur ki, həmin sahələrdən bəziləri , o cümlədən 285 saylı mənzil MTK-nın sabiq sədri Ədalət Qəmbərov tərəfindən əvvəllər bir-neçə dəfə fərqli şəxslərə satılmış, beləliklə də o, nəinki MMC-ni, hətta icra məmurlarını da aldatmışdır. Belə ki, o, mənzilə dair X4 adına saxta sənədlər hazırlayaraq mənzilə dair digər məhkəmə mübahisələri zamanı mənzilin adı çəkilən şəxsə məxsus olduğunu “etiraf” etmiş, bu ərəfədə daha bir nəfər – Rövşən Məhərrəmov adlı şəxs – 285 saylı mənzilə dair müqavilə bağladığını bildirərək peyda olmuş və məhkəmədə iddia qaldırmışdır. Maraqlı tərəf kimi işə qoşularaq mənzilin saxta sənədlər əsasında satıldığını sübut etməyə çalışsalar da buna nail ola bilməmiş, mənzil Mirrasim Seyidova verilmişdir. Lakin mənzillər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olduğundan prokurorun göstərişi ilə Mirrasim Seyidova "xxxx" MTK tərəfindən mənzil verilmiş, 285 saylı mənzil "xxxx" MMC ilə müqavilə bağlamış vətəndaşa qalmış, o, mənzili təmir edib orada yaşamağa başlamışdır. Bütün məhkəmə mübahisləri dövründə və ümumiyyətlə ötən 20 il ərzində nə Ədalət Qəmbərov mənzilin İddiaçı satıldığını bildirmiş, nə də bu şəxs özü ortaya çıxıb mənzilin ona aid olduğunu irəli sürməmişdir. Bu o deməkdir ki, İddiaçı adına yazılmış müqavilə saxtadır və onun kassa mədaxil orderinin olmaması da bu faktı sübut edir. 285 saylı mənzil "xxxx" MMC tərəfindən dəyəri tam ödənilməklə X1 və İddiaçı iddiasının qondarma olduğu qətnamədən Cavabdeh MTK tərəfindən şikayət verilməməsindən də aydın olur. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi Əkbər Mehtiyev mübahisəsi gedən mənzilin mərhum atası tərəfindən satıldığını, lakin onda olan məlumata görə pulunun ona (atasına) verilmədiyini bildirmiş, iddianı müdafiə edib-etmədiyi barədə suallara ziddiyyətli cavablar verərək qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X8 da apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə yanaşı, İddiaçı heç bir maneə yaratmadıqlarını, mənzil məhkəmə tərəfindən kimə veriləcəksə onun hüququnu tanıyacaqlarını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya icraatı işdə iştirak etməyə cəlb olunmayan "xxxx" MMC-nin şikayəti əsasında başlanmış, adı çəkilən MMC Bakı Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı əsasında qətnamə ilə maraqlarına toxunulan hüquqi şəxs kimi qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə görə isə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən, sahəsi 111.4 kv.m olan 3 otaqdan ibarət 285 saylı mənzili 06.02.2006-cı il tarixdə 45 000 (qırx beş min) manat ödəyərək almış, bununla bağlı həmin tarixdə Cavabdeh MTK ilə müqavilə bağlamış, dəfələrlə MTK-ya gedərək mənzilinin ona nə vaxt təhvil veriləcəyi ilə maraqlansa da, MTK rəhbərliyi arasında məhkəmə mübahisələrinin olduğuna istinad edilərək gözləməli olduğu bildirilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin Cavabdeh MTK-ya qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində irəli sürdüyü “MMC və MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 m2 sahənin təhvil verilməmiş 5000 m2 sahəsinin MMC-yə naturada təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti təmin olunaraq iddia tələbi təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin aktı 03.06.2014-cü il tarixdə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmiş, qətnamənin icrası zamanı MMC və MTK arasında 16.02.2016cı il tarixdə razılaşma protokolu imzalanmış, bu razılaşma protokou nəzərə alınaraq icra məmuru tərəfindən 17.02.2016-cı il tarixdə akt tərtib olunmuş, akta əsasən bir sıra qeyriyaşayış sahələri və mənzillər, o cümlədən 285 saylı mənzil "xxxx" MMC-nə təhvil verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 17.12.2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Bununla yanaşı iş materiallarından aydın olur ki, sözügedən akt tərtib olunduqdan və müvafiq icra sənədi üzrə icraata xitam verildikdən sonra X9 mübahisəsi gedən 285 saylı mənzilin Cavabdeh MTK tərəfindən 22.12.2014-cü il tarixli müqavilə əsasında ona satıldığını irəli sürməklə Suraxanı rayon İcra şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin 23.12.2016-cı il tarixli qərarı ilə iddia təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 17.12.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13M saylı evin 4-cü girişinin 9-cu mərtəbəsindəki 285 və 286 saylı mənzillərin Cavabdeh MTKdan alınıb "xxxx" MMC-nə təhvil verilməsi ilə bağlı Suraxanı rayon İcra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qərarla belə nəticəyə gəlinmişdir ki, qeyd edilən mənzillər MTK tərəfindən Mirrasim Seyidova satılmışdır və mənzillərin kimin qanuni istifadə və sahibliyində olması icra şöbəsi tərəfindən araşdırılmadan başqa şəxsə məxsus mənzillərin icra sənədi üzrə tələbkara (yəni "xxxx" MMC-nə) təhvil verilməsinə dair tərtib edilmiş aktın və razılaşma protokolunun təsdiq edilməsi qanunsuz olmaqla Mirrasim Seyidovun mənzillər üzərində əmlak hüquqlarını pozmuşdur. Həmin işə baxılarkən həmçinin müəyyən olunmuşdur ki, X6 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra olunması, mənzilə və qaraja dair mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin və qarajın ona təhvil verilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13M saylı evin 4-cü girişinin 9-cu mərtəbəsindəki 285 və 286 saylı mənzillərin adı çəkilən şəxsə təhvil verilməsi qət edilmişdir. İşin müəyyən olunan digər halına görə, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC və Cavabdeh MTK arasında 16.02.2016-cı il tarixli razılaşma protokolundan əvvəl – 02.02.2015-ci il tarixdə - digər razılaşma protokolu tərtib olunmuş, sonradan ləğv edilən həmin protokol əsasında 285 saylı mənzil "xxxx" MMC-nə verilmiş, MMC-nin 31 avqust 2015-ci il tarixdə X13 ilə bağladığı müqaviləyə görə mənzil 34 000 manata sonuncuya satılmış, həmin məbləğ MMC-nin kassasına mədaxil edilmişdir. Belə aydın olur ki, mübahisəsi gedən mənzillə əlaqədar Cavabdeh MTK ilə X11, X9 və İddiaçı arasında müxtəlif tarixlərdə müqavilələr bağlanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində məhz Rövşən Məhərrəmovun hüququ tanınmış və mənzilin ona təhvil verilməli olduğu nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları iddiaçıya münasibətdə preyudisial olmasa da (onun həmin işlər üzrə tərəf olmaması səbəbilə), Cavabdeh MTK-ya münasibətdə preyudisiya keyfiyyəti əldə etmiş, 285 saylı mənzilin MTK tərəfindən kimə təhvil verilməli olmalı məsələsinə müəyyənlik gətirilmişdir; bu hal isə özüözlüyündə iddiaçının, həmin mənzilin ona təhvil verilməsi tələbinin dispozitiv şərtini istisna edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, İddiaçı prosessual hüquq varisi olan Əkbər Mehtiyev apellyasiya baxışı zamanı verdiyi izahatında mənzilin mərhum atası tərəfindən satıldığını bildirmişdir – bu isə o deməkdir ki, əslində İddiaçı müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüquq sahibi də olmamışdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: "xxxx" MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-913/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9149/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9149/2021
25.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver