Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-915/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Azərbaycan-X1rşı “pul öhdəliyinin icrasının gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 7.000 manat məbləğində pulun cavabdeh Müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Müəssisədən 5.205 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin cavabdeh Müəssisə həmin icra sənədini gec icra etmiş, nəticədə iddiaçıya 7.000 manat maddi ziyan vurulmuşdur. Belə ki, 2021-ci ildən 2023-cü ilə kimi qiymətlərdə bahalaşma olmuş, iddiaçıya məxsus və Astara şəhərində yerləşən evə Müəssisə tərəfindən 5 il bundan əvvəl, yəni xx.xx.2018-ci il tarixdə vurulmuş zərərin aradan qaldırılması üçün 5.205 manat artıq kifayət etmir, çünki tikinti materialların qiyməti qalxmışdır. Müəssisə iddiaçıya ödənilməli olan məbləği 5 il müddətində qanunsuz olaraq özündə saxlamışdır. Belə olan halda Müəssisə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən iddiaçıya əlavə olaraq 7.000 manat məbləğində ziyanı ödəməlidir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh "xxxx" Azərbaycan-X6 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, icra sənədini vermiş məhkəmə cavabdeh müəssisənin əvəzinə onun adına oxşar adla, lakin başqa VÖEN-lə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini yanlış olaraq cavabdeh kimi qeyd etmiş, icra məmuru tərəfindən "xxxx" MMC-nin hesabına inkasso sərəncamı göndərilmiş, "xxxx" MMC tərəfindən olunan çoxsaylı müraciətlərdən sonra aydın olmuşdur ki, icra sənədi cavabdeh Müəssisə tərəfindən icra edilməlidir. Cavabdeh Müəssisənin icra sənədindən məlumatı olmamışdır. Cavabdeh Müəssisə bu məsələni aydınlaşdırmaq üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə müraciət etdikdən sonra icra sənədini təmin etmişdir. İddiaçı pulu alsa da, yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 5.205 manat məbləğində pulun iddiaçıya 2023-cü ildə ödənilməsi cavabdeh Müəssisənin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bundan başqa, iddiaçı tikinti materiallarının və avadanlıqlarının qiyməti qalxdığından ona 7.000 manat maddi ziyanın dəyməsini bildirsə də, ona dəymiş ziyanı sübut edən heç bir mötəbər sübut təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamənin qanunda müəyyən edilmiş müddətdə icra olunmadığı təsdiq edilir. Rayon Məhkəməsi iddiaçının təqdim etməli olduğu sübutların nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Borclu Müəssisə icranı gecikdirdiyinə görə məsuliyyət daşıyır. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Əvvəlki apellyasiya baxışı iclaslarında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq iddiaçı sonuncu məhkəmə iclasında, cavabdeh Müəssisə isə bütün məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmiş, cavabdeh Müəssisə isə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Bu hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi 11 Apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
12. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7081/2021-002 saylı icra sənədinə xitam verilmişdir.
13. İşdə olan xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığından” görünür ki, 5.205 manat məbləğində pul Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür.
14. İşdə olan xx.xx.2022-ci il tarixli “İnkasso sərəncamından” və xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığından” görünür ki, "xxxx" Azərbaycan-X6 tərəfindən 5.205 manat məbləğində pul vəsaiti Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür.
15. Astara şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 379 nömrəli arayışdan görünür ki, iddiaçı, Astara rayonu, Kakalos kəndində qeydiyyatdadır. Hazırda ünvan 1 ünvanında yaşayır.
16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 852/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilinə və ordakı əşyalara vurulmuş maddi ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində olan ekspertiza xərcinin müştərək qaydada cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 1745/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4889/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi "xxxx" ASC-yə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, "xxxx" Azərbaycan-X3 kassasiya şikayəti təmin edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7081/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv edilmiş və iddia ona aid hissədə təmin edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7081/2021 saylı “İcra vərəqəsindən” görünür ki, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilinə və oradakı əşyalara vurulmuş maddi ziyana görə 5.205 manat məbləğində pul müştərək qaydada cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində olan ekspertiza xərci müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
20. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" Azərbaycan-X6 fəaliyyətini dayandırmışdır.
21. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli xarici valyutanın satışının banka həvalə edilməsi haqqında qərardan görünür ki, "xxxx" Azərbaycan-X3 hesabında olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyulmuşdur.
22. Məhkəmə tərəfindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-852/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilinə və oradakı əşyalara vurulmuş maddi ziyana görə 5.205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7081/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-852/2020 saylı qətnaməsi qismən, yəni cavabdeh "xxxx" ASC-yə aid hissədə ləğv edilmiş və iddia ona aid hissədə təmin edilməmişdir.
23. Həmin qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmiş və icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Müəssisə tərəfindən 5.205 manat məbləğində pul iddiaçıya ödənilmişdir.
24. Hazırda iddiaçı cavabdeh Müəssisədən pul vəsaitlərini saxlamaqla ona vurduğu 7.000 manat maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir.
25. Rayon Məhkəməsi hesab etmişdir ki, icra sənədinin icrasının gecikməsində cavabdeh Müəssisənin təqsiri olmamışdır. Belə ki, cavabdeh Müəssisənin icra sənədindən məlumatı olmamışdır.
26. Lakin Rayon Məhkəməsinin gəlmiş olduğu bu qənaət iş materialları ilə təkzib olunur.
27. Belə ki, Məhkəmə tərəfindən icra sənədinin verilməsinə əsas olmuş 2(103)- 7081/2021 saylı mülki iş materialları götürülərək tədqiq edilmiş və həmin iş materiallarından, habelə yuxarıda adıçəkilən qətnamələrdən müəyyən edilmişdir ki, həmin iş üzrə cavabdeh qismində "xxxx" MMC-nin adı çəkilsə də, məhkəmə proseslərində cavabdeh "xxxx" Azərbaycan-X3 nümayəndəsi iştirak etmiş, cavabdeh Müəssisə tərəfindən iddiaya etirazlar, məhkəmə aktlarından şikayətlər verilmiş, nəticə etibarilə cavabdeh Müəssisənin həm gedən məhkəmə proseslərindən, həm də iş üzrə qəbul edilmiş məhkəmə aktlarından, o cümlədən icra sənədinin verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7081/2021 saylı qətnaməsindən məlumatı olmuşdur.
28. Baş tutmuş bütün məhkəmə proseslərində iştirak etmiş cavabdeh Müəssisənin qətnamənin icrası mərhələsində icra sənədindən məlumatının olmamasına istinad edərək borcun ödənilməsinə görə iddiaçı qarşısında məsuliyyət daşımaqdan yayınması əsassızdır.
29. Ən əsası qeyd edilməlidir ki, yuxarıda qeyd edilən mülki işin materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə “sifarişçi” olaraq "xxxx" ASC ilə “podratçı” olaraq "xxxx" Azərbaycan-X6 arasında bağlanmış “Satınalan təşkilat və podratçı arasında işlərin dövlət satınalması haqqında” A1/CW/02/2014 saylı müqavilədən görünür, iddiaçıya məxsus evə zərər vurmaqla nəticələnmiş işlər "xxxx" Azərbaycan-X6 tərəfindən həyata keçirlmişdir.
30. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: (445.2.1.) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; (445.2.2.) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
35. 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Müəssisəyə qarşı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Lakin vurulmuş ziyanın məbləğinin 7.000 manat təşkil etməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
37. Mülki Məcəllənin 449-cu maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (maddə 449.1.). Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (maddə 449.2.). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 449.3.).
38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daha çox məbləğdə ziyan vurulması sübuta yetirilmədiyindən cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsinə görə iddiaçıya vurulmuş zərərin məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun hesablanmalıdır.
39. Məhkəmə həmçinin hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən zərərin əvəzi zərərin vurulmasına səbəb olmuş hadisənin baş verməsindən deyil, icra sənədinin icraya yönəldildiyi vaxtdan hesablanmalıdır. Çünki hazırki tələb pul öhdəliyinin gecikdirilməsindən irəli gəlir. Pul öhdəliyi Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək cavabdehin üzərinə məsuliyyət daşımaq öhdəliyinin qoyulması əsassızdır. Göründüyü kimi məhkəmə qətnaməsi əsasında iddiaçının tələbi də qismən təmin edilmişdir.
40. İcra sənədinin icraya yönəldiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən icra sənədinin icra edildiyi xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi bank uçot faiz dərəcəsi 8,5 % təşkil etmişdir.
41. Belə olan halda, iddiaçıya (5.205 x 8,5% x 1,33 il =) 588,42 manat zərər vurulduğu müəyyən edilir.
42. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən daha artıq zərərin vurulduğunu təsdiq edən sübutlar təqdim edilmədiyi üçün iddia qismən əsaslı hesab edilməli, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzi olaraq 588,42 manat cavabdeh Müəssisədən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. g) apellyasiya baxışının nəticəsi
43. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
44. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
45. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia və apellyasiya şikayəti qismən təmin edildiyindən və iddiaçı müharibə veteranı kimi dövlət rüsumunu ödəməkdən azad edildiyindən, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ümumi məbləğini təşkil edən 150 manatın (150 x 8,4 % =) 12,60 manat hissəsi cavabdeh Müəssisəyə aid edilməklə ondan Dövlət nəfinə tutulmalı, qalan 137,40 manat hissəsi isə Dövlət büdcəsinə aid edilməlidir.
47. Məhkəmə həmçinin bildirir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. İddianın təmin edilmiş hissəsi kassasiya şikayəti verməyə imkan verən həddə olmadığından cavabdeh Müəssisə hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
49. İddianın təmin edilməyən hissəsində iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan İddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
50. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Azərbaycan-X1rşı “pul öhdəliyinin icrasının gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 588 (beş yüz səksən səkkiz) manat 42 (qırx iki) qəpik məbləğində pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumlarının ümumi məbləğini təşkil edən 150 manatın 12,60 manat hissəsi cavabdehə, 137,40 manat hissəsi Dövlət büdcəsinə aid edilsin. Bu məqsədlə cavabdeh "xxxx" Azərbaycan-X2 12,60 (on iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti Dövlət nəfinə tutulsun. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh "xxxx" Azərbaycan-X6 tərəfindən kassasiya şikayəti verilə bilməz.