Məhkəmə qərarları › İş №2(103)-9165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9165/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9165/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-755/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 206 manat əsas, 2229,75 manat faiz borcu olmaqla, cəmi 2435,75 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan “Hyundai Veracrus” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq olduqda artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunacaq məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda əksik qalan borc məbləğinin cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 07.04.2008-ci il tarixli, A/25 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 18 ay müddətinə 25.400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-CB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Veracrus” minik markalı avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka olan əsas borcu 206 manat əsas, 2229,75 manat faiz borcu olmaqla, cəmi 2435,75 manat məbləğində təşkil edir. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-755/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-755/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin təmin edilməsi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından görünür ki, cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və nəticədə kredit müqaviləsi üzrə onun əsas borc üzrə 206 manat, faiz borcu üzrə 2229 manat olmaqla cəmi 2435,75 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilən məzmunda izahat verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-755/2021 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tələblər "xxxx" ASC tərəfindən İddiaçı QSC BOKT-a ötürülərkən müddət üzürlü səbəbdən ötürülmüşdür. Cavabdeh tərəfindən sonuncu ödəniş 18 iyul 2011-ci il tarixdə olmuşdur. Həmin müddətdən sonra qeyd olunan üzürlü səbəbdən məhkəməyə müraciət olunmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-755/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: A/25 saylı kredit müqaviləsindən və həmin tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 07.04.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən illik 18% olmaqla, 18 ay müddətinə 25.400 manat məbləğində kredit verilmiş və kreditin təminatı kimi 2007-ci il buraxılışlı “Hyundai Veracruz” minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq bildirişlərindən görünür ki, Cavabdeh (206 manat əsas, 2229.75 manat faiz) banka olan borcunu 10 (on) gün müddətində ödəməyi, ödəməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5764/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadı ilə, iddianın təmin etmə tədbiri qismində Cavabdeh məxsus olan “Hyundai Veracrus” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilmişdir. AZ DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 27.11.2020-ci il tarixli 109012- 1220 nömrəli məktubundan görünür ki, “Hyundai Veracruz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.08.2011-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Kollegiya hesab edir ki, məhkəmə Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən iddiaçının subyektiv hüququnun olub-olmaması və bu hüququn cavabdeh tərəfindən pozulubpozulmamasına qiymət verərək, 3 illik iddia müddəti keçdiyi üçün, iddianı təmin etməmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olan ipoteka müqaviləsi olmuş və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilərək, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, müqavilə üzrə öhdəliyin icra müddəti 07.10.2009-cu il tarixdə bitmişdir. Hətta cavabdeh tərəfindən sonuncu ödəniş 18.07.2011-ci il tarixdə olmuşdur. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 28.09.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia müddəti keçirildiyi üçün, ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)- 755/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar