Məhkəmə qərarları › İş №2(103)-9167/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9167/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9167/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdeh Bəşirova (Cəlilova) Kəmalə Nəriman qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 225/15 nömrəli qərardadından cavabdeh Bəşirova (Cəlilova) Kəmalə Nəriman qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)- 225/2015 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2011ci il tarixli, 8938 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh X1 9375 manat 32 qəpik məbləğində əsas, 1741 manat 27 qəpik məbləğində faiz, 2401 manat 57 qəpik məbləğində cərimə borcu, habelə məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, müvafiq ödənişin ipoteka ilə yüklü edilmiş “Nissan Murano” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac vasitəsilə satışı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh adı çəkilən qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, onun sözügedən qiyabi qətnamədən xəbəri olmamış, qətnaməni xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Bu səbəbdən qiyabi qətnamənin ləğv edilib işə onun iştirakı ilə yenidən baxılmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim T.Məmmədov, iş № 2(010)-225/15) ərizə təmin olunmamışdır. Cavabdeh Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 43 ünvanda qeydiyyatda olsa da faktiki olaraq Tovuz rayonunda yaşamış və məhkəmə iclasları barədə hər hansı məlumatı olmamışdır. Cavabdeh olduğu mülki işin materiallarında qiyabi qətnamənin alınması ilə bağlı hər hansı bir qəbz mövcud deyil. Cavabdeh şikayətinin əsası kimi istinad etdiyi halı sübut etmək üçün Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Qoylar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli akt təqdim etmişdir. Həmin akta əasən C.Sarıyev, N.Qəfərov, P.Ələkbərova, Y.Hüseynova və R.Cəfərov adlı şəxslər Cavabdeh həqiqətən 2014-2015-ci illər ərzində Tovuz rayon Qovlar şəhəri C.Cabbarlı küçəsi 10 saylı evdə yaşamasını təsdiq etmişlər. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilərək mülki iş, qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə ərizəyə yenidən baxılması üçün birinci insyansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarına nəzər saldıqda məlum olur ki, keçirilmiş məhkəmə iclaslarının, müvafiq qiyabi qətnamənin və digər sənədlərin cavabdehə göndərilməsi ilə bağlı bildiriş və ya göndəriş məktubları, müvafiq reyestr mövcud olsa da, həmin sənədlərin cavabdeh tərəfindən alınmasına dair heç bir rəsmi sənəd mövcud deyildir. Hakim hazırkı iş üzrə icraata başlamaq haqqında icra məmurunun qərarına istinad edir, lakin cavabdehin iştirakı ilə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə dair heç bir məlumat iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı saymır və qeyd edir ki, qiyabi qətnamənin, müvafiq məhkəmə iclas bildirişlərinin, həmçinin icraata başlamaq haqqında qərarın cavabdehə təqdim edilməsi barədə qərardadda qeyd edilənlər heç bir qanuni əsasa söykənməyən mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi qərardadda göndərilmiş sənədlərin geri qaytarılmamasına istinad etsə də, həmin sənədlərin çatdırılması ilə də bağlı heç bir sübutun olmaması məsələsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi müəyyən edildiyindən, qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə yenidən müzakirə olunması üçün Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 251-ci maddəsinə əsasən qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bəşirova (Cəlilova) Kəmalə Nəriman qızının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun, ona hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki iş, qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəyə yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar