Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9167/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(010)-844/2021 saylı qərardadından Cavabdeh tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-844/2021 saylı 05.02.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(010)- 844/2021 saylı qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-844/2021 nömrəli, 05.02.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-844/2021 nömrəli, 22.06.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-844/2021 saylı 05.02.2021-ci il tarixli qərardadı onun formal olaraq qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana göndərilmişdir. O, həmin qərardadı sonradan məhkəməyə müraciət edərək, 18 may 2021-ci il tarixdə almış və 21 may 2021-ci il tarixdə şikayət vermişdir. Hesab edir ki, qərardaddan şikayət verməsi üçün prosessual müddəti ötürməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(010)-844/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(010)-844/2021 saylı qərardadı rəsmi qaydada Cavabdeh 27.02.2021-ci il tarixdə (i.v. 88) verilsə də, həmin qərardaddan 21.05.2021-ci il tarixdə şikayət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Kollegiya cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığı, həmin ünvanda formal olaraq qeydiyyatda olması barədə dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22.-ci bəndinə əsasən fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Həmin Qaydaların 9.25-ci bəndinə əsasən fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar ünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Kollegiya hesab edir ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-844/2021 nömrəli, 05.02.2021-ci il tarixli qərardadından verilmiş şikayəti Azərbaycan Respublikası MPM-nin 268.1-cı maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülərək verildiyindən və müddətin bərpa olunmasına dair ərizə verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq geri qaytarılmışdır Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(010)-844/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(010)-844/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9167/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9167/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver