Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-917/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4301/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********200000) təbii qazdan istifadə ilə bağlı zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 14.027,24 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 2.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 335,72 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 5.İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Qətnamə qismən – iddianın rədd edilməsinə aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 7.Təbii qazdan sayğacdankənar istifadəyə görə 3 akt tərtib olunub: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 2) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2024-cü il tarixli ******* nömrəli akt. 8.Birinci akta əsasən 944,64 manat, ikinci akta əsasən 8.812,80 manat, üçüncü akta əsasən 4.406,40 manat, cəmi 14.163,84 manat zərər (itirilmiş qazın dəyəri) hesablanıb. İddiaçı iddia edir ki, ödənilməli olan borcun məbləği 14.027,24 manat təşkil edir. 9.Birinci akta əsasən 944,64 manat zərər hesablansa da, birinci instansiya məhkəməsi zərərin məbləğinin 472,32 manat olduğunu, onun 136,60 manatının ödənildiyini, qalıq borcun 335,72 manat təşkil etdiyini müəyyən edib. İşin bu halı qətnamədə düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. 10.İkinci və üçüncü aktlara əsaslanan tələblər düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd olunub. Belə ki, “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd olunub: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...”. Bu müddəa “Qaz təchizatı haqqında” Qanuna sonradan edilmiş dəyişiklikdir və dəyişikliyi nəzərdə tutan Qanunun xx.xx.2022-ci ildə qüvvəyə minib. İddiaçı İB-nin tərtib etdiyi, yuxarıda qeyd olunan iki akt dəyişikliyin qüvvəyə minməsindən sonra tərtib olunub, lakin dəyişikliyin tələblərinə əməl edilməyib. 11.“Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd olunan “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” deyiləndə AR Energetika Nazirliyi nəzərdə tutulur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Energetika Nazirliyinə aiddir. 12.AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Lakin qazın talanmasında cavabdehin təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Buna səbəb isə İddiaçı İB-nin qanunvericiliyin tələbinə, yəni ”Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin göstərişinə əməl etməməsi olub. Bu maddədən görünür ki, istehlakçının qazın talanmasında təqsirli olması Energetika Nazirliyinin müvafiq qurumunun və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması şərti kimi əvvəlcə təqsirin məhz həmin qanunda göstərilən qaydada müəyyən edilməsi tələb olunub. Odur ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. 13.Cavabdeh apellyasiya icraatı zamanı izahatında bildirib ki, aktlarda qeyd olunan sayğacdankənar boru 2015-ci ilə qədər mövcud olub, 2015-ci ildə Nardaranda baş verən məlum hadisələrdən sonra onun evinə sayğac quraşdırılıb, aktlarda qeyd olunan boru isə şəbəkədən ayrılıb, borunun çıxacağına ağacdan tıxac vurulub və 2015-ci ildən sonra istifadəsiz qalıb. Odur ki, cavabdehə aid ünvanda sayğacdankənar qaz borusunun olması faktı öz-özlüyündə qazın talanmasında cavabdehin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin qaz borusu qeyri-işlək vəziyyətdə ola bilər və s. Məhkəmə evi deyil, şəxsi mülki məsuliyyətə cəlb edir. Odur ki, qazın talanmasında təqsirli şəxs müəyyən olunmalıdır. 14.Bundan başqa, AR Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bu kimi hallarda İddiaçı İB-nin əməkdaşları tərəfindən ”Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsinin göstərişinə əməl edilməməsi zərərin yaranmasına və artmasına şərait yaradır. 15.Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 16.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4301/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-917/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-917/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver